Agentlikdən “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı xəbərdarlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” və “WhatsApp Business” hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
Agentlik vətəndaşları mümkün risklərin azaldılması üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
İstifadəçilərə tətbiqin “Bağlı cihazlar” bölməsini yoxlamaq və tanımadıqları cihazlardan dərhal çıxış etmək tövsiyə olunub. Qeyd edilib ki, hesab telefonda normal işləsə belə, başqa cihaz vasitəsilə də istifadə oluna bilər.
Hesabların təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi və bərpa məqsədilə etibarlı elektron poçt ünvanının əlavə edilməsi məsləhət görülüb.
Agentlik SMS təsdiq kodlarının, cihazı əlaqələndirmə kodlarının və təhlükəsizlik PIN-kodunun heç kimlə paylaşılmamasının vacibliyini vurğulayıb. İstifadəçilərə özlərinin başlatmadığı giriş sorğularını təsdiqləməmək, saxta bildirişlərə və şübhəli QR-kodlara qarşı diqqətli olmaq tövsiyə edilib.
Bildirilib ki, “Hesabınız bağlanacaq”, “biznes hesabınızı təsdiqləyin” və ya “dəstək xidməti” adı altında göndərilən saxta keçidlər hesabların ələ keçirilməsi üçün istifadə oluna bilər.
MKA tətbiqlərin yalnız rəsmi mağazalardan yüklənməsini, telefon və tətbiqlərin mütəmadi yenilənməsini də tövsiyə edib. Biznes hesablarında bağlı cihazlara çıxışın yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırılması, işdən ayrılan şəxslərin giriş hüquqlarının isə dərhal ləğv edilməsi vacib sayılıb.
Hesaba müdaxilə şübhəsi yarandıqda naməlum cihazlardan çıxış etmək, hesaba giriş itirildikdə isə nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirmək tövsiyə olunub. İstifadəçilərə, həmçinin əlaqələrini onların adından göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə xəbərdar etmək məsləhət görülüb.
Agentlik vurğulayıb ki, iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi icazəsiz girişləri avtomatik aradan qaldırmır. Buna görə də hesabla əlaqələndirilmiş cihazları ayrıca yoxlamaq vacibdir.