Sretfor: Mərkəzi Şərqdəki vəziyyətin ətraflı analiz və qiymətləndirilməsi

17:42 | 16.06.2015
Sretfor: Mərkəzi Şərqdəki vəziyyətin ətraflı analiz və qiymətləndirilməsi

Sretfor: Mərkəzi Şərqdəki vəziyyətin ətraflı analiz və qiymətləndirilməsi


Bir müddət əvvəl "Stretfor” analitik-tədqiqat təşkilatının saytında Yaxın Şərqdəki vəziyyətə dair  məqalə dərc olunub. Məqalənin müəllifi adı çəkilən "Stretfor” təşkilatının qurucusu, amerikalı politoloq, aralarında "Amerikanın gizli müharibəsi”nin də olduğu bir neçə kitabın müəllifi Corc Fridmandır. Məqaləni diqqətinizə təqdim edirik: 

"Mərkəzi Şərq” termini həddindən çox elastikləşib. Bölgəyə bu adı 19-cu əsrdə Britaniyanın Xarici Ofisi verib. Britaniyalılar regionu hissələrə bölmüşdülər - Birləşmiş Krallığa yaxın region və Afrikanın şimal hissəsi Yaxın Şərq; Britaniya Hindistanının şərqi Uzaq Şərq; Britaniya Hindistanıyla Yaxın Şərqin arasındakı ərazi isə Mərkəzi Şərq adlandırılmışdı. Bu, həm Britaniya Xarici Ofisinin idarətetməsinin qurulması üçün, həm də region üçün vacib faydalı model idi. Britaniyalılar (Fransızlar da müəyyən qədər) təkcə regiona deyil, Yaxın və Uzaq şərqdə yaranan ölkələrə də adlar vermişdilər. 

Bu gün isə Mərkəzi Şərq termini Əfqanıstanın qərbindən Şimali Afrika sahilindəki müsəlman çoxluğun olduğu ölkələrə aid edilir. Türkiyə və İran istisna olmaqla, regionda əsasən ərəblər və müsəlmanlar dominantlıq edir. Region boyunca britaniyalılar Avropa millət-dövlətləri sayaq siyasi obyektlər yaratmışdılar. Britaniya Ərəb Yarmadasını formalaşdırdı, bölgədə bir-biriylə mürəkkəb koalisiyalarda olan tayfalar məskunlaşmışdı, onlardan biri olan Səudilərin adıyla Səudiyyə Ərəbistan dövləti yaradıldı. Britaniyalılar həmçinin İraqı yaratdılar, Misir isə birləşmiş monarxiyaya çevrildi. Britaniyalılardan azad şəkildə Türkiyə və İran özlərini sekulyar millət-dövlətlərə çevirdilər.  

Bu, bölgədə dünyəvilik və İslam kimi iki ziddiyətli xəttin yaranmasına səbəb oldu. Soyuq Müharibə dövründə Sovetlər regiona dərindən təsir edəndə, bu ziddiyətli xətlər daha da kəskinləşdi. Regionun bir hissəsi sekulyar və sosialist idi, həmçinin onların güclü orduları vardı. Əsasən, Ərəb Yarmadasını əhatə edən digər region isə İslamçı, ənənəçi və monarxik idi. Sonuncusu ümumilikdə Qərb meyilli, əvvəlki isə - əsasən Ərəb olanlar – Sovet meyilli idi. Sovet meyilli olanlar əlbəttə ki, daha mürəkkəbiydi, amma bu fərqləndirmə bizə ağlabatan çərçivələr verir. 

İkinci ziddiyətli xətt yaradılan dövlətlər və regionun mövcud reallıqları arasındaydı. Avropa dövlətləri millətlər anlayışını əsasən 20-ci əsrdə qəbul edib. Avropalıların Mərkəzi Şərqdə yaratdığı dövlətlər isə yox. Orda hər şey ya yüksək səviyyədə, ya da aşağı səviyyədə idi. Aşağı səviyyədə olanlar tayfalar, klanlar və etnik qruplar idi ki, təkcə qurulan ölkələrin əhalisini təşkil etmirdilər, həmçinin sərhədləri müəyyənləşdirirdilər. 
Yüksək səviyyədə olanlar isə İslama və İslamın əsas cərayanları olan Şiyəliyə və Sünniliyə bağlı idilər və onların həmçinin transmilli iddiaları vardı. Bura keçmiş Misir prezidenti Kamal Abdül Nasirin körüklədiyi Pan-Ərəb cərəyanını da əlavə edin, Nasir bildirirdi ki, bütün ərəb ölkələri vahid Ərəb milləti kimi birləşməlidir.   
 
Məhz bu səbəbdən Mərkəzi Şərqlə bağlı istənilən anlayış Birinci Dünya Müharibəsindən sonra yaranan yeni siyasi coğrafiya çərçivəsində olmalıdır. Bu, özüylə bərabər müxtəlif siyasi və sosial reallıqları da gətirdi və geniş regional və etnik qrupların hökmranlığını məhdudlaşdırmağa çalışdı. Bir çox dövlətlər subnasional qrupların və ifrat dindarların iddialarını idarə eləmək üçün sekulyarizmə, ya da ənənəçiliyə müraciət edirdilər. Hamının qarşı çıxdığı ortaq məqam isə İsrail idi. Ancaq burda da daha çox illuziya vardı, nəinki reallıq. Misir və Suriya kimi sekulyar dövlətlər fəal şəkildə İsrailə qarşı çıxırdılar. Sekulyar sosialistlərdən qorxan ənənəçi monarxik dövlətlər isə İsrail ilə müttəfiq idilər. 

Sovetlərin yıxılması şokundan sonra 

Sovetlərin çökməsiylə sekulyar sosialist ölkələr qəfildən dəstəkdən məhrum oldular, ənənəçi monarxiyaların gücü artdı. Söhbət sadəcə puldan getmir, bu ölkələrin vəsaiti vardı. Bu həm də dəyərlər məsələsiydi. Sekulyar sosialist hərəkat dayağını və etimadını itirdi. 
Sosialist sekulyarizminə, sovetlərin dəstəyinə arxalanan Fəttah kimi hərəkatlar gücünü itirdilər, ortalığa çıxan yeni qruplar isə ortada qalan yeganə ideologiyanı qucaqladılar – İslamı.  Bu prosesdə hədsiz ziddiyətli məqamlar vardı, ancaq bunlardan birini xatırlamaq lazımdı ki, böyük ümidlər bəslənilən sosialist ölkələr mövcud olmaqda davam etdilər, ancaq onlar söz verdikləri yeni həyatı verə bilmədilər. Misirdə Hüsnü Mübarək, Suriyada Bəşər əl Əsəd, İraqda isə Səddam Hüseyn kimi liderlər yerlərində dayandılar. Bir zamanlar liderləri korrupsiyalaşmış olsa da, cərəyanın özü ümidlər vəd edirdi, ancaq Sovet İttifaqının çökməsiylə artıq sistemin özü də korrupsiyalaşmış oldu. 

Sovetlərin çökməsi İslamı diriltdi, çünki həm mücahidlər Əfqanıstanda döyüşürdülər, həm də İslamın alternativləri iflasa uğramışdı. Bundan başqa, İraqın Küveyti işğal etdiyi dövr Sovetlərin çöküşüylə eyni vaxta düşürdü. ABŞ Britaniyanın bölgədəki rolunu öz üzərinə götürdü, Britaniyanın Səudiyyə Ərəbistanı işğal layihəsinin qarşısını aldı, Küveyti isə İraqdan azad etdi. 

Qərb nöqteyi nəzərindən bu, regionu stabilləşdirmək üçün vacib idi. Əgər regional hegemonluq ortaya çıxsaydı və dayandırılmasaydı, vəziyyət bir az da gərginləşə bilərdi. Buna görə də Ərəb ölkələriylə birlikdə baş tutan Səhra Küləyi anti-sovet əməliyyatı sadə və məntiqli çıxış yolu oldu. 

Sovetlərin Əfqanıstandakı məğlubiyyəti və sekulyar rejimlərin legitimliyini itirməsi iki prosesin başlanmasına rəvac verdi. Birincisi, regiondakı subnasional qruplar mövcud olan rejimləri güclü, ancaq qeyri-legitim kimi görməyə başladılar. İkincisi isə, Əfqanıstanda baş verən hadisələrlə pan-İslamizm ideyası yenidən dirildi. Əfqanıstanda müharibəni udan Sünni dünyası və radikal İslamın hərbi gücü kimi çıxış etməyə başlayan Şiə İranındakı dinamizm açıq fəaliyyət üçün hərəkətverici qüvvə oldu 

Ancaq üç problem varıydı. Birincisi radikallar pan-İslamizmə tarixi kontekstdə forma verməliydilər. Məğz ənənəvi xəlifəlik idi – mövcud dövlətlər səhnədən silinib vahid dövlət kimi birləşməli və İslam yeganə siyasi reallıq olmalıydı. Radikallar tarixi konteksdə Xaçlıların Səlib Yürüşlərinə qayıtdılar və ABŞ-ın Küveytə yürüşündən sonra onu Xristian gücü kimi görməyə və hədəf almağa başladılar. İkincisi, pan-İslam hərəkatları ABŞ-ı İslamın düşməni və məğlub edilə biləcək ölkə kimi göstərməliydilər. Üçüncüsü, onlar Müsəlman ölkələrdəki - həm sekulyar, həm də ənənəçi rejimlərdəki korrupsiyanı müxtəlif ölkələrdəki subnasional qrupları koalisiyalar halında birləşdirərək aradan qaldırmalı idilər. 

Nəticə - əl-Qaidə və onun ABŞ-ı İslam dünyasında səlib yürüşünə çıxmağa məcbur edən propaqandası oldu.  Əl-Qaidə bunu ABŞ-ın zəifliyini göstərə biləcək və onu fəaliyyətə keçməyə məcbur edəcək hərəkətlərlə etmək istəyirdi.  Əgər ABŞ fəaliyyətə keçməsəydi, bu, Amerikanın zəifliyinə dəlalət edəcəkdi, əgər keçsəydi, bu göstərəcəkdi ki, o səlibçi və İslam dünyasının düşmənidir. Öz növbəsində Amerikanın hərəkətə keçməsi korrupsiyalaşmış və hipokratik Müsəlman ölkələrinə qarşı çıxışlara, Avropalıları qurduğu sərhədlərin aradan qalxmasına və iğtişaşların ortaya çıxmasına səbəb olacaqdı. Açar nöqtə rejimlərin zəifliyini və onların Amerikalılarla şərikliyini nümayiş etdirmək idi. 

Bu, 11 sentyabra səbəb oldu. Qısa müddət ərzində bəlli oldu ki, əməliyyat iflasa uğrayıb. ABŞ hücumlara geniş miqyasda cavab verdi, ancaq regionda üsyanlar baş qaldırmadı, heç bir rejim çökmədi, Müsəlman ölkələri Amerikalılarla müttəfiq oldu. Bu dövr ərzində Amerikalılar əl-Qaidəyə və onun Talliban müttəfiqlərinə qarşı aqressiv müharibəyə çoxlu vəsait ayırmağa qadir idi. İlk dövr ərzində Amerika istədiyinə nail oldu. Ancaq ikinci dövr ərzində İraqı və Əfqanıstanı və digər ölkələri yenidən formalaşdırmaq arzusu daxildə subnasional münaqişələrin yaranmasına səbəb oldu. Amerikalılar strateji problemi həll etməkdənsə, taktiki problemlərin həllinə girişmişdilər, müharibəyə vəsaitin ayrılması regionda milli təsisatların çökməsinə səbəb olurdu. 

Amerikalılar əl-Qaidənin çökdürülməsiylə 3 hissədən ibarət böyük problem yaratmış oldular.  Birincisi, onlar subnasional qrupların əl-qolunu açdılar. İkincisi, onlar doldura bilmədikləri vakuumda savaşmaq məcburiyyətində qaldılar. Və sonda, dövlətləri zəiflətməklə və subnasional qrupları gücləndirməklə, amerikalılar Müsəlman dünyasının yeganə effektli idərəçiliyi kimi, rəğbətlə qarşılanan xəlifəlik institutu ideyasının yaranmasına səbəb oldular, xəlifəlik həmçinin ABŞ və onun müttəfiqlərinə qarşı əsas fundament kimi görülürdü. Başqa sözlə, əl-Qaidənin korrupsiyalaşmış dövlətlərə qarşı qaldırmağa çalışdığı etirazı ABŞ körüklədi, Amerikalılar dağıtmaqla və ya eyni dövlətlərlə kompromisə getməklə transmilli İslam üçün qapını açmış oldular. 

Ərəb baharı 1989-cu ildəki Şərqi Avropadakı liberal demokratik etiraz dalğası ilə səhv salınmışdı. Halbuki bu, pan-İslam hərəkatının ayağa qalxmasından başqa bir şey deyildu. Bu hərəkat ümumilikdə rejimləri dəyişdirə bilmədi, Suriyada isə vəziyyəti qarışdırdı, uzun müddət davam edən vətəndaş müharibəsinə səbəb oldu. Bu münaqişədə sub-nasional kompanent vardı – müxtəlif qruplar bir-birlərinə qarşıydılar, bu da əl-Qaidədən törəyən İslam Dövlətinə (İŞİD) manevr etmək üçün imkan yaratdı. Bu, həmçinin  ideal xəlifəlik üçün ikinci stimulun  yaranmasına təkan verdi. Pan-İslamçılar təkcə ABŞ-a qarşı vuruşmurlar, onlar Sünni xəlifəliyin tərkibində həmçinin şiyə kafirlərə qarşı da vuruşurlar. Əl-Qaidənin 2001-ci ildə nail olmağa çalışdığına  İslam Dövləti təxminən 15 ildən sonra nail oldu. O, təkcə Suriya və İraqda döyüşməyə qabil deyil, həm də digər İslam ölkələrində qanlı döyüşlər aparmağa qadirdir. 


ABŞ-ın yeni strategiyası və onun nəticələri 

Bu zaman ərzində ABŞ özünün strategiyasını dəyişmək məcburiyyətində qaldı. Amerikalılar əl-Qaidə və İraq ordusunu dağıtmağa qadir idilər. Ancaq ABŞ-ın  İraqı və Əfqanıstanı işğal edib sabitləşdirmək imkanları məhdud idi. İfrat fraksiyaçılıq ilk iki məqsədə nail olmağa imkan vermədi, bununla da sülhü mümkünsüz etdi. Başqa qrupla ixtilafda olan qrupla işləmək ABŞ-ın stabillik yaratmaq cəhdlərini dişsiz etdi, ABŞ bir qrupu dəstəkləyirdi deyə, müharibəyə vəsait ayırmağa davam etməyə məcbur qaldı

Sekulyar dövlətin radikallarla deyil, sekulyar və dini qruplarla üz-üzə gəldiyi Suriyada ABŞ bir-biriylə ixtilafda olan qeyri-islami qüvvələri vahid effektiv strateji güc halına gətirə bilmədi, ortaya isə İslam Dövləti çıxdı. Bundan başqa, repressiv siyasətinə görə Bəşər Əsədlə sülh razılığına gələ bilmədi, bu isə əl altındakı qüvvələrlə İslam Dövlətini yerində oturtmağa imkan vermədi.

Bir şəkildə Mərkəzi Şərq bir-biriylə mübarizə aparan güclərin döyüş meydanına çevrildi. Livan və İran sərhədləri arasında region iki məfhumdan ibarətdir: Birincisi, bu göstərdi ki, subnasional güclər regionun yeganə aktual reallığıdır. İkincisi, Suriya İraq sərhədinin silinməsiylə bu güclər, əsasən də İŞİD xəlifəliyin ən mühüm elementini yaratmış oldular – transmilli qüvvələri, ya da daha dəqiq desək, sərhədləri vurub keçən gücü. 

