Mərkəzi Bank Bank Melli İran-a yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
Azərbaycan Mərkəzi Bankı sanksiyalar altında olan Bank Melli İran-ın ölkədə fəaliyyət göstərən filialına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cümə axşamı mətbuat konfransında bildirib.
“Hər hansısa yeni məhdudiyyətlər qoymaq planımız yoxdur. Bank Mərkəzi Bankın tələblərinə, həmçinin ölkənin qanunvericiliyinə riayət edir”, — Kazımov deyib.
Onun sözlərinə görə, Bank Melli İran-ın Azərbaycan bank bazarında payı müxtəlif göstəricilər üzrə 1%-dən aşağıdır. Bank uzun illərdir sanksiyalar altında olmasına baxmayaraq, ölkədə fəaliyyətini davam etdirir.
Kazımov ABŞ-da bankın filiallar şəbəkəsi ilə bağlı müzakirələrdən xəbərdar olduğunu, lakin hazırda Azərbaycandakı filialla bağlı hər hansı tədbirin nəzərdə tutulmadığını bildirib.
“Nəzarətimizdədir, digər banklar kimi onları da təftiş edirik”, — o deyib.
Kazımov əlavə edib ki, uzun müddətdir Azərbaycan bazarında fəaliyyət göstərən bankın işində Mərkəzi Bank ciddi problem görmür.
N.Təbrizli