Mərkəzi Bank rəqabəti artırmaq üçün bankların birləşməsini təşviq etməyə hazırdır
Azərbaycan Mərkəzi Bankı daha güclü maliyyə institutlarının yaranması və rəqabətin artması məqsədilə bankların birləşməsi və satınalmalarını dəstəkləyir və bu prosesləri təşviq etməyə hazırdır. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cümə axşamı mətbuat konfransında bildirib.
Kazımovun sözlərinə görə, bank sektorunda iki-üç böyük bankın mövcudluğu fonunda səmərəli konsolidasiya digər iştirakçıların rəqabət imkanlarını gücləndirə bilər.
“İki bank birləşib və ya daha çox bank birləşib daha güclü maliyyə institutu yaranırsa, sözsüz ki, biz bunu dəstəkləyirik”, — o deyib.
Kazımov bildirib ki, informasiya texnologiyalarına və rəqəmsallaşmaya tələb olunan investisiyalar kiçik bankların rəqabət aparmasını çətinləşdirir. Onun fikrincə, belə şəraitdə səmərəli birləşmə və ya satınalma uğurlu çıxış yoludur.
Mərkəzi Bank sədri konsolidasiyanın maliyyə dayanıqlığını gücləndirməli olduğunu vurğulayıb.
“İki problemli bankı birləşdirməklə böyük problem yaranır. Ona görə biz belə konsolidasiyaya tərəfdar deyilik”, — Kazımov deyib.
O, bu il ABB-nin BTB-nin aktiv və öhdəliklərinin bir hissəsini götürdüyünü bildirib. Kazımovun sözlərinə görə, hazırda bu il üçün başqa belə bir plan yoxdur, gələn il yeni proseslər olarsa, məlumat veriləcək.
N.Təbrizli