Rəsulzadənin şəxsi həyatının sirləri - FOTO

15:20 | 25.11.2013
Rəsulzadənin şəxsi həyatının sirləri - FOTO

Rəsulzadənin şəxsi həyatının sirləri - FOTO

Aydın Balayev

Tarix elmləri doktoru

 

Məmməd Əmin Rəsulzadə fikrini nə qədər Azərbaycan idealı uğrunda mübarizəyə yönləndirsə də, öz şəxsi problemləri onu narahat etməyə bilməzdi.  Ələxsus da doğmalarının taleyi. Çünki onun yaxınları faktiki olaraq bolşevik rejiminin girovuna çevrilmişdilər. Düzdü, onun bir çox silahdaşlarının fikrincə, Rəsulzadə öz ailəsinin problemlərini camaat içində müzakirə etməyi sevməyib. Bundan başqa, o, bu mövzuda olan istənilən danışıqların üstündən sərt formada keçərmiş və öz yoldaşlarına mühacir kimi fəaliyyət göstərdiklərini xatırladaraq, deyərmiş ki, "onlar şəxsi yox, milli mübarizə aparırlar". Bütün bunlarla yanaşı o, çox gözəl dərk edirdi ki, silahdaşları onun şəxsi problemləriylə yalnız onun dərdinə həyan olmaqçün maraqlanırdılar və ailəsi ilə ayrılıqdan dolayı ağrıları az da olsa yumşaltmağa və onu dəstəkləməyə çalışırdılar.

Sözsüz, bu, heç də o demək deyil ki, onu doğmalarının və yaxınlarının taleyi maraqlandırmırdı. Əslində bu, M.Ə.Rəsulzadənin xüsusi qoruyucu reaksiyası idi. O, hətta doğmalarıyla ayrılıqdan dolayı öz şəxsi həyəcanlarını və hisslərini göstərməyi sevməzdi. Hətta yaxın adamlarına belə ...

Bundan başqa, o, mühacirətdə olan yoldaşlarının onsuz da ağır həyatını öz şəxsi problemləriylə yükləmək istəmirdi. Ailəsiylə bağlı həyəcanlarını M.Ə. Rəsulzadə yalnız bir neçə şəxslə bölüşüb.  Onlardan biri Ceyhun Hacıbəyli olub.  Bu iki şəxsiyyət arasındakı yazışmalar göstərir ki, Rəsulzadə öz doğmalarını bolşevik əsarətindən qurtarmaq üçün həmişə yollar axtarıb. Bu məktublara əsaslanaraq demək olar ki, Rəsulzadə İstambula ilk dəfə ayaq basdığı andan öz ailəsinin ora gətirilməsi üçün bütün əziyyətlərə qatlaşıb.

 

Qeyd etmək lazımdır ki, 1929-cu ilə - SSRİ-də güclü poçt senzurasının tətbiq edilməsinə qədər M.Ə. Rəsulzadə Bakıda olan doğmalarıyla mütəmadi olaraq yazışıb. O, vaxtaşırı  Bakıdakıların vəziyyəti haqqında informasiya alıb, ailəsində baş verən bütün hadisələrdən xəbərdar olub və onların vəziyyətinin azca da olsa yüngülləşdirilməsi üçün maddi dəstək göstərib. 

1924-cü il yanvarın 16-da Ceyhun Hacıbəylinin Fransadan Türkiyəyə köçmək təklifini dəstəkləyən M.Ə. Rəsulzadə yazıb: "Sizin bura köçmək barədə qərarınız çox vacibdir, ələxsus da uşaqların tərbiyə edilməsi nöqteyi-nəzərindən. Mən də ailəmi bura gətirmək istərdim. Baxaq, görək bu, mümkün olacaqmı? Mənim uşaqlarım bu yazda malyariya xəstəliyi keçirdilər. Həyat yoldaşım isə ürəyindəki ağrılardan əziyyət çəkirdi – indi bir az vəziyyəti düzəlib. Sizin uşaqlarınız əcnəbi tərbiyə alacaqlar, hərçənd çox mədəni tərbiyədir. Mənim uşaqlarımın hansı tərbiyə aldıqları isə məlumdur…"

Bu məktubun məzmunundan göründüyü kimi, M.Ə. Rəsulzadəni daha çox narahat edən Azərbaycanda qalmış uşaqları lazımi tərbiyə ala bilməmələri olub. 

1924-cü il martın əvvəlində Ceyhun Hacıbəyliyə təkrar yazdığı məktubunda o, yenidən qeyd edir ki, ailəsinin köçürülməsinə nail olmaq onun qarşısında duran ən vacib məsələdir və ilk fürsətdəcə bunu həyata keçirməyə çalışacaq. Rəsulzadə  24 noyabr 1924-cü il məktubunda bir daha vurğulayır  ki, "ailəmi bura gətirmək istərdim. Amma hələ ki buna dair heç bir nəticə yoxdur. Yazıqlar, çox darıxırlar orda. Mən də burda narahat oluram".

 

1925-ci ilin əvvəllərində Rəsulzadənin müəyyən ümidlər yaranmışdı ki, ailəsi ilə qovuşmaq məsələsi öz həllini tapacaq. Bu, 1925-ci ilin fevral ayında Rəsulzadənin Ceyhun Hacıbəyliyə göndərilmiş məktubunda öz təsdiqini tapıb. Rəsulzadə həmin məktubunda qeyd edir ki, “tezliklə ailəmin bura gəlməsi üçün imkan yaranacaq. Baxaq, görək nə olur».

Lakin çox tezliklə aydınlaşdı ki, bolşevik hakimiyyəti M.Ə. Rəsulzadənin əzizlərini ölkədən kənara buraxmaq fikrində deyil. Çünki ailə Rəsulzadəyə təsir etmək üçün çox səmərəli vasitə idi və bolşeviklər M.Ə. Rəsulzadəyə bu təsir vasitəsindən könüllü imtina etməyə hazırlaşmırdılar. M.Ə. Rəsulzadənin 19 iyul 1925-ci ildən göndərdiyi məktubdan göründüyü kimi, onun xanımı Ümmül-banu belə xahişlə müvafiq orqanlara bir neçə dəfə müraciət edibmiş, amma hər bir orqan ondan ya imtina edərmiş, ya da ona gözləməyi məsləhət görərmişlər.

Təəssüf ki, M.Ə. Rəsulzadənin bu istiqamətdə olan bütün səyləri səmərəsiz olmuşdur, çünki bolşevik rejimi ailə üzvlərini Rəsulzadəyə qarşı təzyiq vasitəsi kimi saxlayırdı. Sovet rejiminin başçılarına aydın olanda ki, nə razılaşmalar, nə də təzyiqlər Rəsulzadəyə təsir etmir və o, xarici ölkədə əd öz aktiv siyasi fəaliyyətindən imtina etmək fikrində deyil, onda ailənin taleyi həll olundu.

30-cu illərin repressiyasında Rəsulzadə ailəsinin demək olar ki, bütün üzvləri məhv edildi. Stalin cəlladları hətta onun 70 yaşlı ögey anası – Maral xanıma da rəhm etmədilər, halbuki Maral xanım "xalqlar atasını" dəfələrlə yedirdib-içirtmiş, ona Novxanıdakı evində sığınacaq vermişdi.

20-ci illərin sonlarında M.Ə. Rəsulzadə hələ də ümid edirdi ki, öz əzizlərini bolşevik rejiminin caynaqlarından xilas etməyi bacaracaq. Məsələn, 10 avqust 1928-ci ildə o, Ceyhun Hacıbəyliyə məktubunda öz qohumlarının taleyindən nigaran olması hissinı bölüşür və eyni zamanda xəbər verirdi ki, onların İstambula gəlməsi üçün əlindən hər nə gəlirsə edir. O, yazışmadan aydın olur ki, Rəsulzadə ailəsinin ağır maddi durumundan şikayətlənən qızından məktub alıb və qızı pul göndərilməsini xahiş edir. 

Rəsulzadənin sözlərinə görə, nə pulu vardısa, hamısını elə o dəqiqə Bakıda yaşayan ailəsinə göndərib. Bu, Rəsulzadənin ən son məktublarından biriydi ki, orda ailəsinin probleminə toxunurdu.

Rəsulzadə üçün daha bir zərbə onun atası Hacı Ələkbər Rəsulzadənin ölümü olmuşdu. Bu barədə informasiya "Yeni Kafkasya" jurnalının 15 mart 1927-ci il tarixli sayında dərc edilmişdir. Bu hadisəylə əlaqədar dərc edilmiş nekroloqda qeyd edildiyi kimi, hakimiyyətin təzyiqinə baxmayaraq, həmyerliləri Rəsulzadənin atasını böyük ehtiramla son mənzilə yola salmışdılar. Hətta əksəriyyət onun dəfnində iştirak etmək üçün dükanları da bağlamışdı. Halbuki bolşevik hakimiyyəti, xüsusi halda OQPU qabaqcadan insanları xəbərdarlıq etmişdi ki, nəinki dəfndə iştirak etmək, hətta dərdə şərik olmaq və ya başsağlığı vermək də rejimə qarşı düşmən münasibətin sərgilənməsi kimi qəbul ediləcək. Bununla belə, Novxanı sakinlərinin böyük əksəriyyəti mərhum Hacı Ələkbər Rəsulzadəyə ehtiram göstərməyi öz borcları hesab etmişdilər.

Atasının ölümü ilə əlaqədar Ceyhun Hacıbəylinin verdiyi başsağlına görə təşəkkürünü bildirən Rəsulzadə 12 aprel 1927-ci il məktubunda yazır: "Hərçənd atam artıq yaşlı olsa da, onun kədərli köçü qəriblikdə məni çox kədərləndirdi. Bədbəxt, hətta həyatın son dəqiqələrində belə, bu ayrılıqdan danışaraq gözlərini əbədi olaraq yumdu". Bununla belə, o, əminliyini ifadə edir ki, "bizim yeganə təskinliyimiz yalnız Rəsulzadənin Vətənin düşmənlərdən qurtuluşuna yönəlmiş fəaliyyət ola bilər, bu halda, atam hətta ölərək də təskinlik tapmadı".

Lakin Stalinin repressiya maşını onun  doğmalarını məhv etsə də, nə əzizlərinin taleyi, nə vətən dərdi, nə də sovet xüsusi xidmət orqanları tərəfindən izlənməsi Rəsulzadənin bütün ömrü boyu Azərbaycanın müstəqilliyinə olan inamını, iradəsini və qərarlılığını sındıra bilmədi. Əksinə, Rəsulzadənin payına düşən bütün bu, qeyri-insani sınaqlar onda bir daha seçilmiş yolun düzgünlüyünə olan inamı möhkəmləndirirdi. Buna görə də o, belə hesab edirdi ki, bütün bunlar nəticə etibarilə sonda Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsiylə nəticələnəcək. Ən azından, Rəsulzadənin emiqrasiya dövründə bütün qaynar fəaliyyəti sübut etdi  ki, o, bir saniyə də olsun bu idealın reallaşdırılmasına şübhəylə yanaşmırdı. Və onun bütün səyləri məhz bu istiqamətdə idi.

P.S. Məqalədə Aydın Balayevin Moskvada dərc edilmiş, "Rəsulzadə - yad sahillərdə" kitabından götürülmüş materiallardan istifadə edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM