Sabahdan Azərbaycan ərazisində hava sabitləşəcək

15:59 | 14.07.2014
Sabahdan Azərbaycan ərazisində hava sabitləşəcək

Sabahdan Azərbaycan ərazisində hava sabitləşəcək

Sabah gündüzdən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, sonrakı günlərdə ölkə ərazisində havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu iyulun 16-17-də bu günlərlə müqayisədə 3-5 dərəcə yüksək olacaq. İyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində dəniz suyunun temperaturu 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 25-26 dərəcə isti təşkil edəcək. İyulun 15-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir. İyulun 16-17-də isə zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında gözlənilən isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM