Şimali və Baltikyanı ölkələr Gürcüstanı təkrar parlament seçkiləri keçirməyə çağırıb.
Danimarka , Norveç , Finlandiya , Litva , Latviya , Estoniya , İsveç və İslandiyanın xarici işlər nazirləri adından Tbilisiyə ünvanlanmış bəyanatı Litva Xarici İşlər Nazirliyi dərc edib.
Sənəddə səkkiz Avropa ölkəsi Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığını, habelə keçmiş prezident Salome Zurabişviliyə qarşı təhdidlərini pisləyib. Respublikadakı vəziyyətdən narahatlığını bildirib və qanun pozuntularının araşdırılmasına yenidən çağırıb.
"Biz Gürcüstan hakimiyyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tövsiyələrinə əməl etməyə və bu tövsiyələrə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsini nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda deyilir.
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermə nəticəsində hakim "Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq qalib gəlib, bir sıra müxalif siyasi birliklər seçkinin nəticələrini tanımayıb, "Dəyişiklik Koalisiyasının” üzvləri isə hətta deputat mandatlarından imtina ediblər. Bunun fonunda Gürcüstan prezidenti Salome Zurabişvili səsvermə pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. O, həmçinin seçkinin nəticələri ilə bağlı etirazlara çağırıb, bundan sonra ölkə boyu mitinqlər başlayıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !