Adətən, çalışıram ki, hansı ölkədə səyahətə getsəm, daha çox piyada gəzim. Təbii ki, bunun üçün hava da yaxşı olmalıdır. Sadəcə, piyada gəzdiyim zaman o şəhərin memarlıq abidələri ilə tanış olmaq və çox turistin ayağının dəymədiyi ucqar yerləri ilə tanış olmaq mümkündür. Bununla yanaşı, piyada gəzintilər maraqlı və orijinal nə isə tapmağa imkan verir ki, bunlar da öncədən planlaşdırılan siyahıda olmur.
Bu yaxınlarda İstanbula səfərim zamanı yenə öz ənənəmə sadiq qalaraq, şəhərin infrastrukturuna nəzər yetirmək məqsədiylə Asiya hissəsindəki Üsküdar səmtini ziyarət etdim. Hava şəraitinin yaxşı olmamasına baxmayaraq, gəzinti kifayət qədər uzun və maraqlı oldu. Doğrusu, Üsküdarı gəzməkdə əsas məqsədim buradakı Sultan Süleymanın qızının tikdirdiyi və onun şərəfinə adlandırılan İkinci Mihrimah Sultan məscidi görmək idi. Edirne şəhərində yerləşən birinci layihə ikincidən ölçüləri və əzəməti ilə seçilir. Bu layihələrin hər ikisi məşhur Türk memarı Memar Sinan tərəfindən tikilib.
Üsküdar limanda yerləşən məscid haqqında sonrakı yazılarımızda bəhs edəcəyik.
İstanbulda ikinci diqqətəlayiq yer Qız Qalasıdır (Kız Kulesi). Bu tikili Üsküdar sahilinin yaxınlığında yerləşir. Baxmayaraq ki, Qala sahilə çox yaxındır, ora 20 lirə (təxminən, 10 AZN) ödəməklə, kiçik qayıqlarla getmək mümkündür. Bu qayıqlarla qalaya çatmaq təqribən, beş dəqiqə çəkir.
"Kız Kulesi”nin daxilində restoranlar fəaliyyət göstərir.
Əslində, bugünkü məqaləmiz bu barədə də deyil. Üsküdar sahildə gəzərkən diqqətimi silindir şəklində çadır çəkdi. Məlum oldu ki, (8-23 oktyabr tarixlərində) İstanbulda tarixi kitab sərgisi keçirilir.
Türkiyəli marketoloqların maraqlı xüsusiyyəti ondan ibarət idi ki, qədim kitab yarmarkası olan çadırı hər kəsin istənilən ərazidən görə biləcəyi yerdə qurublar. Çünki sahili sadəcə onun içindən keçərək gəzə bilərsiniz. Beləliklə, biz də başqa seçimimiz qalmamışdı və təbii ki, bunun üçün təəssüflənmədik. Baxmayaraq ki, festivalın keçirilməsi haqqında məlumatım olmasa da, bu, mənim üçün xoş sürpriz oldu.
Festivalda müxtəlif kitablar sərgilənirdi. Burada hər kəs öz zövqünə uyğun kitab tapa bilər. Festivalın adından da bəlli olduğu kimi burada retro kitablar nümayiş etdirilirdi. Məsələn, həvəskarlar burada 1960-70-ci illərdə çap olunan qədim jurnalları tapa bilər. Belə qiymətli nüsxəsini saxlamaq üçün satıcılar onları polietilen qutuların içində saxlayırlar.
Lakin qədim ədəbiyyatla yanaşı, yarmarkada yeni nəşrlər, o cümlədən, "bestseller”lər də tapmaq mümkündür. Əlbəttə, seçim sizindir.
Diqqətimi "İstanbul” adlı kitab cəlb etdi. Həmin kitab bir neçə kiloqram idi. Bu nəşr xüsusi keyfiyyətli kağızda çap olunub. Üz qabığında rəngarəng illüstrasiyalarla yanaşı, məşhur Sultanəhməd məcidin altı minarəsi təsviri əks olunub. Bizimlə ünsiyyət quran mehriban satıcı xanım qeyd etdi ki, həmin kitab 90 lirədir (təxminən, 45 manat). O, bu kitab haqqında elə məlumat verdi ki, mən o kitabı almaya bilməzdim. Ancaq burada sadəcə bir nüans vardı ki, kitab digər kitablar kimi Türk dilində idi. Təəssüf ki, sözügedən kitabın ingiliscə analoqunu tapa bilmədim. Ancaq bu fakt da mənim kitab dünyasına, jurnallara və s. səyahət edəcək həvəsimi yox etmədi.
O cümlədən, festivalda məşhur kino şəkilləri təqdim olunurdu ki, bunların da dəyəri bir və iki lirə arasında dəyişir.
Diqqətimi çəkən nəşrlər sırasında Mustafa Kamal Atatürkün, o cümlədən, Osmanlı və Türkiyə siyasətçiləri, dövlət xadimi, nümayiş etdirildiyi stend idi.
Digər stend isə qədim İstanbulun fotoşəkillərini əks etdirən şəkillərdən ibarət idi. Ağ-qara fotolar şəhərin memarlığı cəhətdən əzəmətini və gözəlliyini önə çəkmişdi. Bu cür fotoların qiyməti isə bir lirə (50 qəpik) təşkil edirdi. Birində İstanbulun əsas rəmzlərindən biri olan Qalata Körpüsü, digərində isə Göy Məscidin təsviri var idi.
Növbəti stenddə isə kitab üçün xüsusi aksesuarlar vardı. Onların arasında qədim şəhər təsviri və Mustafa Kamal Atatürkün şəkilləri olan təsvirlər xüsusilə seçilirdi.
Qeyd edək ki, tarixi kitab festivalı ədəbiyyat və incəsənət həvəskarlarının diqqətini kifayət qədər cəlb edə bilmişdi.
Yarmarkada stendlər arasında gəzdiyimiz zaman vaxtın necə keçdiyindən xəbərimiz olmadı. Bu payız vaxtı belə bir yarmarkada iştirak edərək, qədim və müasir metropolisi müqayisə etmək qəlbimizdə ən xoş xatirələri yaşatdı.
Festivaldan fotoları təqdim edirik:
Rüstəm Qasımov
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !