TQDK-dan jurnalist olmaq istəyənlərə MÜRACİƏT

14:57 | 24.07.2014
TQDK-dan jurnalist olmaq istəyənlərə MÜRACİƏT

TQDK-dan jurnalist olmaq istəyənlərə MÜRACİƏT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. 
Lent.az-ın məlumatına görə, bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq. Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet sayıtından çap edəcəklər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunacaq. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq. Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. 
Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
Daha ətraflı məlumat TQDK-nın facebook səhifəsində yerləşdirilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM