Bu gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!”, həmçinin, Bakı Media Mərkəzi və "Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş "Biz” sənədli filmlərinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. O, hər iki filmin ərsəyə gəlməsindən, onların əhəmiyyətindən danışıb.
Nazir filmlərin hazırlanmasına görə Bakı Media Mərkəzi və onun Prezidenti Arzu Əliyevaya, həmçinin, əməyi keçən bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirib.
"Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov çıxışında bildirib ki, onlar Şuşaya girən ilk çəkiliş qrupu olublar:
"Böyük qürur, şərəf hissi idi”.
Sonda hər iki film tamaşaçılara təqdim olunub.
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə "Şuşa, sən azadsan” filmində təqdim olunub.
Filmdə "Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
"Biz” filmi müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !