Valideyn Komitələri ləğv ediləcək

13:17 | 03.12.2015
Valideyn Komitələri ləğv ediləcək

Valideyn Komitələri ləğv ediləcək

Bu gün təhsilin keyfiyyətinin artırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən müxtəlif işlər görülür. Lakin ümumtəhsil məktəblərində təhsilin geriləməsinə səbəb olan bəzi amillər hələ də qalmaqdadır.

Bunlardan biri və birincisi valideyn komitələridir. Belə ki, illər öncə başqa məqsədlər üçün yaradılan bu qeyri-formal təşkilatlar sonradan orta məktəblərdə rüşvətin və korrupsiyanın yayılmasına və genişlənməsinə xidmət etməyə başlayıb.

İl ərzində müxtəlif bayramlarda, Müəllimlər günündə, Yeni il, Novruz bayramı, 8 mart Qadınlar günü, eyni zamanda məktəb üçün süpürgəpulu, fond pulu yığılmasını valideyn komitələri edir. Bu komitələr elə edib ki, artıq valideynləri dərs maraqlandırmır. Artıq bununla bağlı dəfələrlə şikayətlə edilib və Nazirliyə iradlar bildirilib. Hər dəfə də Nazirlik bunu nəzərə alacaqlarını desə də, ortada real iş görünmürdü. Amma deyəsən aidiyyatı qurum bununla bağlı fəaliyyətə keçib.


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib ki, yeni keyfiyyətdə valideyn komitələri yaradılacaq. Onun sözlərinə görə bununla bağlı artıq işlərə də başlanılıb.

"Təhsil Nazirliyi bütün bu iradları nəzərə alaraq yeni keyfiyyətdə valideyn komitələrinin yaradılması məqsədilə yeni format üzərində işləyir. Yaxın vaxtlarda bunun nəticələrini görəcəyik”, deyə C.Valehov qeyd edib.

Bu, o deməkdir ki, indiki valideyn komitələri ləğv ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM