Mərkəzi Bank kart əməliyyatları üzrə limitləri dəstəkləyir — Kazımov
Azərbaycan Mərkəzi Bankı bank sektorunun kartlara gündə beş mədaxil əməliyyatı, aylıq 20 min manat dövriyyə və bir məhsul üzrə bir kart limitinin tətbiqi ilə bağlı yanaşmasını dəstəkləyir. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cümə axşamı mətbuat konfransında bildirib.
Kazımovun sözlərinə görə, bu yanaşma bankların öz razılaşmasına əsaslanır və müştərinin müraciəti əsasında limitlərə fərdi qaydada yenidən baxılması mümkündür.
“Ümumən bu qərarı həm şəxsən olaraq, həm də Mərkəzi Bank olaraq biz dəstəkləyirik”, — o deyib.
Kazımov bildirib ki, bankların əvvəllər fərqli yanaşmalar tətbiq etməsi rəqabətlə bağlı problemlər yaradırdı. Onun fikrincə, sektorun ortaq mövqeyə gəlməsi müsbət addımdır.
Mərkəzi Bank sədrinin açıqladığı rəqəmlərə əsasən, kartdan-karta köçürmələrin həcmi ötən il 66 milyard manat, bu ilin avqustunadək isə 48 milyard manat təşkil edib. Kazımov bu dövriyyənin yalnız ailə üzvləri və dostlar arasında köçürmələrlə izah olunmadığını bildirib.
Onun sözlərinə görə, əməliyyatların bir hissəsi qeyri-leqal ticarət və qanunsuz mərc fəaliyyəti ilə bağlıdır. Belə əməliyyatların təhlili və onlar üzrə hesabatların hazırlanması banklardan əlavə resurs tələb edir.
Kazımov əməkhaqqı və pensiya ödənişlərinin gündəlik beş mədaxil limitinə daxil olmadığını bildirib. O əlavə edib ki, daha yüksək dövriyyəyə və ya əlavə karta ehtiyacı olan müştərilər səbəbini izah etməklə banka müraciət edə bilərlər.
“Limitlər müəyyən olunub, amma həmçinin də qapıları açıq saxlayıblar ki, gəlin müraciət edin, izah eləyin”, — Kazımov deyib.
N.Təbrizli