Rəsulzadənin 130 illik yubileyi Ankarada da qeyd edilib

01:13 | 01.02.2014
Rəsulzadənin 130 illik yubileyi Ankarada da qeyd edilib

Rəsulzadənin 130 illik yubileyi Ankarada da qeyd edilib

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankarada silsilə tədbirlər keçirilib.

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin rəhbərliyi ilə Türkiyə paytaxtında səfərdə olan nümayəndə heyəti M.Ə.Rəsulzadənin Ankaradakı Cəbəci Asri məzarlığında keçirilən mərasimdə iştirak edib. 

Mərasimə toplaşanlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının dövlət qurumları adından M.Ə.Rəsulzadənin səfirliyimiz tərəfindən yenicə abadlaşdırılmış məzarının önünə əklillər qoyulub.

V.Əliyev mərasimdəki çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə M.Ə.Rəsulzadənin yubileyi çərçivəsində ölkəmizdə keçirilən tədbirlər haqqında məlumat verib, Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan görkəmli şəxsiyyətin xatirəsinin Azərbaycan və Türkiyə xalqlarının qəlbimdə yaşadığını deyib. 

Azərbaycanın Türkiyədəki səfirliyində Milli Məclisin deputatları Yaqub Mahmudov, Sabir Rüstəmxanlı, Aqil Abbasov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Mübariz Qurbanlı, diplomatlarımız və tələbələrin iştirakı ilə yubiley tədbiri davam edib. 

Mərasimdə çıxış edənlər Azərbaycan Demokratik Respublikasının keçdiyi tarixi şərəfli yoldan danışıblar.

Professor Yaqub Mahmudov M.Ə.Rəsulzadənin fəaliyyəti, Azərbaycanın həmin dövrdə bolşevik-daşnak dəstələrinə qarşı mübarizəsi, Qafqaz İslam ordusunun xalqımıza yardımı və digər tarixi faktlar barədə çıxış edib.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM