Fransanın bayramına gedən Ermənistan rəsmiləri yedikləri qidadan zəhərlənib
Fransanın Ermənistandakı səfirliyi 14 iyul Milli Günü münasibətilə təşkil olunmuş rəsmi qəbuldan sonra bəzi qonaqlarda qida zəhərlənməsi simptomlarının müşahidə olunduğunu təsdiqləyib və hadisənin səbəblərinin araşdırılması üçün Ermənistanın Səhiyyə Nazirliyinə müraciət etdiyini açıqlayıb.
Səfirliyin yaydığı açıqlamada deyilir ki, diplomatik nümayəndəlik yaranmış narahatlığa görə qonaqlardan üzr istəyir və simptomların səbəblərinin müəyyən ediləcəyinə ümid edir.
"Fransa səfirliyi yaranan narahatçılığa görə qonaqlardan səmimi qəlbdən üzr istəyir. Fransa səfirliyi yuxarıda qeyd olunan simptomların səbəblərinin müəyyən ediləcəyinə ümid edir", - açıqlamada qeyd olunub.
Bastiliya Günü Fransanın əsas milli bayramıdır və hər il iyulun 14-də qeyd olunur. Bu münasibətlə Fransa diplomatik nümayəndəlikləri müxtəlif ölkələrdə rəsmi qəbul keçirir.
Gülnar Nazimqızı