Şadlıq evlərində qiymətlər enəcəkmi? - AÇIQLAMA

16:05 | 13.11.2014
Şadlıq evlərində qiymətlər enəcəkmi? - AÇIQLAMA

Şadlıq evlərində qiymətlər enəcəkmi? - AÇIQLAMA

Toy və digər şənliklərdə israfçılıq hallarına qarşı bir qədər əvvəl başlanan mübarizə şadlıq evlərində qiymətlərin enməsinə səbəb olmayacaq. Bu barədə fins.az-a Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Novruz Quliyev bildirib.

 

Şadlıq evlərinin standart paketləri

Qeyd edək ki, şadlıq evlərində  israfçıılıq halları ictimaiyyətin diqqət mərkəzindədir. Söhbət şadlıq evləri tərəfindən müştərilərə standart menyu paketlərinin təqdim etməsidir. Müştərilər bu menyulara dəyişiklik edə bilmədiklərinə görə, istəmədikləri qida məhsullarını da sifariş etməli olurlar. Nəticədə, toy və şənlikərdə qida məhsullarının istifadəsində böyük israfçılıq baş verir, eləcə də şadlıq evlərinin xidmət haqlarının yüksək olur.

 

Nazirlik əhalinin tərəfini saxladı

Bir qədər əvvəl bu məsələ ictimaiyyətin diqqətinə çıxdıqdan sonra İqtisadi İnkişaf Nazirliyi də əhaliyə müraciət edərək onlara istehlakçı huquqlarını xatırladıb. Nazirlik istehlakçılara xatırladıb ki,  onların malları və xidmətləri sərbəst seçmək hüquqları var. " Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir"-deyə nazirliyin müraciətində deyilirdi. Başqa sözlə, əhaliyə izah olundu ki, şadlıq evlərində təqdim edilən menyudan onlara lazım olmayana qidaları çıxarmaq hüququ var.

Menyunu 2-3 dəfə qısaltmaq olar

Mütəxəssislər hesab edir ki, müştərilər öz seçimlərində sərbəst olsalar. şadlıq evlərində təklif edilən menyunu 2-3 dəfə qısaldarlar. Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Novruz Quliyev fins.az-a bildirib ki, şadlıq evlərində  təklif edilən menyular nə əhalinin iqtisadi imkanlarına, nə də fiziki ehtiyaclarına uyğun gəlmir: "Şadlıq evlərində əhalinin sosial vəziyyətini nəzərə almayaraq hamıya eyni menyu və eyni qiymətlər təklif edirlər". Onun sözlərinə görə, hazırda şadlıq evlərindəki standart menyularda 40-a yaxın yemək, salat və digər qidalar yer alır ki, bu da həddən artıq çoxdur: "Məncə, adi insanın yemək tələbatını hesablasaq məclisdə masaya 5-10 yemək verilməsi kifayət edər". Başqa sözlə, menyu 2-3 dəfə qısalmalıdır.

"Amma qiymətlər enməyəcək"

Amma mütəxəssisin sözünə görə, menyunun azalması qiymətlərin enməsinə səbəb olmayacaq: "Hətta müştəri menyuda nəzərdə tutulan yeməklərin sayını 2-3 dəfə azaltsa da bu o demək deyil ki, şadlıq evləri qiymətləri elə o qədər azaldacaq". N.Quliyev bildirir ki, qanunla sahibkarın öz xidmətlərinə qiymət təyin etmək hüququ var: "Onlar isə ya əvvəlki qiyməti cüzi dəyişəcəklər, ya da ümumiyyətlə dəyişməyəcəklər. Nəticədə müştərilər əvvəlki qiyməti ödəməli olacaqlar".  N.Quliyevin sözlərinə görə, şadlıq evlərində qiymətlərin aşağı salınmasının ən yaxşı yolu, məclis sahiblərinin daha aşağı qiymət təklif edən obyektlərə üz tutmasıdır: "Bunu görən "bahalı" şadlıq evləri də müştərilərini itirməmək üçün qiymətlərini aşağı salmalı olacaqlar".

Qeyd edək ki, hazırda Bakının şadlıq evlərində toy şənlikləri üçün qiymətlər adambaşına 25-300 manat arasında dəyişir. Əksər şadlıq evlərində qiymətlər adambaşına 40-80 manat arasındadır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM