TQDK: "...əsas səbəb erkən nikahlardır"

18:31 | 25.02.2015
TQDK:

TQDK: "...əsas səbəb erkən nikahlardır"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın cənub rayonlarında buraxılış imtahanı verən 11-ci sinif şagirdləri arasında qızların sayının azalmasının əsas səbəbinin erkən nikahla bağlı olması qənaətindədir.

Komissiyadan Trend-ə verilən məlumata görə, 2014-cü ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin (cari ilin məzunları) 53,67%-ni (60 042 nəfər) oğlanlar, 46,33%-ni (51 826 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında isə mənzərə bir qədər fərqli olub və imtahanda iştirak edən şagirdlərin 55,96%-ni (46 501 nəfər) oğlanlar, 44,04%-ni (36 592 nəfər) qızlar təşkil edib.

Qeyd olunub ki, ölkə üzrə hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxın olsa da, ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur: "Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47,73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39,04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Hesab edirik ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda erkən yaşda nikahların bağlanması hallarının azaldığını bildirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM