Tərtər işi – zərərçəkənlər məhkəmədə nə danışdılar?.. - MƏHKƏMƏDƏN REPORTAJ

11:53 | 16.02.2024
Tərtər işi – zərərçəkənlər məhkəmədə nə danışdılar?.. - MƏHKƏMƏDƏN REPORTAJ

Tərtər işi – zərərçəkənlər məhkəmədə nə danışdılar?.. - MƏHKƏMƏDƏN REPORTAJ

 


Bakı Hərbi Məhkəməsində "Tərtər işi” üzrə məhkəmələr davam edir. Söhbət 2017-ci ilin ortalarında yüzlərlə hərbçinin işgəncə olunmasından, həmin işgəncələr altında hərbçilərdən alınmış ifadələr əsasında xeyli hərbçinin vətən xaini kimi həbs olunmasından gedir. Vətən xaini adı altında həbs olunanların, işgəncələrdən ölənlərin ailələri davamlı aksiyalar, müraciətlər etdikdən, bu məsələ kifayət qədər ictimailəşəndən sonra Prezident İlham Əliyev "Tərtər işi”nin yenidən araşdırılmasına göstəriş verib.

 

2021-ci ilin delabrında iş təzələnib, vətən xaini kimi tutulanların çoxu bəraət alaraq azadlığa buraxılıb. (10 nəfər hələ də həbsdədir, ailələri azadlığa buraxılmalarını tələb edir – red.) İşgəncə verməkdə təqsirləndirilənlər həbs olunub. Məhkəmələr Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Bu iş üzrə dörd qrupun məhkəməsi başlamışdı, qruplardan ikisinin məhkəməsi başa çatıb. Hazırda iki qrupun işi zərərçəkən və şahid ifadələriylə davam edir. Məhkəmə iclasına hakim Zeynal Ağayev sədrlik edir. Son vaxtlar hakim zərərçəkənlər barəsində məcburi gətirilmə qərarı çıxarmaq məcburiyyətində qalıb. Elə fevralın 15-də də zərərçəkənlər məcburi gətirilmə qərarıyla məhkəməyə gəlmişdilər. Bu dəfə məhkəməsi davam edənlərsə general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev, Cümşüd Qurbanov, Cavid Ağadadaşov və Fuad Axundov idi.

 

 

Əvvəlcə N saylı hərbi hissənin əsgəri olmuş Asiman Abbasov ifadə verib. O, bildirib ki, 2017-ci ilin mayında (dəqiq günü xatırlamır) gecə saatlarında hərbi hissədə yatarkən onu və əsgər yoldaşlarını qəfil yuxudan oyadıblar. Qarşısında maskalı şəxsləri görüb. Onun və əsgər yoldaşlarının gözlərini, qollarını bağlayaraq həmin hərbi hissənin zirzəmisinə aparıblar. İşgəncələr başlayıb, zərərçəkən işgəncələrdən danışarkən qorxu və həyəcan səsində duyulurdu: "Məni cinsiyyət orqanımdan asdılar. Ayağımın altına taburetka qoymuşdular, barmaqlarının ucunda dayanmışdım, cinsiyyət orqanıma ip bağlayıb, ipi yuxarı çəkib bağlamışdılar. Bir tərəfdən də bədənimə tok verirdilər. Eləcə deyirdilər ki, erməniyə niyə satılmısan. Elə adamların adlarını çəkirdilər ki, mən onlarla heç vaxt postda olmamışam. Məni onların üzünə qoymaq üçün işgəncə verirdilər. Deyirdim, nə danışırsız, nə erməni, nə satılmaq... Heç nədən xəbərim yoxdur. Mən belə dedikcə, toku gücləndirirdilər. Sonra da üzümə ağ mələfə atdılar, başımı su çəlləyinə salıb, boğmağa başladılar”.

 

 

Asiman Abbasov ifadəsində göstərib ki, işgəncələrə dözə bilməyib, yalan ifadə verməyə məcbur olub. İki gün davam edən işgəncələrdən sonra onu və onunla bərabər işgəncə olunan əsgər yoldaşlarını Bərdəyə hərbi polisə aparıblar, on gün orada saxlanılıblar.

 

Hakim: - Bərdə polisində işgəncə gördünüz?

 

Zərərçəkən: - Yox, orda sakitlik idi.

 

 

Vəkillər və dövlət ittihamçısı zərərçəkənə suallar verib. Vəkillərdən biri ondan işgəncə yerində Elşən Niyazovu görüb-görmədəiyini soruşub. Zərərçəkənin cavabı belə olub: "Ordaydı, bizi lüt soyundurub, işgəncə verirdilər, zampalit Elşən Niyazov telefonla bizi çəkirdi, deyirdi ki, bunu çəkib, sosial şəbəkələrə qoyacam, qoy nəsliniz baxsın, biyabır olasız”. (Elşən Niyazovun adı "Tərtər işi”ylə bağlı digər məhkəmələrdə də dəfələrlə çəkilib. Zərərçəkənlər ifadələrində bildiriblər ki, Elşən Niyazov işgəncə yerinə gələrək onları sillələyib, müstəntiqlərin istədiyi ifadəni vermələrini tələb edib-red.)

 

 

Sonrakı suallara zərərçəkən hadisələrin üzərindən 7-8 il ötdüyü, üstəlik, işgəncələr nəticəsində onda yaddaş zəifliyi yarandığı üçün xatırlamadığını vurğulayıb. O, məhkəmədən Tərtər işgəncələrinin təşkilatçı və icraçılarının həbs olunaraq cəzalandırılmasını tələb edib.

 

 

 

 

 

 

 

 

Sonra zərərçəkən Cəlil Məmmədov ifadə verib. Cəlil Məmmədov 2017-ci ildə N saylı hərbi hissənin snayper bölüyündə müddətli əsgər kimi xidmətdə olub. Məhkəməyə danışıb ki, hərbi xidmətə yeni başlayıbmış. 2017-ci ilin mayında hərbi hissənin təbb məntəqəsində müalicə olunarkən gəlib onu hərbi hissənin komandiri Teymur Məmmədovun yanına aparıblar: "Komandir dedi ki, erməniyə satılanlar var, nə bilirsənsə, danış. Dedim, mən təzə əsgərəm, heç nədən də xəbərim yoxdur, bu barədə heç nə eşitməmişəm. Teymur Məmmədov göstəriş verdi ki, aparın bunu, burda danışmır, orda dili açılar. Gözlərimi, qollarımı bağladılar. Mingəçevirdəki N saylı hərbi hissədə açdılar, orda olmazın işgəncələrə məruz qaldım. Məndən tələb olunurdu ifadə verim ki, guya məni və əsgər yoldaşlarımı manqa komandiri Vəli Xəlilovla gizir Orxan Babayev erməniyə apararaq zorlatdırıblar”.

 

 

Zərərçəkən məhkəməyə bildirb ki, cinsiyyət orqanı toka verilib, su çəlləyində boğulub, işgəncələrə dözmədiyi üçün müstəntiqlərin tələb etdiyi şəkildə ifadə verməyə məcbur olub, Vəli Xəlilovun və Orxan Babayevin üzünə durub.

 

 

Hakim zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Sonra isə üzünü zərərçəkənə tutub: "Sənin və digər 9 nəfərin yalan ifadəsi əsasında Vəli Xəlilovla Orxan Babayev həbs həyatı yaşayıb. Gizir Orxan Babayev ümumiyyətlə, 4 ay imiş ki, gizir məktəbini bitirib, həmin hərbi hissəyə gizir kimi gəlibmiş. Vəli Xəlilova 16 il həbs cəzası verilib, adam 5 il 7 ay sənə görə həbsdə qalıb, sonra bəraət alıb. O, həbsdə qaldığı müddətdə ailəsi dağılıb, atası dünyasını dəyişib. Adama vətən xaini damğası vurulduğu üçün hamı ailəsindən üz döndərib.

 

 

Məhkəmə zalında əyləşən zərərçəkənlərdən biri Tofiq Əhmədov ayağa qalxaraq ifadə verən zərərçəkən Cəlil Məmmədova sual vermək üçün hakimdən icazə istəyir. O, zərərçəkəndən "deyək ki, ordudaydın, başının üstündə vəzifəlilər vardı, doğruları söyləməyə qorxurdun ki, tutub, aparıb yenə işgəncə verərdilər. Axı sən ordudan tərxis olunub ecinə qayıdandan sonra da gedib doğruları bildirməmisən, Tərtər Hərbi Məhkəməsində adamların üzünə durmusan. Bunu necə izah edə bilərsən?

 

 

Hakim üzünü ifadə verən Cəlil Məmmədova tutur: - Yaxşı sual verdi. Doğurdan da, gedib prokurorluğa ərizəylə müraciət edə bilərdin, başına gələnləri deyə bilərdin. Bunu da edə bilməyəndə, ən azı ailənə gerçəkləri danışa bilərdin. Sən isə vaxtilə verdiyin yalan ifadəni sonradan mülki həyatda olanda gedib Tərtər Hərbi Məhkəməsində təsdiqləmisən. Sənə görə iki nəfər həbsə atılıb, həyatları dağılıb.

 

Zərərçəkən: Qorxdum.

 

Hakim: Axı nədən qorxurdun, sən artıq ordudan tərxis olunmuşdun, mülki həyata qayıtmışdın.

 

Zərərçəkən: Məni Tərtər Hərbi Məhkəməsinə Bakıdan hərbi məhkəmənin müstəntiqləri özləri taksi tutub, yola saldılar. Əlimə kağız verdilər, dedilər, bu, sənin ibtidai istintaqa verdiyin ifadədir, yolda yaxşı-yaxşı əzbərlə. Əgər məhkəmədə bu ifadəni təsdiqləməsən, başqa ifadə versən, istintaqa yalan ifadə verdiyin üçün sənin özünə cinayət işi qaldırıb, həbs edəcəklər. Məni belə qorxutdular.

 

Hakim: Sən də özün həbs olunmayasan deyə, başqa insanların üzünə yalandan durub onların həyatlarını dağıtdın, hə?

 

Zərərçəkən susur. Hakim davam edir: - Sənə uzaqbaşı yalan ifadəyə görə 6 ay cəza kəsiləcəkdi, hətta nəzərə alınacaqdı ki, sən bu yalan ifadəni işgəncə altında verisən, sənə heç cəza da verilməyəcəkdi. Sən isə... Bir insanın həyatı dağılıb.

 

Zərərçəkən susur. Hakim əsəbi şəkildə: - Hər hansı şikayətin, tələbin var?

 

Zərərçəkən: - Yox.

 

Hakim: - Get.

 

 

Daha iki zərərçəkən də dindiriləndən sonra hakim növbəti məhkəmə iclasını fevralın 22-nə təyin edib.

 

 

2018-ci ildə TərtərHərbi Məhkəməsinin hökmü iləFuad Ağayev10 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun hər biri isə 6 il azadlıqdan məhrum edilib. Tərtər işi üzrə istintaq təzələnəndən sonra onlar eyni maddələrlə ikinci dəfədir məhkəmə qarşısına çıxarılırlar.

 

Günel Əliyeva
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti