Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

20:39 | 22.05.2023
Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşüb.

Milli Məclisdən bildirilib ki, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Bakıda Milli Məclisin ATƏT-in Parlament Assambleyası ilə birgə təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün vacib əhəmiyyətə malik məsələləri müzakirə etmək üçün mühüm bir tədbir olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova konfransın çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, deyib ki, təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Görüşdə spiker Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar işğalçılar tərəfindən dağıdılıb.
 
Ermənistan Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. Azərbaycan 30 il ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan işğalın qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib. Spiker qeyd edib ki, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. O, deyib ki, Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməli, siyasi iradə nümayiş etdirərək, iki ölkə arasında sülh sazişinin imzalanmasında əməli addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Bununla belə, spiker xatırladıb ki, Ermənistan müxtəlif yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Sahibə Qafarova, o cümlədən, Ermənistanın guya Laçın yolunun bağlanması haqqında iddialarının tamamilə həqiqətdən uzaq olduğunu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bildirib.

Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz dogma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük qayıdış proqramına start verilib. Spiker görüşdə diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə ən böyük əngəldir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.

Spiker Sahibə Qafarova xatırladıb ki, sabah konfrans iştirakçıları Zəngilana səfər edəcək. Onlar həm Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıntıları öz gözləri ilə görəcək, həm də işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji" konsepsiyalarına uyğun aparılan yenidənqurma işləri ilə yerində tanış olacaqlar.

ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt, göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Bakıda tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın çox vacib məsələlərə həsr olunduğunu qeyd edib. Bildirib ki, hazırda dünyanı narahat edən əsas çağırışların həllində parlament diplomatiyası vacib rola malikdir.

Marqareta Sederfelt, ATƏT PA ilə Milli Məclis arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan parlamenti Assambleyada uğurla təmsil olunur. Parlament Assambleyasının prezidenti xatırladıb ki, tərəflərin birgə təşkilatçılığı ilə mühüm tədbirlər təşkil olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələr ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb