“Sovetski”nin tanınmış musiqiçilər ailəsi...

20:53 | 23.04.2014
“Sovetski”nin tanınmış musiqiçilər ailəsi...

“Sovetski”nin tanınmış musiqiçilər ailəsi...

Onlar da köhnə məhəllələrə ədalətlə yanaşılmasını istəyirlər 
Son günlər Bakının “Sovetski” məhəllələrində fotokamera ilə küçələrin, binaların şəkillərini çəkən jurnalistlərə tez-tez rast gəlmək olur. İlk vaxtlar yerli sakinlər bunu narahatlıqla qarşılayırdısa, indi hamı üçün bu mənzərə adiləşib. 
Artıq sakinlər özləri də buna maraq göstərir və əraziyə gələn mətbuat işçilərinə məmnuniyyətlə şərait yaradırlar. Hətta sakinlər də öz evlərinin şəkillərini çəkir, ata-baba yurdunu heç olmasa fotolarda qoruyub gələcək nəsillərə çatdırmağı düşünürlər... 
“Sovetski” ərazisindəki Çingiz Mustafayev küçəsində biz də fotoçəkiliş apararkən təsadüfən küçənin 11-ci dalanındakı evlərdən birində qonaq olduq. Bizi evə dəvət edən ailə, demə, tanınmış musiqiçilər ailəsiymiş. Ailənin başçısı Rafiq Məmmədov və xanımı Raziyə Şirinova ilə həmsöhbət olduq; söhbətimizin əsas mövzusu “Sovetski” məhəllələrinin taleyi olsa da, Rafiq bəy və Raziyə xanımın sənətdə keçən ömür yoluna da nəzər saldıq. 
Rafiq Məmmədov peşəkar tar ifaçısıdır, ömrünün 50 ilini bu sənətə həsr edib. Məşhur tarzən Əhməd Bakıxanovun tələbəsi olub. Elə 30 il ustadının adını daşıyan xalq çalğı alətləri ansamblında çalışıb. R.Məmmədov tardan başqa, ud və sazda da çalır. İndiyədək bir çox məşhur sənətkarlarla birlikdə çalışıb. Görkəmli xanəndələr Xan Şuşinski, Əlibaba Məmmədov, İslam Rzayev, tarzən Həbib Bayramov və digər sənətkarlarla çəkdirdiyi fotoları fəxrlə bizə göstərir və bildirir ki, vaxtilə Zeynəb Xanlarovanın ansamblında da tarda ifa edib. İndi təqaüddə olsa da Rafiq bəy yenə də sənətinin başındadır; öz təcrübəsini gənclərdən əsirgəmir, tar ifaçılıq sənətinin incəliklərini onlarla bölüşür. 
Raziyə Şirinova isə opera müğənnisi və aktrisadır; əməkdar artistdir. A.Zeynallı adına Bakı Musiqi Texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil alıb, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Hələ tələbə ikən “Lalə” qızlar ansamblının, sonra Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilib. Teatrda çalışdığı illərdə bir çox yaddaqalan obrazlar - “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmiqızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib. R.Şirinova konsert müğənnisi kimi də böyük uğur qazanıb. 
Raziya xanım 2005-cı ildən Prezident təqaüdçüsüdür. Sənətdə olduğu illər ərzində respublika televiziyası və radiosunda ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Həyat yoldaşı Rafiq bəylə birlikdə Qarabağ müharibəsinin ilk illərində cəbhə bölgələrində keçirilən konsertlərdə də iştirak edib. İndi də əsgərlərimiz qarşısında və digər konsertlərdə çıxış edir, sənətini yaşadır. 
Bu qısa tanışlıqdan sonra, söhbət əlbəttə ki, ailənin sakini olduğu “Sovetski” məhəllələrinə gəlib çıxır. Raziyə xanım deyir ki, bu ərazidə 1980-ci ildən yaşayırlar. Onların üç övladının hər biri musiqiçidir. Hazırda ailə doqquz nəfərdən ibarətdir. Yaşadıqları ev XIX əsrin axırlarında tikilmiş binadır. Bu ev, bu küçə nə qədər qədim, nə qədər köhnə olsa da, doğmadır; burada ömürlərinin ən əziz günlərini keçiriblər. Lakin hazırda “Sovetski”nin sökülməsi planları onların da rahatlığını pozub.  
Raziyə xanımın fikrincə, Bakının köhnə məhəllələri qorunmalıdır, çünki bu tarixdir. Deyir ki, İstanbulun Taksim meydanında hətta uçuq-sökük evlərin də, tarixdir deyə, necə qorunub-saxlanmasının şahididir. “Əlbəttə, insanların mənzil şəraiti yaxşılaşdırılmalıdır, ancaq bunun üçün qədim məhəllələri necə gəldi sökmək də olmaz” - deyən R.Şirinovanın sözlərinə görə, həm də sökülməli olan evlərin sakinlərinə ədalətlə yanaşılmalıdır. Əks təqdirdə, hər kvadratmetr üçün təklif olunan 1500 manat kompensasiya ilə kimsənin mənzil şəraiti yaxşılaşmaz. 
Söhbətə müdaxilə edən Rafiq bəy də deyir ki, Bakıya turistlər gələndə ilk növbədə şəhərin köhnə məhəllələrini soruşur, ziyarət etmək istəyirlər. Əgər bu məhəllələr ləğv edilərsə, o zaman köhnə Bakıdan heç nə qalmaz, tariximiz silinər; üstəlik, insanların öz evindən könüllü-könülsüz köçürülməsi, mülkiyyətinin dəyər-dəyməzinə qiymətləndirilməsi heç anlaşılan deyil. 
R.Məmmədovun sözlərinə görə, “JEK” işçiləri onların da evinin sahəsini ölçüblər, ancaq həcmini açıqlamırlar. “JEK” işçiləri bunu yalnız ailə köçməyə rəsmi razılıq verəcəyi halda açıqlayacaqlarını bildiriblər. “Tutaq ki, mən rəsmən köçə razılıq verdim və bunu imzamla təsdiqlədim... Bəlkə, evimin sahəsi bilərəkdən az hesablanıb, ya da səhv salınıb, bəs, onda necə olacaq” - deyə, sual edir Rafiq müəllim. Onun fikrincə, indiyədək bu məhəllələrdən köçməyə razılıq verənlər ya evinin sahəsi böyük olanlar, ya da şəhərdə əlavə mülkü olanlardır. Yerdə qalanlar üçün isə indiki şərtlər qətiyyən əlverişli deyil və bu şərtlər daxilində kimsə evini satmayacaq. 
“Əgər, sakinlərin problemlərinə diqqətlə və fərdi şəkildə yanaşılsa, onlar əziyyət çəkməzlər” - deyən Raziyə xanım sonda onu da əlavə edir ki, yeni mənzilə köçmək xoş hissdir və hamının arzusudur. İndiyədək bir çox sənət dostlarının yeni mənzillə təmin edilməsi sevincini bölüşmüş Raziyə xanım deyir ki, özü də bu xoş anları yaşamaq arzusundadır, lakin yeni mənzil şəraiti də ürəkaçan olsun gərək. 
E.Məmmədov
ANN.Az
        
              
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti