Xamenei Moskvaya qaçmağı planlaşdırır
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılmasının mümkün olmayacağı təqdirdə ölkəni tərk etmək planı hazırlayıb.
Bu barədə The Times qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, 86 yaşlı İran lideri ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçməyə başlaması və ya əmrləri yerinə yetirməkdən imtina etməsi halında, yaxın çevrəsindən olan 20 köməkçi və ailə üzvü ilə birlikdə Tehrandan qaçmağı nəzərdə tutur.
“Xamenei Moskvaya qaçır, çünki onun üçün başqa təhlükəsiz yer yoxdur”, – deyə qəzetə İsrail kəşfiyyatında uzun illər çalışmış və İrandan İslam inqilabından səkkiz il sonra qaçmış Beni Sabti bildirib.
The Times qeyd edir ki, bu plan 2024-cü ilin dekabrında devrilmiş Suriya prezidenti Bəşər Əsədin təcrübəsinə əsaslanır. Əsəd Dəməşqin ələ keçirilməsindən əvvəl Moskvaya qaçaraq ailəsi ilə birləşmişdi.
N.Təbrizli