Rəsulzadənin doğum tarixi ilə bağlı YENİ FAKT

16:53 | 27.11.2013
Rəsulzadənin doğum tarixi ilə bağlı YENİ FAKT

Rəsulzadənin doğum tarixi ilə bağlı YENİ FAKT

"Modern.az" saytı əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü, Avropa Azərbaycan Məktəbinin kafedra müdiri Nazim Nəsrəddinovun "Rəsulzadənin gerçək doğum tarixi - Yeni tapılmış sənədlər Məhəmməd Əmini düz 1 ay cavanlaşdırır" məqaləsini təqdim edib. Məqalədə maraqlı faktların səsləndirilməsi səbəbilə onu ANN.Az oxucularına da təqdim edirik:

"Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalmış, ondan nadir hallarda istifadə olunmuşdur. Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii-fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli, faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləyir. Arxivdə maarifçılık və dil materiallarına aid sənədlər üzırində işləyərkən, görkəmli maarifçı din xadimlərinin həyat və yaradıcılığını öyrənərkən Rəsulzadə soyadına rast gəldim. Rəsul adı mənə doğmadır: babamın da, oğlumun da adı Rəsuldur. Diqqətimi cəlb edən bu soyadla bağlı sənədlə tanış oldum. Məlum oldu ki, orada söhbət Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Məhəmməd Əmin Rəsulzadənin atasından gedir.

Materiallarla tanışlıq üçün arxivə sifarış verdim: 290 nömrəli fond, saxlama vahidi -2266. Cəmi 10 səhifədir. Lakin bu səhifələrdə yatan məlumat tariximiz üçün əvəzciz mənbədir. Rus dilində yazılmış sənədlər toplusunun tərcüməsi belədir:

Bakı Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA (O, həm də AXUND HACI MOLLA ƏLİ ƏKBƏRDİR) RƏSULZADƏNİN FORMULYAR SİYAHISI

17  mart 1901-ci ildə tərtib olunmuşdur.

Formulyar siyahıdan məlum olur  ki, Molla Hacı Ağa (Axund Hacı Molla Əli Əkbər)  Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. 

Formulyar siyahıda Axund Molla Hacı Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var: Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü-evi və həyəti var. Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var.

Bakıda ev tərbiyəsi və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).  

Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub. Elə həmin qubernatorun  2 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub.

Formulyar siyahıda Axund Hacı Molla Ağanın ailə vəziyyətindən də danışlır: arvadı Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ ZAL qızıdır.

Oğlu MƏHƏMMƏD ƏMİN 29 fevral 1884-cü ildə, Qızı Şəhrəbanu isə 9 sentyabr 1888-cı ildə anadan olub.

Maraqlıdır ki, M.Ə.Rəsulzadənin təvəllüdü bütün mənbələrdə 31 yanvar 1884-cü il göstərilir. Aşkarladığımız yeni sənədlər, yəni Məhəmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olmağı faktı Azərbaycan Demokratik Respublikası Milli Şurasının sədrini düz bir ay cavanlaşdırır.

Deməli, Məhəmməd Əmin Rəsulzadə 29 fevral 1884-cü il tarixində Bakının Novxanı kəndində doğulub, 6 mart 1955-ci il tarixində isə Rüekiyənin paytaztı Ankarada vəfat edib.

M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub. Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini, Sarıtorpaq məhəlləsinin 48 yaşlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür. O, müəllimlik attestatı (diplomu yox-N.N.) almaq niyyətilə Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsində imtahan verir. Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3  nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa idi. Onun Axund Hacı Molla Əli Əkbər adını da yadda saxlayın".  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM