“Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir”

22:09 | 11.06.2015
“Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir”

“Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir”

Bu gün Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron və Meksikanın Azərbaycana yeni təyin olunmuş səfiri Xuan Rodriqo Labardini Floresi qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabr ayında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş etdirilmiş prinsipal və ədalətli mövqeyə görə Azərbaycan hökuməti adından dərin təşəkkürünü bildirib.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Ə. Həsənov xalqımızın sülhsevər olduğunu, bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu, ölkəmizin Avropanın ən böyük mədəni tədbirlərindən olan "Eurovision” mahnı müsabiqəsinə, bu gün isə tarixdə ilk dəfə keçirilən "Bakı 2015” Birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini  bildirib.
 
Baş nazirin müavini qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İKT və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Onun sözlərinə görə, rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır: "Lakin terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul olunmuş  qətnamələrə  məhəl qoymur. Dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Bütün bunlar isə beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu göstərir”.
 
Q. Barron isə Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyini, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. O, "Bakı 2015” Birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb. Meksika Senatının xarici əlaqələr komitəsinin  sədri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd edib.
 
Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM