Vətənə xidmət və ictimai asayişi qorumağın sonu- iflic

20:21 | 05.11.2015
Vətənə xidmət və ictimai asayişi qorumağın sonu- iflic

Vətənə xidmət və ictimai asayişi qorumağın sonu- iflic

Seymur Kazımov, Ağcabədi

Bədəninin sol tərəfi iflic olub. Daxili İşlər Nazirliyi onu xəstəliyinə görə təqaüdə göndərsə də, polis idarəsində iş zamanı insult keçirməyi haqqında növbətçi hissəyə məlumat verilməməsi onu  349 AZN pensiya və xəstəliyi ilə təkbaşına qoyub.

"Günlərlə ac qalırdıq, meşədə meyvə tapıb yeyir, tərimizi əlimizə sürtüb ağzımıza vururduq ki, dodağımız qurumasın, yağış suyu paltarımızı əyinmizdə yuyur, günəş isə qurudurdu... bunu heç düşmənimə də arzularımar,” deyir sabiq polis mayoru, 59 yaşlı Ağcabədi rayonu, Hüsülü kənd sakini Tahir Əhmədov.

2007-ci il yanvarın 16-da  Ağdam Rayon Polis İdarəsinin əməkdaşı mayor Əhmədov vəzifə başında olarkən qəfil insult keçirir. "Bir gün sonra Ağdamda Olimpiya Kompleksinin açılışı olacaqdı, dövlət başçısı mərasimlə əlaqədar rayona gələcəkdi. Hamımız buna hazırlaşırdıq. Gecə saatlarında özümü pis hiss etdim, tezliklə məni xəstəxanaya çatdırdılar. Bədənimin 50 faizi iflic olmuşdu,” xatırlayır Əhmədov.

2007-ci ilin iyul ayında təqaüdə göndərilir. "Daxili İşlər Nazirliyinə mənim məhz iş vaxtı xəstələnməyim barədə məlumat verilmir. Nəticədə mən 260 AZN ilə pensiyaya göndərilirəm. Hazırda artımla əlaqədar bu məbləğ 349 AZN təşkil edir. Normalda isə əmək haqqımın 83 faizi məbləğində təqaüd almalıyam.”

Belə ki, Əhmədovun sözlərinə görə, qəzanın iş zamanı baş verməsi ilə bağlı həkim rəyi olsa da, DİN Arxiv İdarəsində bununla bağlı məlumat yoxdur. DİN rəhbərliyinə çoxsaylı teleqramlar vurduğunu deyən Əhmədov, bugünədək nazirin qəbuluna düşə bilmir.

Mayor Əhmədov polis orqanlarında xidmətə 1991-ci ildə Dağlıq Qarabağda başlayıb. Buradan da müharibəyə yollanıb. "Şuşa, Goranboy, Tərtər, Qubadlı, Cəbrayıl, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci ilin iyununda Əsgəranda olarkən hücum əmri verildi, yüksəkliyi aldıq, amma müqavimət göstərə bilmədik, geri çəkildik. 51 əsgərim vardı. 1 ölü, 1 itki, 11 yaralımız oldu.”

Dağlıq Qarabağ Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçdikdən sonra Tahir Əhmədov Ağdam polis idarəsində Post Patrul Xidmətinin rəisi vəzifəsində çalışıb.
Qəfil insult keçirməyinin səbəbini müharibədə görür. "Dəfələrlə qrad, snaryad düşüb yanıma, əsgərlərim gözümün qabağında ölüblər... bir dəfə də özüm güllədən qaçanda qayalıqdan düşdüm, ayaqlarım tutuldu, 3 aylıq müalicə aldım. Nəticəsi də belə. Sol tərəfim işləmir, iynə-dərmanı da qohumlarım alır.”

...Cavidin 14 yaşı var, 9-cu sinif şagirdidir. Amma tez-tez dərslərini buraxır. Evdə qalıb atasına kömək edir, təsərrüfat işləri ilə məşğul olur, qoyunları otarır. Həmyaşları ilə oynamağa da vaxtı yoxdur. Ən böyük arzusu isə oxumaqdır.
 
*Bu məqalə "Beynəlxalq Həyəcan" təşkilatının "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi "Beynəlxalq həyəcan" və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM