“Təhsil şöbələrinin İcra hakimiyyətlərinin tabeliyində qalması təhsilə zərbədir”

16:19 | 24.10.2015
“Təhsil şöbələrinin İcra hakimiyyətlərinin tabeliyində qalması təhsilə zərbədir”

“Təhsil şöbələrinin İcra hakimiyyətlərinin tabeliyində qalması təhsilə zərbədir”

Bu gün yerli Təhsil şöbələrinin rayon İcra Hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərməsi təhsil prosesində bir sıra çətinliklər yaradır. Belə ki, onların Təhsil Nazirliyinin tabeliyində olmaması qurum tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra islahatların regionlarda ləngimələrinə səbəb olur. İkili tabeçilik eyni zamanda məktəblərin fəaliyyətinə müdaxilələr, kadr problemində, müəllimlərin əmək haqlarının aylarla gecikmələrində də öz təsirini göstərir.

Prezident tərəfindən "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildikdən sonra Təhsil Nazirliyinin strukturunda bir sıra dəyişiklər həyata keçirilməyə başlandı və ilk olaraq Bakı şəhər üzrə Təhsil İdarəsi kimi regionlarda da Regional Təhsil idarələrinin yaradılması nəzərdə tutulmuşdu. Bu və ya digər səbəblərdən prosesdə ləngimələr yaşandı və yerli Təhsil şöbələri yenə də İcra hakimiyyəltərinin tabeliyində qaldı. Nəticədə təhsil sahəsində aparılan islahatlar yerlərdə ləngimələrlə həyata keçirilir ki, bu da təhsilin inkişafına mane olur.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu gün Təhsil Nazirliyi çox uğurlu islahatlar aparır, bu bütün sahələri əhatə edir və nəticələri göz qabağındadır.

"Hesab edirəm ki, bu Azərbaycanda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na tam uyğundur və yaxın zamanlarda bunun uğurlu nəticələrini görəcəyik”.

Yerli Təhsil şöbələri ilə bağlı məsələyə isə deputatın yanaşması fərqli olub.

"İcra hakimiyyəti böyük hakimiyyətin  bir qoludur və onun da özünün şöbələri var. Ona görə də İcra hakimniyyətlərinin fəaliyyəti xüsusi qaydalarla tənzimlənir. Burada heç bir problem görmürəm. Bu gün Təhsil Nazirliyi təhsil sahəsindəki bütün işlərə nüfuz edir və orada da böyük işlər görür və bu işlərin də nəticələri müsbətdir”.

Təhsil eksperti Etibar Əliyev isə qeyd edib ki, ikili tabeçilik təhsilin keyfiyətinə mənfi təsir edir.
 "Xüsusilə bu, məktəb rəhbərliyinin təyinatında, eyni zamanda yerli İcra hakimiyyətinin məktəblərə yeri gəldi-gəlmədi müdaxilələrində hiss olunur. Bakı şəhərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldığından bu problem həll olunub. Bakı şəhəri üzrə məktəblərin Təhsil Nazirliyinə tabeçiliyi mövcuddur. 2013-cu ilin 24 oktyabrında prezidentin sərəncamı ilə təsdiq olunmuş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sənədi əslində imkan yaradırdı ki, bütün təhsil müəssisələri Təhsil Nazirliyinə tabe olunsun. Təhsil Nazirliyinin strukturunun təkmilləşdirməsi məqsədilə regional idarələr yaradılmışdı. Təhsil Nazirliyinin strukturuna mərkəzi aparat, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil idarələri daxil edilmişdi. 2015-ci ilin  yanvarın 1-dən bu proses həyata keçirilməlidi idi. Amma maliyyə çatışmazlığı ucbatından bu məsələ təxirə salındı. Hələlik həmin sərəncam icra olunmamış vəziyyətdə qalır”.

Ekspert qeyd edib ki, təhsilin keyfiyyəti, orta məktəblərin pedoqoji təminatı, krikulum təminatı, həmçinin məktəblərdə şagird hazırlığı birmənalı şəkildə Təhsil Nazirliyinin görəbiləcəyi işlərdir. "İcra hakimiyyəti orqanlarının bu işləri görmək üçün potensialı yoxdur. Bu, eyni zamanda məktəblərin maliyyələşmə, kadr təyinatı, müəllimlərin məktəbdənkənar işlərə cəlb olunması, məktəb keyfiyyəli mühitin formalaşmasına da mənfi təsiri edir. İkili tabeçilik ən yaxşı məktəbdə belə, təhsilin keyfiyyətinə mənfi təsri göstərir”.

E.Əliyev qeyd edib ki, məhz bu problem səbəbindən regionlarda müəllimlərin biliklərin diaqnostik qiymətləndirilməsi gecikdirilir.

"Bakı şəhərində müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi nəticəsində onların əmək haqqı və dərs yükündə mühüm artım oldu. Amma bu proses regionlarda ləngiyir. Regionlarda müəllimlər bunu gözləyir. Diaqnostik qiymətləndirməni rayon İcra hakimiyyəti aparmaq gücündə deyil. Onların strukturlarının potensialı buna imkan vermir. Yenə də Təhsil Nazirliyi bunu həyata keçirməlidir və bunun əsasında region müəllimlərinin əmək haqqı ilə Bakı şəhərində fəaliyyət göstərən müəllimlərin əmək haqqı eyniləşməlidir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM