"Tələsməyin daşını atdığım gün" - bir ananın təəssüratları

21:09 | 29.01.2015

"Tələsməyin daşını atdığım gün" - bir ananın təəssüratları

Əgər dəli-dolu bir həyat sürursünüzsə, o zaman hər dəqiqəniz önəmli olur. Daima əlində görülməli işlərin cədvəli ilə harasa qaçırsan. Amma nə qədər vaxtını və diqqətini dəqiq bölüşdürməyə cəhd etsən də, nə qədər müxtəlif işləri görməyə çalışsan da bütün planladığın işlərini başa çatdırmağa zaman yetmir. ANN.Az-ın təqdim etdiyi məqalənin müəllifi Rachel Macy-Staford yazır ki, o, məhz iki il belə dəlisov həyat yaşayıb: "Bütün fikrimi-zikrimi, hərəkətlərimi elektron tapşırıqlar və onların icrası təşkil edirdi.  Ürəyimin, vücudumun hər bir zərrəciyi, hüceyrəsi ilə istəyirdim ki, bu ağır və yüklü planların içində öz işlərimə də zaman ayıra bilim. Ancaq bu, məndə alınmırdı”.
 
 
Müəllif yazır ki, 6 il öncə ona ilahi bir nemət bəxş olunur: "Bu varlıq öz sakitliyi və qayğısız görünüşü ilə onu qucaqlamağımı və gül kimi qoxlamağımı istəyirdi”.

Bu kim idi? Gəlin, Rachel Macy-Staford-un məqaləsinin ardı ilə tanış olaq:  

"Evdən çıxmaq istəyəndə o, mənim çantamda eşələnir və nəsə tapmağa çalışırdı. Beş dəqiqə bundan əvvəl getməli olduğum yerə tələsdiyim anda o, məndən oyuncaq heyvancığazını maşının kəməri ilə oturacağa bərkidməyimi tələb edirdi.

Kafedə tezbazar nəsə yemək istərkən, o, yoldan keçən və nənəsinə oxşayan qoca qadını saxlayır və onunla danışmağa başlayırdı. Ən çox tələsdiyim anda  o, məndən uşaq arabasını saxlamağı tələb edir və onun yanından keçən hər bir iti oxşamağa başlayırdı. Bütün günümün planlı olduğu vaxtda o, məndən yumurtanı qırmağı xahiş edirdi, sonra isə çox asta şəkildə onları qaşıqla o yan, bu yana yaxırdı.

Bu qayğısız uşaq daimi qovhaqovda olan mənim kimi birinə əsl hədiyyə idi. Amma o zamanlar mən bunları anlamırdım. Əgər sən dəlicəsinə bir həyat yaşayırsansa, sənin dünya görüşün də son dərəcə dar çərçivəli olmağa başlayır. Sən yalnız bir işdən sonra növbəti işin nə olacağını düşünür və onu həyata keçirtməyə çalışırsan.  Sənin bütün həyatın görməli olduğun işləri cədvəlinə işarələr qoymaqla keçir. Və fikirləşirsən ki, əgər cədvəldə olan işlərin qabağına quş qoya bilməmisənsə, demək günün havayı keçib.

Hər dəfə övladım məni gündəlik cədvəldən kənara çıxmağa məcbur edəndə cavabım çox lakonik olurdu: "Bunun üçün bizim vaxtımız yoxdur”. Bu dünya ilə daha çox maraqlanan balacama ən çox dediyim söz belə olurdu: "Tələs, gedirik”.

Beləcə, mən günə bu sözlərlə başlayırdım:
 
Tez ol, biz gecikirik.

Və bu sözlərlə bitirirdim:

Biz tələsməsək, hər şeyi qaçırdacağıq.
 
Mən günə bu sözlərlə başlayır:
 
 
Tez yeməyini ye. Tələs, paltarını geyin.

Və günü bununla bitirirdim:

Tez dişlərini fırçala. Tez ol, yatağına gir və yat.

"Tələs”, "tez ol” sözlərini çox tez-tez istifadə etsəm də, bu mənim övladımın sürətinə təsir etmirdi. Amma yenə də,  mən onları deməkdən usanmırdım. Hətta, "səni sevirəm” sözünü onlardan daha az deyirdim.
 
Bir gün hər şey dəyişdi. Biz böyük qızımızı uşaq baxçasından götütüb evə gətirirdik. Maşından düşəndə böyük qızımız balacaya üzünü tutub "sən necə də astagəlsən” - dedi. Mən onun əllərini sinəsində çarpazlayıb dərindən ah çəkməsini gördüm. Həmin an onun mənə nə qədər oxşadığını anladım. Bu ürəkparçalayan mənzərə idi.

Dünyadan sadəcə həzz almağa çalışan bu balaca qızı mən daima tələsdirmiş və irəli itələmişdim.

Hər şeyi anladım. Anladım ki, mənim bu tələsik həyat tərzim bu qızlara necə pis təsir edib. Balaca qızımın gözlərinin içinə baxaraq, doluxsunmuş şəkildə dedim: "Çox təəssüf edirəm ki, səni həmişə tələsdirmişəm. Sənin astagəl olmağın mənim xoşuma gəlir. Kaş elə mən də sənə oxşayım”.

Hər iki qızım heyrətlə mənə baxırdı. Balaca qızım anlayış göstərən işıqlı gözləri ilə mənim dediklərimi təsdiqlədi.

"Mən səbrli olacağıma söz verirəm” - deyib sevinc hissləri keçirən qıvrımsaç balamı  sinəmə sıxdım.

Söz bazamdan "tələs” sözünü çox asanlıqla çıxardım. Ən çətin başa gələn isə astagəl balacanı gözləmək üçün səbir göstərmək idi. Harasa gedərəkən, hər ikimizə kömək olsun deyə onun hazırlanmasına daha çox vaxt sərf etməyə başladım. Hərdən biz gecikirdik. Həmin anlarda özümü inandırırdım ki, bu bir neçə il, yəni o böyüyənə kimi davam edəcək.

Biz qızımızla gəzərkən və ya mağazaya girərəkən ona sürətimizi azaltmağa imkan verirdim. O, nə iləsə maraqlanmağa başlayanda, mən də həmin anlarda bütün planları beynimdən çıxardır və onun bu maraq dünyasına tamaşa edirdim. Əvvələr onun sifətində görmədiyim ifadələri müşahidə edirdim. Onun ovcundakı xətləri, gülərkən batan yanaqlarını görmək çox xoş idi. O, yanından keçən insanlarla danışmaq üçün onları çağırarkən, insanların necə qəfil dayandığına və onunla söhbət etməyə başladığına fikir verirdim. Onun gözəl gülləri necə böyük maraqla öyrənməsinə baxırdım.  O,  müşahidəçi idi. Anladım ki, bu dəli dünyamızda müşahidəçilər necə də nadir və qiymətsiz hədiyyələrdir.  Qızım mənim narahat ruhuma hədiyyə idi.

Sürəti azaldılmış yaşantıya üç il bundan əvvəl başladım. Aram həyatla yaşamaq, ətrafda baş verənlərə diqqət kəsilmək və həyatın ən vacib anlarını dəyərləndirmək məndən daha çox enerji alırdı.  Çox sevinirəm ki, bu işdə balaca qızım mənə kömək olurdu.

İstirahət günlərinin birində biz velosipedlərimizi götürüb dondurma almağa getdik. Buzlu meyvəsi olan dondurma alan qızım stolların birinə oturub əlində tutduğu qaba baxırdı. Birdən onun üzündə narahatlıq yarandı və o, üzünü mənə tərəf çevirib dedi: "Ana, mən tələsməliyəm?”.

Az qala ağlayacaqdım. Bəlkə də keçmişdəki "sürətli həyatım”ın yaraları heç zaman itib getməyəcək deyə kədərlə fikirləşməyə başladım.  

Sualı verib məndən cavab gözləyən qızıma baxıb anladım ki, mənim seçim imkanım var. Mən ya stulda oturub, qızımın həyatını öz sürətli həyatımla necə korladığım haqqında  kədərlə düşünməli... ya da, bu gün başqa cür davranmaqla bu hərəkətimin ləzzətini çıxarmalıyam.    

Mən həmin günlə yaşamağa qərar verdim.

Sakitcə "tələsmək lazım deyil” dedim. Onun üzü dərhal aydınlandı və çiyinləri rahatladı.  Biz beləcə oturaraq altı yaşlı uşağın havana gitarasında hansı mahnını çalması haqqında söhbət etdik. Rahatlıqla oturub ətrafa nəzər salır, bir-birimizə baxıb gülümsəyir və ətafdakı səslərdən həzz alırdıq. Düşünürdüm ki, o dondurmasını axıra qədər yeyəcək. Amma o, içi buz və şirə ilə dolu qaşığı mənə uzadaraq qururla dedi: "Ana, mən axırıncı qaşığı sənə saxlamışam”.

Anladım ki, həmin an həyatımın ən gözəl müqaviləsini imzalamışam. Qızıma bir az zaman verdim və o, mənə bunun qarşılığında öz ləziz və sevimli yeməyindən pay verdi.

Həmin an...
...buzlu meyvənin yeyilməsi;
...gül toplamaq;
...təhlükəsizlik kəmərinin taxılması;
...yumurtaların qatışdırılması;
... inəklərin müşahidəsi;
...və ya sadəcə gəzinti...


Bir kino lenti kimi göz önümdən axıb gedirdi...

Bundan sonra deməyəcəm: "Buna vaxtımız yoxdur!”. Çünki əslinə qalsa, bu elə: "bizim Yaşamaq üçün vaxtımız yoxdur” deməyə bənzəyir.

Ayaq saxlayın və gündəlik həyatın adi sevinclərindən həzz alın. Həqiqi yaşamaq elə budur”.

Mənbə: AdMe.ru
Tərcümə etdi: Emin Aslan
ANN.Az





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM