Yeni fərmanda nəzərdə tutulub ki, qeydiyyatsız evlər sənədləşdiriləcək. Bu qanun əsasən, hansı evlərə şamil olunacaq? Fərdi evlərin sənədləşdirilməsi məsələsi prosesi necə aparılacaq? Bəs təhlükəli zonalarda tikilmiş evlərin sənəd problemi necə həll olunacaq? Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bu kimi məsələləri ANN.Az oxucuları üçün şərh edib.
Nüsrət İbrahimov ANN.Az-a açıqlamasında bildirib ki, bu fərman magistral boru kəmərlərindən, yüksək gərginlikli elektrik xətlərindən, nəqliyyat infrastruktruna mane olan, qaz yataqlarından kənar yerdə tikilmiş olan evlərə şamil ediləcək:
"Qanunda evlərin sənədləşməsinə görə, ev sahiblərinin hansı sənədləri aparıb həmin orqana təqdim edəcəyi göstərilib və bu sənədləri təqdim etdikdən sonra ilkin sənədləşmə işinə başlanılacaq. Sənəd ümumiyyətlə "Daşınmaz əmlak reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək bu dövrü əhatə edir. Bu sənəd 2006-ci ilin may ayında qəbul olunub. Yəni ondan sonra tikilən ev, daşınmaz əmlaklara ilkin torpağın ayrılma sənədi tələb olunacaq. Yəni əgər torpağın ilkin ayrılma sənədi varsa, o evlər sənədləşdiriləcək. Yoxdursa, təbii ki, o evlər qeyri-qanuni evlər hesab olunacaq. Yəqin ki, bu cür evlər haqqında da sonra qərar qəbul olunacaq”.
N. İbrahimov təhlükəli zonalarada yaşayış evi tikib yaşayan ailələrin sənəd problem məsələsinə də toxunub:
"Belə zonalarda yaşayış evi tikib yaşayanlar barədə hökümət hələ hansısa qərar verməyib. Amma bir mənalı olaraq həmin ailələrin köçürülmə prosesinə başlanılsa, bu zaman kütləviliyin nə qədər olmasına diqqət yetirmək lazımdır. Əgər həmin təhlükəli boru ətrafında, yüksək gərginlikli elektrik xətləri altında tikilmiş evlərin köçürülməsi daha məqsədə uyğun sayılarsa, o zaman həmin evlər köçürüləcək. Yox əgər məqsədə uyğun sayılmırsa, daha çox maliyyə tələb edirsə, həmin şəxslər üçün ayrıca torpaq sahəsi ayrılıb onlara verilə bilər ki, bu torpaq sahəsində özləri üçün daha təhlükəsiz ev tikib yaşasınlar”.
Ekspert onu da qeyd edib ki, bu qanunun qəbul olunmasına qədər pərakəndəlik hökm sürüb: "Yəni bu fərmana qədər vətəndaşlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, yaxud da Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinə müraciət edirdilər. Oradakı məmurların hərəsi bir cür tələb qoyurdu. Amma bu gün artıq bu fərman verildi və fərmanda açıq göstərildi ki, evlərin sənədləşdirilməsi üçün hansı sənədlər təqdim olunmalıdır. Artıq demək olar ki, bu fərmandan sonra evlərin sənədləşmə prosesi daha da asanlaşdı”.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !