Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Musiqili teatr rejissorluğu” fakültəsinin 4-cü kurs tələbələri kurs rəhbərləri - Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin rəhbərliyi ilə Musiqili Teatrda hazırladıqları tamaşalardan kiçik parçalarla çıxış ediblər.
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu, həmin tələbələrin diplom işi öncəsi sınaq imtahanı olub. Belə ki, Tuncer Cücenoğlunun "Uçqun” (quruluşçu-rejissor Həcərxanım Cavanşir), Elçinin "Teleskop” (quruluşçu-rejissor Günay Hüseynova), Yolanda Varqas Dulçenin "Yeseniya” (quruluşçu-rejissor Fəridə Əlizadə), Əli Əmirlinin "Sevən qadın” (quruluşçu-rejissor Şərəf Yusifova) və Sadıq Şendilin "Qanlı Nigar” (quruluşçu-rejissor Həmayil Əhədli) tamaşalarından parçalar nümayiş olunub. Tamaşalardakı rolları Cahanə Ağayeva (Musiqili teatr rejissorluğu ixtisasının III kurs tələbəsi), Ümman Budaqov (Dram teatrı və kino rejissorluğu ixtisasının III kurs tələbəsi), Təhminə Hümbətova (Musiqili teatr rejissorluğu ixtisasının III kurs tələbəsi), Əmrah Dadaşov (Musiqili teatr aktyorluğu ixtisasının IV kurs tələbəsi), Pərvin Dadaşova (Dram rejissorluğu ixtisasının I kurs tələbəsi), Ruslan Hüseynov (Dram teatrı və kino aktyorluğu ixtisasının IV kurs tələbəsi), Orxan Abışov (Estrada aktyorluğu ixtisasının III kurs tələbəsi), Mir Qabil Əkbərov (Dram rejissorluğu ixtisasının I kurs tələbəsi), Əzizə Haşımova (Dram teatrı və kino aktyorluğu ixtisasının I kurs tələbəsi), Həmayil Əhədli (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi), Günay Hüseynova (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi), Fuad Cavadzadə (Estrada rejissorluğu ixtisasının III kurs tələbəsi), Həcərxanım Cavanşir (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi) və Şərəf Yusifova (Musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi) ifa ediblər. Tamaşaların nümayişindən sonra kurs rəhbəri Əliqismət Lalayev çıxış edib: "Bu gün Musiqili Teatrda yaradıcı gənclər üçün lazım olan hər cür şərait yaradılıb. Burada onların öz yaradıcılıq potensiallarını nümayiş etdirməyə böyük imkanlar var. Onlar üçün teatrımızın bütün sexləri ilə tanışlıqdan tutmuş məşq zalında tamaşalarını hazırlamağa qədər hər bir şərait yaradılıb. Teatrın texniki imkanlarını məhz əyani şəkildə öyrənmək şansı bu sənəti sevən hər bir gəncə nəsib olmur. İnanıram ki, bu qəbildən bir çox üstünlüklərə malik olan bu tələbələr diplom işlərini də uğurla müdafiə edəcəklər”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Musiqili Teatrda yaradıcı gənclər və eyni zamanda "Musiqili teatr” fakültəsində təhsil alan tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən məmnun olduğunu söyləyib və buna görə teatrın direktoru Əliqismət Lalayevə təşəkkürünü bildirib. "Mədəniyyət və İncəsənət Universiteti ilə Musiqili Teatrın bu cür əməkdaşlığı təqdirəlayiq haldır. Düşünürəm ki, bu məqam başqa teatrlarımız üçün nümunə olmalıdır və onlar da gənc sənətçilərin hazırlığı prosesinin tam iştirakçısına çevrilməlidirlər. Cünki bu, ümumilikdə teatr sənətimizin inkişafına kömək edəcək bir amildir. Musiqili Teatrda Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovun rəhbərlik etdiyi Yaradıcılıq Studiyasının fəaliyyətə başlaması da çox uğurlu və vaxtında atılmış addımlardan biridir. Hesab edirəm ki, burada yaradılan şərait gənclərin öz ideyalarını reallaşdırması, özünü ifadə etməsi, təsdiq eləməsi üçün çox gözəl bir imkandır”, - deyə Fərəh Əliyeva söyləyib.
Qeyd edək ki, tələbə-gənclərin iştirakı ilə Musiqli Teatrda baş tutan bu tədbir Ümumrespublika Gənclər Gününə həsr olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !