Bu balaca qalereyanın içi onun sahibinin başqalarının əməyinə, istedadına və fantaziyasına hörmət və izzətlə dolub daşır. Qalereyanın daimi qonağı Azərbaycanın xalq rəssamı Tahir Salahov qalereyanın sahibinin fəaliyyətini bu sözlərlə qiymətləndirib: "Onun ictimai və yaradıcı fəaliyyəti xalqın uzaq keçmişiylə, milli incəsənət və dərin köklərlə əlaqədardır. Rəssam öz işlərində bizim zəngin tariximizi, milli özünüdərkimizi, əxlaq prinsiplərini, milli ənənələri və adətləri əks etdirməyə çalışır”.
Oxucularımıza İçərişəhərdəki küçələrdən birində yerləşən "Bakı” art-qalereyasının direktoru Eldar Babayevlə müsahibəni təqdim edirik.
- Eldar müəllim, Siz də Azərbaycanın rəssamlarının sənətə aparan ənənəvi yolunu keçmisiniz: Pionerlər evi, sonra Əzim Əzimzadə adına rəssamlıq buraxılışında təhsil və nəhayət Azərbaycan incəsənət universiteti (hazırkı Azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti).
- Bəli, mənim müəllimlər baxımından bəxtim gətirib: çevrəmizdə çox yaxşı rəssam-qrafik Nazirov Rasim vardı, Hafiz Məmmədov və Mirteyyub Xəlilov kimi parlaq pedaqoqlar bizə dərs verirdilər. Onda mən özümdə ilk dəfə təşkilatçılıq bacarıqları kəşf elədim. İncəsənət universitetində xalq artisti Oqtay Şıxəliyev, dahi rəssamlar Mikayıl Abdullayev, xalq rəssamı Nadir Qasımov (mənim diplom rəhbərim olmuşdu) müəllimlər idilər. Bu pedaqoqlara bugünəcən özümü borclu bilirəm.
İnstitutu bitirdikdən sonra mən Türkiyəyə, Kuşadasına turist şirkətlərinin birinin dəvətiylə 5 ulduzlu otelin qurulması üçün dəvət edildim. Efes milli muzeyində Səlim Tahirov və Rasim Nəzirovla birlikdə biz fərdi sərgilər keçirdik.
- Qalereyanın direktoru kimi öz fəaliyyətinizdən danışardınız.
- Əvvəlcə mən görkəmli heykəltaraşlarımız Ömər Eldarov və Rafael Gülməmmədlinin məsləhəti ilə Bakının "Qala” qalereyasında direktor oldum, paralel olaraq 6 uşaq sənət məktəbində kuratorluq etməklə, sərgilər təşkil etməklə qalereyada 11 il işlədim.
Təşkil etdiyim bəzi sərgiləri sadalayım: "British Council”la birlikdə təşkil edilən sərgi; Hindistan səfirliyində hind kuklaları sərgisi; ölkədə ilk dəfə keçirilən Fotoqraflar ittifaqının sərgisi; "Novruz” temasında "Açıq şüar” müsabiqəsi; Azərbaycan rəssamlarının "Gülüstan” sarayındakı ilk sərgi və s.
- Bəs necə oldu ki, "Bakı” qalerayasının direktoru oldunuz, açıqca yazdığınız kimi "Türkiyə, İran, Latviya, İngiltərə iş adamlarının dəstəyilə”?
- Zamanla "Qala” qalereyasında yerləşmək problemi yaranmağa başladı, bu dövlət binası idi, ancaq həmin dövrdə onun ətrafında çox sayda istedadlı rəssam toplaşmışdı. 2006-cı ildə "BBC” Bakı regional mərkəzinin direktoru, jurnalist, dostumuz, xanım Enn Tomson bizim qalereyamızın müstəqil məkana keçməsini təklif elədi, mən həvəslə razılaşdım. Müxtəlif ölkələrdən olan dostlarımızın sayəsində biz İçərişəhərə gəldik, Mirteyyub Xəlilovun təklifiylə qalereyanın adını dəyişdirib "Bakı” qoyduq.
- Qalereyada iş hansı prinsiplər üzrə həyata keçirilir?
- İşlərin seçilməsində peşəkarlıq əsas götürülür. Bizdə qeyri-peşəkarlar da sərgilənsə də, onların yaradıcılığı da sərgilənməyə layiq olub. Mən emalatxanaları gəzirəm, qalereyanın özünün rəssam komandası, ekspertləri, sənətşünasları var – Mirzə Talıbov, Ziyadxan Əliyev, Kübra xanım Əliyevayla bizi çoxsaylı müştərək layihələr birləşdirir. Həmçinin bizim ətrafımızda ədəbiyyat adamları, jurnalistlər, peşəkar fotoqraflar var. Ən əsası isə bizim qalereyamız xalqımızın milli dəyərlərini, kültürünü, etnoqrafiyasını əks etdirir.
- Rəssam olmağınız işinizdə sizə kömək edirmi? Bununla obyektivliyinizi itirmirsinizki?
- Əksinə, kömək edir. Zənnimcə, obyektivlik təkcə yaradıcılıqda əsas olmamalıdır; hər insanın daxilində özünəməxsus tərəzi olmalıdır ki, ona ətraf dünyayla harmoniyanı tutmaqda kömək etməlidir. İnsanda obyektivliyin mövcud olması paxıllığı aradan qaldırır, paxıllığın olmaması isə Həzrət Əlinin təbirincə desəm sağlamlığa faydalıdır.
- Hansı gənc rəssamlar son illərdə sizin üçün kəşf olub?
- Anar Hüseynzadə. Mərhum Toğrul Nərimanbəyov onun işlərini görəndə, çox sevindi, dedi ki, Azərbaycan rəssamlıq məktəbi istedadlar bəxş etməkdə davam edir. Tahir Salahov da onun yaradıcılığını bəyənib. Rəsmləri qalereyamızda olan digər gənc rəssam Rəşad Cabbarov Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadənin tələbəsidir. Özünəməxsus imzası olan Elçin Bünyadov da çox maraqlı rəssamdır . Bu gənc rəssamlar hələ akademiyada aşağı kurslarda oxuyanda dəstəkləməyə çalışmışam, gecələr və sərgilər keçirir, onları indi olduğu kimi bacardıqca dəstəkləyirdim.
Daha bir istedadlı gənc rəssam Vüqar Qazıyevdir, onun "çar Kiaksarın şərəfinə Qədim Midiyada zəfər ritualı” adlı sərgisini biz Rəssamlar İttifaqı və Azərbaycan tarix muzeyi ilə ilə müştərək təşkil etmişdik. Bu işi ərsəyə gətirmək üçün Vüqar 5 il vaxt sərf edib. Vüqarı bizim köhnə ustadlarımızın davamçısı adlandırmaq olar, adını çəkdiyim rəsm işi kimi istedadla şəkilmiş, monumental kətan bizdə çoxdandır ki, yox idi. Bu qəbildən olan dövlət sifarişləri Vüqarı həvalə etmək yaxşı təşəbbüs olardı.
- Sənətsevrlərin daha çox hansı işlərə tələbatı var?
- Hər insanın öz zövqü, öz şövqü var. Ancaq bir detal var ki, həm bizim vətəndaşlarımızı, həmçinin əcnəbiləri maraqlandırır – bu, bizim öz dəyərlərimizi əks etdirən əsərlərdir.
İndilərdə müasir konseptual sənət dəbdədir. Bizdə bir neçə il mərhum professor, sənətşünas Leyla Axundzadənin kuratoru olduğu "Aluminiy” beynəlxalq biennalesi keçirildi. Bizim art-qalereyamız müxtəlif ölkələrdən olan rəssamların qatıldığı bu modern-layihəni dəstəklədi. Hərçənd sənətin hüdudları yoxdur fikrini səsləndirmək dəbdə olsa da, mən bununla razı deyiləm. Mən sənəti dəyərləndirirəm, ancaq xalqın əxlaqi prinsiplərini əks etdirən sənəti.
