Terrorçulara qoşulanlar Azərbaycan vətəndaşlığını itirəcəklər

18:01 | 04.12.2015
Terrorçulara qoşulanlar Azərbaycan vətəndaşlığını itirəcəklər

Terrorçulara qoşulanlar Azərbaycan vətəndaşlığını itirəcəklər

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər məsələsi müzakirə edilib. Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O deyib ki, dəyişiklik ekstremist fəaliyyətlə məşğul olanların Azərbaycan vətəndaşlığını itirməsini nəzərdə tutur.

Deputat Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-ci maddəsinə əsasən,  kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.

I vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki,  burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. 

""Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsində vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir”.

Ə. Hüseynli Q. Həsənquliyevi ictimaiyyəti çaşdırmamağa çağırıb.

Beləliklə, qanuna nəzərdə tutulan dəyişiklik qəbul edilib. Azərbaycan vətəndaşları ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, terror fəaliyyətinə yönəldilmiş hərəkətlərinə görə vətəndaşlıqlarını itirə bilərlər.

Bundan başqa, Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması vətəndaşlığının itirilməsi ilə nəticələnir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM