Təmtəraqlı qəbir yeri düzəltdirmək günahdırmı?

10:45 | 23.07.2014
Təmtəraqlı qəbir yeri düzəltdirmək günahdırmı?

Təmtəraqlı qəbir yeri düzəltdirmək günahdırmı?

Kənan Rövşənoğlu: “Gərək müsəlmanın qəbiri sadə olsun, digərlərindən fərqlənməsin və zamanla itsin...”
Türkiyənin 9-cu prezidenti 90 yaşlı Süleyman Dəmirəl üçün möhtəşəm anıt-məzar hazırlanır. Dəmirəlin dünyaya gəldiyi İsparta şəhərinin İslamköy kəndində hazırlanan anıt-məzar 58 000 kvadratmetr ərazini əhatə edir. Bu isə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün movzoleyinin olduğu “Anıtqəbir”dən də böyükdür. 
Tikintisi Dəmirəlin mühəndis qardaşı Şövkət Dəmirəl tərəfindən başladılan məzarlığın bu ilin axırına kimi başa çatması gözlənilir. Məlumata görə, bu ərazidə dünyanın hər yerindən ağaclar əkiləcək, həmçinin S. Dəmirəlin 9-cu prezident olmasının rəmzi kimi 9 süni göl yaradılacaq. Süleyman Dəmirəlin də vaxtaşırı bu yerə gedərək tikinti işləri ilə tanış olduğu bildirilir.
Qeyd edək ki, bir çox ölkələrdə bu cür təmtəraqlı qəbirlər mövcuddur. Məsələn, Rumıniyada ölümdən sonrakı həyatın varlığına inananlar özləri üçün VİP qəbirlər düzəltdirirlər. Məzarlardakı dəyərli əşyalar xüsusi sistemlə qorunur. Buxarestdə düzəldilən qəbirlər  görənləri heyrətləndirir. Rumıniya vətəndaşlarının görməyə öyrəşdikləri bu mənzərə ən çox da turistləri təəccübləndirir. Böyük bir əraziyə sahib olan varlı qəbirlərində hər şey var.  Məzarlıqdan daha çox kiçik saraylara bənzəyən qəbirlər xüsusi dizaynla inşa edilib. Ailə qəbiristanlığında olan məzarlarda qızıl işləmələrdən, mərmər sütunlara, peyzajlara qədər hər şey düşünülüb. Qəbirlərdəki dəyərli əşyalar xüsusi olaraq quraşdırılmış sistemlə oğrulardan qorunur. Qəbiristanlıqda diqqəti cəlb edən əşyalardan biri də elektrik sayğacıdır. Qəbirlərin qarşısındakı mərmərdən düzəldilmiş masa və stullardan xüsusi tədbirlər zamanı istifadə edilir. Ölkənin varlı adamları özlərinə belə qəbirlər hazırlasalar da, adi vətəndaşlar yaxınlarını dəfn edərkən çətinliklərlə üzləşirlər.
Azərbaycanda da diri ikən özünə təmtəraqlı qəbir yeri, heykəl düzəltdirənlər az deyil. Bunlara VİP qəbirlər deyilir. Hətta içərisində bir neçə çarhovuzu olan və mərmərlərlə bəzədilmiş, sahəsi nəinki bir ailənin, bir nəslin dəfn olunmasına yetəcək qəbir yerləri var.
Maraqlıdır, insanın sağlığında özünə bu cür təmtəraqlı bir qəbir düzəltdirməsi günah hesab edilirmi?
Dini ekspert Kənan Rövşənoğlu insanın sağlığında qəbir götürməsi təcrübəsinin tez-tez rast gəlinən hal olduğunu dedi: “Ölümü xatırlamaq üçün özünə qəbir qazdıranlar kifayət qədərdir. Bunun bir növ dəbə çevrilməsi və böyük məbləğdə xərc çəkilməsi günahdır. Bu, islam dinində ən böyük günahlardan sayılır. Gərək müsəlmanın qəbiri sadə olsun, digərlərindən fərqlənməsin və zamanla itsin. Şeyxlər olub ki, sağlığında qəbir yeri götürərək arada gedib baş çəkirmişlər. Qəbiristanlığa bir növ ibrət yeri kimi baxırmışlar”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM