“Sovetski” sakinləri: "Məmurların əlində qalmışıq"

18:58 | 04.03.2014
“Sovetski” sakinləri: "Məmurların əlində qalmışıq"

“Sovetski” sakinləri: "Məmurların əlində qalmışıq"

Bakının “Sovetski” adlanan məhəlləsindəki evlərin sökülməsi və bunu müqabilində əhaliyə veriləcək kompensasiyanın miqdarı narazılıq yaradıb. Problem getdikcə böyüyür və sakinlər istədikləri miqdarda kompensansiya alana kimi mübarizələrini davam etdirəcəklərini bildirirlər. Sakinlərlə görüşümüz zamanı onlar ölkə başçısından məsələyə reaksiya verməyi və şəhərin mərkəzində ev ala bilmələri üçün müvafiq kompensasiya ödənilməsini istəyiblər: “Məmurların əlində qalmışıq. Kimsə burda özünə ev tikəcək və qarşısında park salacaq deyə biz dədə-baba evimizdən imtina edib niyə şəhərin kənarına getməliyik?! Ya şəhərin mərkəzində bizə ev versinlər, ya da mərkəzdə ev ala biləcək kompensasiya” Sakinlər həm də onların şəhərin müxtəlif yerlərinə dağıdılmasına etiraz edirlər: “Vaxtilə qaçqınlar gələndə onlara kompakt yerlər tikdilər. İndi niyə neçə ilin şəhər adamları hərəsi bir yerə dağılmalıdır? Zəhmət çəksinlər, “Ağ Şəhər”də bizə qəsəbə salsınlar və köçürtsünlər bir yerə. Bizə əlavə pul lazım deyil. Verdikləri pula mərkəzdə heç ayaqyolu almaq mümkün deyil”.Mövzu bu gün parlamentin iclasında da qaldırılıb. İclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir.Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: “Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın”.Hökumət isə söküntü qarşılığında ödənəcək kompensasiyanın maksimum həddinin 1500 manat olaraq müəyyənləşdiyini və ədalətli qərar olduğunu bildirir. “Sovetski” sakinləri ədalətli kompensasiya tələb edərək yeni aksiyanın anonsunu veriblər. Bu gün elan ediblər ki, onları polis gücünə qorxutmaq mümkün deyil. Spiker Oqtay Əsədov bu gün parlamentin iclasında bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacağını və nəticə barəsində parlamentə məlumat veriləcəyini bildirib: “Yeri gələrsə, biz, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.Beləliklə, problem hələ açıq olaraq qalıb. Bəzi sakinlər deyir ki, müəyyən etirazçı sakinlər kvadratı 2000 manat vədi ilə susdurulub. Buna görə də, onlar arasındakı birlik pozulub. Buna baxmayaraq, sakinlər sona kimi haqlarını tələb edəcəklərini bildiriblər.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM