Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakim heyəti tərəfindən ayrı-ayrı qruplar şəklində baxılan "Tərtər işi” üzrə məhkəmələr davam edir. Sonuncu məhkəmə iclası "Maşıyevgilin işi” kimi tanınan qrupla bağlı olub.
Azərbaycan ordusunun keçmiş hərbçiləri Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov yüzlərlə hərbçinin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İbtidai istintaqın qənaətinə görə, bu işgəncələrdən 14 hərbçi həyatını itirib.
Hazırda zərərçəkənlər dindirilir
Hakim əvvəlcə tribunaya N saylı hərbi hissənin bölük komandiri olmuş Amil Hüseynovu dəvət edib.O, ifadəsində göstərib ki, 2017-ci ilin mayında digər bölüklərdəki əsgər və zabitlərin Marquşabandakı köhnə qərargah binasına aparıldığını, işgəncələrə məruz qaldıqlarını eşidib. Bu barədə bölükdəkiləri əsasən leytenant Təmkin Nizamioğlu məlumatlandırıb.
"Təmkin işgəncə yerinə yemək daşıyırdı. Gəlib deyirdi orda elə dəhşətlər baş verir ki...Deyirdi, adamlara işgəncə verərək boyunlarına vətən xaini olduqlarını qoyurlar. Bunları gəlib bizə danışdığına görə, özünü də gəlib apardılar. Allah rəhmət eləsin ona, 2-3 gündən sonra eşitdik ki, o da ölüb. Biz Təmkinin öldüyünü bir gizirdən eşitdik. Həmin gizir hərbi hissədə "qaynaq” işləri görürdü, dedi ki, "Təmkinin cəsədi olan tabutu mənə "qaynaq etdirdilər” və göndərdilər evinə...”
Amil Hüseynov ifadəsinə davam edərək deyib ki, Təmkin Nizamioğlunun ölüm səbəblərini araşdırmağa başlayıb. Ona bildirilib ki, baş leytenant bölükdəki əsgərlərdən pul alıb, onları incidib. Ancaq deyilənlər təsdiqini tapmayıb.
"Dedim ki, əsgərləri bir-bir danışdırmışam. Təmkin heç kimdən pul almayıb, heç kimi incitməyib. Gördülər, bu işin üstünə çox gedirəm, özümü də işgəncə yerinə göndərdilər. 5-ci bölüyün komandiri idim. Boynuma qoyurdular ki, bölükdən erməniyə işləyənlər var. Belə əsaslandırırdılar ki, 4 və 6-cı bölükdə satqın varsa, ortadakı 5-ci bölükdə də olmamış deyil. Gətirib Qorxmaz Qəhrəmanovu üzümə durğuzdular. O da indi bu məhkəməyə zərərçəkən kimi gəlib-gedir. Yazığa o qədər işgəncə vermişdilər ki, ayaq üstə dayana bilmridi, dili söz tutmurdu. Guya Qorxmaz mənə silah verib, mən də o silahı erməniyə vermişəm. Dedim, silahlar jurnalda qeydiyyata düşür, kənara silah vermək mümkünsüzdür”, - Amil Hüseynov vurğulayıb.
Zərərçəkənin sözlərinə görə, əvvəl Marquşavandakı köhnə qərargah binasında işgəncələrə məruz qalıb. Sonra isə digər işgəncə görənlərlə birlikdə Bakıya hərbi polisin quvvaxtına gətirilib, bir neçə gün ərzində işgəncə görüb, yenə izahat yazmayıb. Oradansa Mingəçevirdəki N saylı hərbi hissəyə kütləvi işgəncələrin verildiyi növbəti ünvana gətiriliblər, işgəncələr burada da davam edib.
"Bizi aldatdılar ki, təmiz çıxmısız, hərbi hissəyə qayıdırsız. Ancaq avtobus Mingəçevirə gedəndə başa düşdük ki, yenə işgəncəyə aparılırıq. Orada mən əsasən fiziki işgəncəyə yox, təhqir və aşağılamalara məruz qaldım”, - Hüseynov bldirib.
Bütün baş verənlərdən sonra Amil Hüseynova vətən xaini söhbətində təmiz çıxdığını deyiblər, elə Mingəçevirdə olduğu müddətdə ordudan tərxis olunaraq evə buraxılıb. Ancaq özü dediyi kimi, ondan əl çəkmələri də zərərsiz ötüşməyib. Hərbi biletinə "xidmətə uyğunsuz” yazılıb. Bu isə hazırda orduya qayıtmasına əngəllər yaradıb:
"Möhtərəm hakim, bu necə olur ki, məni ehtiyatda olan zabit kimi 44 günlük müharibəyə çağırirlar, Şuşa uğrunda döyüşürəm, yaralanıram, hətta kapitan rütbəsi verilir, ancaq orduda işləmək üçün müraciət edəndə deyirlər, hərbi biletində "xidmətə uyğunsuz” yazılıb. "Xidmətə uyğunsuz” idimsə, kapitan rütbəsi niyə verirdilər?", - Hüseynov hakimə sual verib.
Hakim: - İndi tələbiniz nədir?
Zərərçəkən: - Orduya bərpa ola bilmirəm. 4 aydan çoxdur ki, Prezidentə, vitse-prezidentə, Müdafiə Nazirliyinə, Baş prokurorluğa müraciət etmişəm. Ancaq heç birindən cavab ala bilmirəm.
Hakim: - Bu məhkəmə o işlərə baxmır. Buna görə siz inzibati məhkəməyə müraciət edə bilərsiz.
Məhkəmə daha sonra sözü işgəncələrdən ölən leytenant Təmkin Nizamioğlunun hüquqi varisi olan atası Nizami Quliyevə verib. O, məhkəməyə danışıb ki, 2017-ci il mayın 15-də oğlunun meyitini qaynaq edilmiş tabutda gətiriblər.
"Kağızda yazılmışdı ki, ürək çatışmazlığından ölüb. Sonra da gah ürək dedilər, gah pnevmaniya... Oğlumu kəndə gətirib, tələsik dəfn eləmişdilər", - Nizami Quliyev bildirib.
Nizami Quliyev oğlunun ölümünün əsl səbəblərinin araşdırılması üçün 5 ildən çox prokurorluq qapılarında qalmasından da danışıb.
"5 il Prezidentə yazdım, Mehriban Əliyevaya yazdım, baş prokurora yazdım... Məni eşidən olmadı. Bu iş təzələnəndən sonra nəhayət, keçən ilin mayında qəbiri açdılar, ekshumasiya keçirildi, oğlumun işgəncələrdən öldüyü təsdiqləndi”, - Quliyev əlavə edib.
Bundan əvvəlki məhkəmədə ata bildirmişdi ki, oğlunu dəfn edəndə nə onu, nə də digər qohumlarını gözləməyiblər. Ailəyə göndərilən məktublardan birində oğlunun təcridxanada, digərində isə reanimasiya şöbəsində vəfat etdiyi yazılıb. Ata onu da deyib ki, oğlu aprel döyüşlərində fəal döyüşüb, neytral zonada qalan əsgərlərimizin nəşlərini çıxarıb.
Hakim Nizami Quliyevdən məhkəmədən nə tələb etdiyini soruşanda o, "bu Tərtər işgəncələrində əli olmuş ən kiçikdən böyüyə kimi, yəni Zakir Həsənova qədər kim varsa, hamısının cəzalandırılmasını tələb edirəm" cavabını verib.
Zərərçəkən Ramil Ağayev də məhkəmədə dindirilib.
Onun sözlərinə görə, hər şey sürücü olduğun bölükdən başlayıb.
"Hamı bilir ki, hər şey bizim bölükdən başlayıb. Səbəbini də indi danışacam. Bir neçə günlük məzuniyyətim başa çatdı və mən bölüyə qayıdanda gördüm ki, bölüyü tamamilə sıradan çıxarıblar. Bizdə elə idi ki, bölük komandirini mən də əvəz edə bilərdim. Həmin gün qayıdanda dedim ki, komandiri mən əvəz etmək istəyirəm. Qətiyyətlə dedilər ki, olmaz. Gördüm ki, ən peşəkar, görmə qabiliyyəti güclü əsgərləri başqa bölüklər arasında paylaşdırıblar. Mənim bölüyüm ən güclü bölük idi. Çünki erməni ilə aramızda olan məsafə o qədər yaxın idi ki, bir-birimizi görür, eşidirdik. Həmişə posta ən peşəkar, çevik əsgərlər çıxarılırdı. Hiss olunurdu ki, nə isə hazırlanır. Müzuniyyətdən qayıtmağımdan bir neçə saat sonra məni post qurmaq üçün kərpic qəlibi gətirmək bəhanəsiylə evə yolladılar. Evdə olanda zəng gəldi ki, əsgər erməniyə tərəf keçmək istəyib, gəlib, aparıblar dindirməyə. (Söhbət "Tərtər işi”nin ucunu qoymuş əsgər Turan İbrahimovdan gedir. O, neytral zonaya keçdikdən sonra orduda "xain ovu” başlayıb, yüzlərlə hərbçi işgəncəyə məruz qalıb – red)", - Ramil Ağayev bildirib.
O, məhkəməyə deyib ki, Turan İbrahimov orduya yararsız olduğuna görə əlacsız qalaraq onu "kaçiqar” (istixanada çalışan adam , - red) işinə qoyublar.
"O uşaq posta qoyulası deyildi. Məni bölükdən yola salıb, onu qəsdən posta qoymuşdular. Biz ona iş tapşırmırdıq, anormal uşaq idi. Eləsini necə erməni ilə üz-üzə posta qoymaq olardı? Hər şey əvvəldən qurulmuşdu. Marquşavandakı köhnə qərargahın binasının yanında dayanmaq olmurdu. İşgəncədən çığıran insan səsləri bir-birinə qarşırdı, insan az qalırdı havalansın. Hərbi hissədən əsgərlər gətirilirdi, həmin əsgərlər gün ərzində beton döşəmələrdəki qanları yumaqla, qanlı paltarları binanın arxasında yandırmaqla məşğul idi”, - Ağayev vurğulayıb.
Ramil Ağayev deyib ki, özü də işgəncələrə məruz qalıb.
"Sanki qana susamışdılar, insanlıqdan çıxmışdılar. Mənə deyirdilər ki, erməniyə satılmısan. Dedim, burada Tərtərdə, sizin dayandığınız torpağın üstünə mənim atam İnqilab Ağayevin qanı axıb, Birinci Qarabağ Müharibəsində şəhid olub”, -Ağayev deyib.
İttiham aktında yazılıb ki, həmin bölüyün bütün üzvləri işgəncəyə məruz qalıb, zorlanıb, toka verilib, su ilə dolu çəlləklərdə boğulub və s. Bölükdən olan Mehman Hüseynov və Elxan Ağazadə isə işgəncələrdən ölüb.
Maşıyevgil Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl "Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub. Tutulanların ailə üzvləri onların müharbədə iştiraklarını, təltiflərini önə çəkərək azadlığa buraxılmalarını istəyiblər.
Onlar əsgərlərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz
saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər.
İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub.
Prokuror İttiham aktını elan etdikcə məhkəmə salonundakı zərərçəkmişlərin əsəbləri
tab gətirmir, hətta bəzilərinin halı pisləşir, təcili yardım gəlir. Bu zərərçəkmişlərin
çoxu işgəncələrdən sağlamlığını itirib, bir qisminin valideynlərinin ürəyi tab
gətirməyib, vəfat ediblər, bir qisminin isə ailəsi dağılıb.
Tərtər cinayətlərinə görə tutulanlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə
çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb
olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar,
qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrlə ittiham olunurlar.
İşlər də eyni hakimin icraatındadır.
Vəkillər hesab edirlər ki, bu işlər
birləşdirilməlidir. Çünki ayrı-ayrı icraatda olan eyni işlərə eyni hakim baxa
bilməz. Onlar hətta buna görə vəsatət də qaldırıblar. Ancaq b vəsatətlər təmin olunmayıb.
2021-ci ilin dekabrında "Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə
452 nəfər zərərçəkmiş qismində tanınıb.
Günel Əliyeva
www.anews.az