Tanınmışlar Rəhim Rəhimlidən yazdı

12:14 | 30.09.2022
Müğənni Rəhim Rəhimlinin qəfil ürəktutmasından vəfat etdiyi bildirilir. Bir çox tanınmış öz sosial şəbəkə hesablarında Rəhim Rəhimlinin vəfatından kədərləndiklərini, onunla bağlı xoş xatirələrini paylaşıblar.

Müğənni Elnarə Xəlilova onunla cəmi bir həftə əvvəl danışdığını qeyd edib: "Can ay Rəhim… Bir həftə öncə danışmışdıq səninlə. Planlar, xəyallar qurduq, əcəl imkan vermədi… Heyif səndən. Yerin çox görünəcək…”

Müğənni Elnur Məmmədov onun gözəl ürəyə sahib olduğunu yazıb: "Rəhim Rəhimli, ən son gördüyümdə kövrəltdin məni. Mənə çox xoş sözlər dedin. Səni çox gözəl ürəyə sahib bir insan, dürüst, düzgün biri kimi tanıdım və elə də  xatırlayacam. Allah sənə rəhmət eləsin! Bu xəbərin məni sarsıltdı”.

Müğənni Xatun Əliyeva onun vaxtsız vəfatından kədərləndiyini bildirib: "Gecə-gecə bu qara xəbər məni məhv etdi. Bütün bədənim əsir, donub qalmışam, çox pisəm. Ay Rəhim, sən elə yaxşı adam idin. Sənin vaxtsız gedişin, bu acı taleyin inan ki, dərdimi təzələdi. Bir təsəllim odur ki, cümə günündə vəfat edənlər sorğu-sualsız olarmış. İnşallah, Rəbbim sənin o dünyanı versin!”

Modelyer Şəlalə Maqsudova da onunla bağlı xatirələrini bölüşüb: "İlahi, səhərimi necə pis xəbərlə açdım. Bir neçə gün öncə gəldin yanıma. Deyirdin ki, bacım, yeni lahiyələrim var, klipim var. Sevindim, çünki sən yaradıcı, səhnəni sevən, əsl şou yaradan bir insan idin. Sənin o qədər gözəl, təmiz bir ürəyin vardı kı... Səni bir doğma qardaş kimi o qədər cox istəyirdim… Heyif, çox üzüldüm. Rəhim, sən mənim yaddaşımda cox gözəl xatirələrlə qaldın və hər zaman ardınca rəhmət diləyəcəm…”

Aparıcı Lamiyə Ələkbərova da onunla tələbəlik illərindən dostluq etdiklərini qeyd edib: "Mənim tələbə yoldaşım, mənim qəşəng dostum, sənətkar dostum, istedadlı bəstəkar dostum, bu nə gediş? Bu nə yarımçıq qalan arzular, qismət, tale? Heyif səndən, ay Rəhim. 1994 cu ildən səninlə Konservatoriyadan - ilk dərsdən, tələbəlik illərindən dostluq edirdik. Sən cox yaxşı insan idin. Allah sənə rəhmət eləsin, ömrü qısa, sənəti zəngin olan sənətkar dostum!

Aparıcı Murad Arif də Rəhimli ilə bağlı son yazışmasını paylaşıb: "Gecən xeyir. Bu gün görüşə bilmədik. Görə bilmədim səni, dostum”.

"Basdalama damarımı” mahnısını birlikdə ifa etdiyi musiqiçi Ramil Nabran Rəhim Rəhimli ilə bağlı bu sözləri qeyd edib: "Kimindir ki bu dünya? Nə sənin, nə mənim, nə də başqasının... Səhəri bu xəbərlə oyanmaq və bu xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim, Allah sənə rəhmət eləsin! Fanidir bu dünya. Nə dostundu, nə də düşmənin...”

Xalq artisti Faiq Ağayev isə Rəhimlinin bəstəsi olan və bir yerdə ifa etdikləri "Zəhər” mahnısını paylaşıb. Həmçinin "heyif səndən, Rəhim... Allah yerini rahat eləsin!” sözlərini yazıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM