ADY Çindən yeni qatarlar alır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti ilə dörd yeni elektrik sərnişin qatarının alınmasına dair müqavilə imzalayıb.
ADY sədri Rövşən Rüstəmovun sözlərinə görə, yeni qatarların alınması 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarının mərhələli bərpasına, həmçinin Bakı–Xankəndi marşrutunun istifadəyə verilməsinə imkan yaradacaq.
ADY-nin məlumatına görə, müqaviləni şirkətin sədri Rövşən Rüstəmov və “CRRC Zhuzhou Locomotive” şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.
Rüstəmov bildirib ki, yeni qatarlar müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq.
Müqaviləyə əsasən, hər qatar yeddi vaqondan ibarət olacaq, uzunluğu təxminən 135 metr təşkil edəcək. Qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr olacaq. Hər bir qatarda 434 oturacaq nəzərdə tutulub və sərnişinlərə birinci, biznes və standart siniflər təqdim ediləcək. Qatarların iki il ərzində təhvil verilməsi planlaşdırılır.
ADY-nin bildirdiyinə görə, yeni marşrutların istifadəyə verilməsi regionlararası nəqliyyat əlaqələrinin gücləndirilməsinə, əhalinin təhsil, səhiyyə və məşğulluq imkanlarına çıxışının asanlaşdırılmasına, həmçinin daxili turizmin və yerli sahibkarlığın inkişafına şərait yaradacaq. Mincivan və Xankəndi istiqamətlərində dəmir yolu əlaqələrinin genişləndirilməsi Qarabağ və Şərqi Zəngəzurun ölkənin nəqliyyat şəbəkəsinə inteqrasiyasına da xidmət edəcək.
ADY bu ilin iyununda Çinin “CRRC Ziyang” şirkəti ilə dörd magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə imzalayıb. Ötən ay isə Çindən yeddi yük lokomotivi təhvil alınıb. Növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması nəzərdə tutulur.
Bundan əlavə, 2025–2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində 20 sərnişin qatarının və rayonlararası marşrutlarda istifadə üçün 50 yataq tipli sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri müzakirə olunur, xarici şirkətlərin təklifləri qiymətləndirilir.