Amerikanın strategiyası prezident Ronald Reyqanın 1980-cı illərdəki strategiyasının tamamilə mürəkkəb variasiyasına çevrildi: döyüşən qüvvələrə döyüşməyə icazə ver. İŞİD müharibəni şiyə kafirlərinə qarşı və milli dövlətlərə qarşı savaşa çevirdi. Region 4 əsas güc arasındadır: İran, Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə arasında. Onlardan hər biri situasiyaya fərqli yanaşdı. Hər ölkənin daxilində fraksiyalar var, ancaq hər bir ölkə buna baxmayaraq, hərəkət etməyə qadirdir. Bu 4 gücdən 3-ü qeyri-ərəbdir, ancaq bir ərəb gücü var – Səudiyyə Ərəbistanı, bu da yəqin ki, daxili təhlükədən ən çox qorxanıdır. 

İran üçün ən böyük qorxu odur ki, İŞİD Bağdadda effektiv dövlət qura bilər və İranı təhdid edə bilər. Buna görə də, İraq şiyələrinə və Əsəd hökumətinə dəstək verir, həmçinin Əsədin gücünü də məhdudlaşdırmağa çalışır. 

Keçmişdə sünni radikallarla müttəfiq olan Səudiyyə Ərəbistanı üçün İŞİD real təhdiddir. Transmilli İslam - səudilərin vahabi ənənəsindən sui-istifadə edə bilər. Səudilər digər Körfəz ölkələriylə və İordaniyayla birlikdə İŞİD-in transmilliliyindən qorxur və həmçinin İraqdakı və Suriyadakı şiyə gücündən qorxur. 

İsrail üçün isə situasiya həm çox yaxşı, həm də çox pisdir. Ona görə yaxşıdır ki, İsrailin düşmənləri bir-birinə qarşı döyüşür. Əsədin hökuməti keçmişdə İsrailə qarşı Hizbullahdan istifadə edirdi. İŞİD İsrail üçün uzun müddətli təhlükədir. Nə qədər ki, onlar bir-birləriylə döyüşürlər, İsrailin təhlükəsizliyi təmin olunmuş olacaq. Problem ondadır ki, əvvəl-axır Suriyada hansısa qüvvə qələbə çalacaq və həmin qüvvə əvvəllər heç bir qüvvənin olmadığı qədər güclü ola bilər, xüsusilə İŞİD-in ideologiyası Fələstində yayılsa vəziyyət qəlizləşəcək. Onsuz da İŞİD Əsəddən daha təhlükəlidir, bu da uzun müddətlik perspektivdə İsrailin seçiminin necə pis olacağını göstərir.  

Türklər, ən azından sonuncu parlament seçkilərində məyus çıxan Türk hökuməti başa düşülməsi ən çətin olandır. Onlar Əsəd hökumətinə elə düşməncəsinə münasibət sərgiləyirlər ki, hətta İŞİD-i ondan daha kiçik təhlükə kimi görürlər. Onların baxışını müəyyən etmək üçün iki yol var: Birinci odur ki, onlar ən axırda ABŞ-ın İŞİD-i məğlub edəcəyini gözləyirlər və Suriyadakı hadisələrdə iştirak Türk siyasi sisteminə təsir edəcək. İkincisi də odur ki, ola bilsin, İŞİD-in qələbəsinin regionun digər ölkələrinə nisbətən onlara daha az təsir edəcəyini güman edirlər. Türkiyə hökuməti bu iddiları şiddətlə rədd etsə də, onların İŞİD-in bəzi fraksiyalarını dəstək verdiyi bildirilir, Qərb kapitalının gətirilib çatdırılması ləngiyir, Türkiyə kəşfiyyat idarəsinin Suriyaya silah çatdırması barədə iddialar Türkiyədəki seçkilər zamanı gündəmdəydi. Bu məsələ çox qaranlıqdı, Türkiyə ya İŞİD-ə onların ən sonda nəzarət edə biləcəyi  və Türkiyənin nüfuzunun regionda yayılmasına yol aça biləcək hərəkat kimi baxır, ya da, İŞİD-ə birbaşa müdaxilənin İslam Dövlətinin Türkiyənin daxilində ciddi problem yaradacağını fikirləşir.


İŞİD-in regiondakı rolu 

İŞİD əl-Qaidənin məntiqi davamıdır, hansı ki, həm İslami qüvvə anlayışını və ABŞ-ın İslama təhlükə olması fikrini tətikləmiş oldu. İŞİD əl-Qaidənin əsasını qoyduğu situasiyadan faydalanmaq üçün hərbi və siyasi çərçivə yaratmış oldu. Onun hərbi əməliyyatları çox təsirliydi, Mosulun mühasirəsindən tutmuş, Ramadi və Palmira şəhərlərinin tutulmasına qədər. İŞİD-in döyüşçülərinin müharibə meydanındakı rahatlığı və döyüşlər zamanı çox sayda qüvvədən istifadəsi onların təchizatı haradan aldığını və harada təlim keçdiyi sualını ortaya çıxarır.  

Ancaq buna baxmayaraq, İŞİD döyüşçüləri hələ də yekə bir qazanın içində, 3 düşmən qüvvənin və tapmacanın əhatəsində tələyə düşüblər. Düşmən qüvvələr bir-biriylə əməkdaşlıq edir, ancaq onlar da mübarizə aparırlar. İsraillilər və Səudilər danışıq aparırlar. Bu, yenilik deyil, onların ikisi keçmişdə olmayan bir şeyi təcili həll etməlidirlər. Amerikalılar üçün İŞİD-ə qarşı İranla əməkdaşlıq etmək İranın nüvə proqramından daha vacibdi. Səudilər və digər Körfəz ölkələri Yəmənin hava üstünlüyündən yararlanmaq üçün fürsət əldə ediblər, əgər lazım olsa, bundan hər yerdə istifadə etmək olar. 

Belə görünür ki, Səudilər daxillərindəki siyasi stabilliyi həll edənədək, qazan hələ gözləyəcək. Ancaq İŞİD qazanın sərhədlərini məsələn, Liviyada əməliyyat keçirməklə, artıq vurub keçib. İŞİD əl-Qaidə kimi olmaq istəmir. Onlar açıq-aydın xəlifəlik qurmaq istəyirlər və bunu görməzdən gəlmək olmaz. Çünki ən azından onların əməliyyatlarının mərkəzi əmr və nəzarət sistemi var, strateji səviyyədədir, bu, onun digər digər təşkilatlardan daha effektiv edir. 

Müsəlman dünyasında sekulyarizasiya məğlubiyyət kimi qəbul edilir. Bu dünyada iki ən yüksək mübarizə səviyyəsi var, ən zirvədə Sünni-Şiə ziddiyəti və özüldə bir-birləriylə ixtilafda olan mürəkkəb fraksiyalar. Qərb bu bölgədə dominantlığı Osmanlılardan almışdı və bir əsr burada mövcud oldu. Ancaq indi Qərbin aparıcı qüvvəsi İslam dünyasında sülh yarada bilmir. Bir milyard insanı pasifistləşdirmək hər kəsin imkanı xaricindədir. İŞİD əl-Qaidənin ideologiyasını götürdü və indi onu institutlaşdırmağa çalışır. Ətrafdakı ölkələrin seçim məhdudiyyəti var və əməkdaşlıq arzuları da məhduddur. Qlobal gücün həm İŞİD-i devirmək, həm də bunun ardınca gələcək iğtişaşlara nəzarət etmək resursları yoxdur. Digər, Rusiya kimi ölkələr isə İŞİD-in ideologiyasının öz ölkələrindəki müsəlman əhalisi arasında yayılması təhlükəsindən xəbərdardırlar. 

Bunu qeyd etmək maraqlıdır ki, Sovet İttifaqının çökməsi bu regionda bir çox hadisələrin baş verməsi üçün zəmin yaratdı. Həmçinin əl-Qaidənin məğlubiyyəti onun məntiqi varisi – İŞİD-in peyda olması üçün qapı açdı. Və sual da budur ki, regiondakı 4 qüvvədən hansı İŞİD-ə nəzarət edə bilər və bunu istəyir. Sualın da məğzindəki müəmma odur ki, xüsusən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gücünün tənəzzülə getdiyinin göründüyü bir vaxtda Türkiyənin planlarında nə var.  

Tərcümə: Emin Aslan
 
Mənbə: https://www.stratfor.com/weekly/net-assessment-middle-east?mc_cid=8d197b37a6&mc_eid=93516a1d9d&utm_campaign=20150609&utm_content=readmoretext&utm_medium=email&utm_source=freelist-f&utm_term=Gweekly

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM