Tramp Davos-2026 Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin yanvarında İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak etməyi planlaşdırır. Tramp bu barədə Miçiqan ştatının Detroyt şəhərində İqtisadi Klubda çıxışı zamanı bildirib.
Trampın Davosda ABŞ-nin son illərdə ən geniş nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir. Dünya İqtisadi Forumunun prezidenti Berge Brende daha əvvəl agentliyə açıqlamasında 2026-cı ildə ABŞ-dən rekord sayda rəsmi nümayəndənin Davosa qatılacağını bildirib.
Mənbələrin bildirdiyinə görə, ABŞ prezidentini forumda dövlət katibi Marko Rubio, Xəzinədarlıq, Ticarət və Enerji nazirləri, Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də kürəkəni və keçmiş müşaviri Cared Kuşnerin müşayiət etməsi gözlənilir. ABŞ Konqresindən də böyük ikipartiyalı nümayəndə heyətinin Davosda iştirakı istisna edilmir.
Dünya İqtisadi Forumu 2026-cı il yanvarın 19–23-də “Dialoq ruhu” mövzusu altında keçiriləcək.
Dünya İqtisadi Forumu İsveçrədə yerləşən qeyri-hökumət təşkilatıdır və hər il siyasət, biznes və ekspert icmalarını bir araya gətirir. Forumun hazırda təxminən min iri şirkət və təşkilatdan ibarət üzv şəbəkəsi mövcuddur.