Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Deputat Erkin Qədirli “Maraqların toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı “vicdan” anlayışının qanunvericilikdə tərifinin verilməsini mümkün hesab etmədiyini açıqlayıb.
“Bizim müxtəlif qanunvericiliyimizdə vicdan sözü keçir, çoxsaylı nümunələr var. Amma heç yerdə onun anlayışı açılmır, tərifi yoxdur. Bu, qanunvericilikdə boşluq anlamına gəlmir, hüququn özünün mahiyyətindən doğan və qanunvericinin məqsədli şəkildə boş buraxdığı bir anlayışdır”, - Qədirli deyib.
Deputat vicdanın situativ anlayış olduğunu, həyat və insanların baxışları dəyişdikcə onun təzahürlərinin də dəyişə biləcəyini bildirib.
“Belə şeyləri qanunvericilikdə nizamlamaq, onun təsbitini vermək mümkün deyil”, - o əlavə edib.
Qədirli layihədə ideologiya məsələsinə toxunulmasının konstitusion hüquqlarla ziddiyyət yarada biləcəyini də qeyd edib.
“İfadə azadlığı, o cümlədən ideologiya, dini və dünyəvi seçmək azadlığı vətəndaşın konstitusion haqqıdır”, - deputat bildirib.
O, hüquqla mənəviyyat arasında sıx əlaqənin olduğunu, lakin bu sahələrin bəzən fərqli və barışmaz mövqelər ortaya qoya bildiyini vurğulayıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox