BP-nin keçmiş regional prezidenti Qəri Cons “Xlinks” şirkətinə müşavir təyin olunub

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sabiq regional prezidenti Qəri Cons Britaniyanın bərpa olunan enerji layihələri üzrə fəaliyyət göstərən “Xlinks” şirkətinə müşavir təyin edilib. Bu barədə şirkətin açıqlamasında bildirilir.
2017-ci ilin aprelindən 2025-ci ilin oktyabrınadək BP-nin bu üç ölkədəki biznesinə rəhbərlik etmiş Q.Cons səkkiz il ərzində regiondakı hökumətlər və tərəfdaşlarla sıx əməkdaşlıq edib. “Xlinks”də bu təyinatı onun energetika və biznesin idarə olunması sahəsindəki zəngin təcrübəsi ilə əsaslandırıb və qeyd ediblər ki, regionun enerji sektorunu və onun Avropanın enerji təhlükəsizliyindəki artan rolunu Qəri Consdan yaxşı anlayan çox az adam var.
Xəzər və Qara dəniz regionlarında enerji keçidində iştirak etməyi hədəfləyən “Xlinks” Xəzər bölgəsini və Cənubi Qafqazı prioritet istiqamətlər kimi müəyyənləşdirib və bərpa olunan mənbələrdən əldə olunan elektrik enerjisinin Avropaya ixracına töhfə verməyi planlaşdırır. Qeyd edək ki, Azərbaycan və Böyük Britaniya arasında 2026-cı ilin noyabrında təsdiqlənən strateji tərəfdaşlıq sazişi neft-qaz sahəsində əməkdaşlıqla yanaşı, təmiz enerjiyə keçidi də əhatə edir.

























