Ermənistan ŞƏT-ə üzv olmaq üçün rəsmi müraciət edib – Paşinyan

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün rəsmi müraciət edib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu addım balanslaşdırılmış xarici siyasət kursumuza uyğundur və biz bu istiqamətdə işləməyə davam edəcəyik”, — Paşinyan deyib.
Baş nazir əlavə edib ki, Ermənistan artıq təşkilatın tərəfdaşıdır və bu cür qərarlar “təsadüfi deyil”. Onun sözlərinə görə, ŞƏT-də hazırda baş verən struktur dəyişiklikləri də İrəvanın bu qərarına təsir göstərib.
Ermənistan Xarici İşlər Nazirliyi iyulun 3-də verdiyi açıqlamada ölkənin təşkilata tamhüquqlu üzv olmaq niyyətini rəsmən bəyan edib.
2024-cü ilin yayında İranın ŞƏT-dəki milli koordinatoru Mehrdad Kiai bildirib ki, Ermənistanla yanaşı Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka da müşahidəçi statusu almaq üçün müraciət edib və qurum bu müraciətlərə baxmağa hazırdır.
Aytac