Əfqanıstanda “Taliban”a münasibət necədir? - Video
![Əfqanıstanda “Taliban”a münasibət necədir? - Video Əfqanıstanda “Taliban”a münasibət necədir? - Video](https://anews.az/photo/850x500/2021-09/1632244184_kabill.jpg)
Bu ilin avqustunda "Taliban” hərəkatının nəzarəti altına keçən Əfqanıstanın paytaxtı Kabildən yeni görüntülər yayılıb.
"Qafqazinfo” xəbər verir ki, "CNN” telekanalının müxbiri "Taliban” hərəkatı liderlərindən biri Mansur Haqqani ilə Kabilin ticarət həyata keçirilən əsas küçələrində vəziyyətlə tanış olub.
Xüsusilə qeyd olunur ki, Kabil şəhərinin əsas ticarət nöqtələrinə səfər edən "Taliban” lideri silahsız olsa da, onun arxasında ABŞ istehsalı silahlar daşıyan və üzərində ABŞ yazılan jiletlər geyən yaraqlıları görməmək mümkün deyil.
Bu küçələrdə isə vəziyyət çox fərqlidir. Belə ki, bəziləri "Taliban” idarəetməsindən razılıqlarını ifadə etdiyi bir zamanda, hərəkatla bağlı öz narazılığını dilə gətirənlər də az deyil.
Bir neçə satıcının sözlərinə görə, hazırda bu küçələrdə oğurluq, korrupsiya kimi halların qarşısı alınıb və indi biznes daha təhlükəsizdir. Digər bir sakinin sözlərinə görə isə, hazırda Kabildə vəziyyət çox yaxşıdır. Gənc əfqan bir-iki il əvvəl oğurluq və qarət kimi halların çox olduğunu, lakin indi həyatın daha yaxşı olduğunu iddia edib.
Yeni vəziyyətdən isə dul qadınların biri şikayət edib. Altı azyaşlı uşağı olan bu qadın işlədiyi dövlət işindən "Taliban” tərəfindən qovulub və pul verilmədən evə göndərilib. Bununla yanaşı, digər bir qadının sözlərinə görə, "Taliban” onun dərs keçdiyi qızların məktəbə getməsinə qadağa qoyub. O bildirir ki, gələn ay üçün ödəniş edilsə də, ondan sonra nə olacağına dair heç bir fikri yoxdur.
Müxbirin sözlərinə görə, əli silahlı "Taliban” yaraqlılarının yaxınlıqda olmasını nəzərə alaraq insanların özlərini əslində necə hiss etdiklərini bilmək çətindir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər