"Şahdəniz-2" üzrə işlərin 80%-i tamamlanıb" - Rövnəq Abdullayev

10:13 | 20.09.2016

"Şahdəniz-2" üzrə işlərin 80%-i tamamlanıb" - Rövnəq Abdullayev

"Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Son 10 il ərzində Azərbaycanda qaz hasilatı 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatıb".

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.
 
Onun sözlərinə görə, indiyədək "Şahdəniz" yatağından təxminən 75 mlrd. kubmetr qaz, 19 mln. ton kondensat hasil olunub: "Ötən il 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat çıxarılıb. İstismar dövrünün başlandığı 2006-cı ildən 2016-cı il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 milyard kubmetrə yaxın qaz, təxminən 18,8 milyon ton kondensat nəql edilib. Hazırda mövcud "Şahdəniz” qurğularının hasilat gücü gündəlik 29,5 milyon kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetr təşkil edir. Bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 milyard kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcəkdir. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və "Səngəçal" terminalının genişləndirilməsi işləri həyata keçirilir".
 
R. Abdullayev qeyd edib ki, cari ilin birinci yarısında "Şahdəniz-2" layihəsi üzrə işlər uğurla davam etdirilib. Hazırda layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 80%-ə qədəri tamamlanıb və ilk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə "Heydər Əliyev” və "İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb