ABŞ nümayəndələrinin İsrailə planlaşdırılan səfəri ləğv edilib
ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Ağ Evin müşaviri Cared Kuşnerin martın 10-na planlaşdırılan İsrail səfəri ləğv olunub. Bu barədə İsrailin 12-ci kanalının mənbələrə istinadən yaydığı məlumatda deyilir.
Səfər çərçivəsində onların İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparması gözlənilirdi.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilir. Məlumatlara əsasən, İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra şəhərlərə zərbələr endirilib. Hücumlar zamanı İranın Ali lideri Əli Xameneinin iqamətgahının da hədəfə alındığı və onun həyatını itirdiyi iddia olunur.
İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Bölgədə gərginliyin artması aviasiya və turizm sektoruna da təsir edib. Uçuşların ləğvi nəticəsində minlərlə Rusiya vətəndaşının BƏƏ və Yaxın Şərq ölkələrində ilişib qaldığı bildirilir. Rusiya tur operatorlarının mümkün itkilərinin 10 milyard rublu keçə biləcəyi qeyd olunur.