- Sənət dünyası artıq sənayeyə çevrilib. Bu o demək deyilmi ki, sizin işinizdə əsas vurğu kommersiyaya, yaxşı menecmentə əsaslanmalıdır? Hansı problemlərlə üzləşirsiniz?
- Mən uzun illərdir Azərbaycan rəssamlığının təbliğatı ilə məşğul oluram və heç bir zaman kommersiya barədə düşünməmişəm. Ancaq işləmək getdikcə çətinləşir: qalereyanın bildiyiniz kimi öz xərcləri var. Bundan başqa, biz vergi ödəyirik, giriş isə bizdə sərbəstdir. Mən dəfələrlə bu problem barədə danışmışam. Bugünlərdə istənilən konseptual layihələr üçün istənilən qədər vəsait ayrılır, ancaq biz ölkəmizin imicinin göstəricisi olan sərgilərin keçirilməsində çətinliklərlə üzləşirik. Rusiyada, Baltikyanıda, Gürcüstanda belə bir prinsip var ki, yerli idarəetmə orqanı və yaxud hansısa rəssamın özü sərginin keçirilməsi barədə qalereyaya müraciət edə, bundan ötrü müəyyən məbləğ ödəyə bilər. Keçmiş illərin, hətta sovet təcrübəsindən yararlanıb sənət insanlarını dəstəkləyən humanitar fond da açmaq olardı, beləliklə, musiqiçilər, rəssamlar, artistlər müraciət edə bilərdilər.
Həmçinin rəssamların işlərini xaricə göndərmək problemi də həll olunsa yaxşı olardı, bunu əcnəbi ölkələrdə olduğu kimi qalereyalara ərizə-sertifikatlar verməklə yoluna qoymaq olar.
- Rəssamlarla aranızda konfliktlər olurmu?
- Allaha şükür, ətrafımda olan yoldaşlarımla indiyədək aramızda belə şeylər olmayıb. Əksinə, qalereyaya işlərini gətirən rəssamlar əksərən qiymət barədə bir kəlmə də demirlər. Bu aramızdakı etibarın göstəricisidir. Bundan başqa, biz rəssamlarla qalereyamızda və ya başqa bir məkanda bir yerə toplaşır, yaradıcı məsələlərdən danışırıq.
- Təzə başlayan qalereyaçı nəyi bilməli və bacarmalıdır?
- O, qalereyanın istiqamətindən asılı olmayaraq, az da olsa incəsənət haqda məlumatlı olmalıdır: hesab-gəlir işlərini yaxşı görməlidir və öz işini sevməlidir.
- Sizin üçün nə dəyərlidir və həyatda nəsiz keçinə bilməzsiniz?
- Mən özümü muğamsız, Vaqif Mustafazadənin musiqilərisiz təsəvvür edə bilmərəm. Əzim Əzimzadənin, Seyid Əzim Şirvaninin, Bəhruz Kəngərlinin, Səttar Bəhlulzadənin yaratdığı obrazları çox qiymətləndirirəm, onlar mənim mənəvi qidamdırlar. Təbiəti çox sevirəm, müxtəlif situasiyalarda insanların davranışlarını müşahidə etməyi sevirəm. Siz mənim "Misgər” və "Lənkəranlı qadın” işlərimi görmüsünüz: birincisi, mənim Lahıca səfərim zamanı baş tutub, ikincisi isə mənim kiçik vətənimlə əlaqədardır, mən Lənkarının Boladı kəndində doğulmuşam, ancaq şüurlu həyatımı Bakıda keçirmişəm. Tarixlə maraqlanıram. Türkiyədə olanda Efes xarabalıqları arasında, Nəmrud dağı yaxınlığındakı daş abidələr arasında gəzməyi sevirəm. Azərbaycanda İçəri Şəhər, Qobustan, Atəşgah, Qala qədim kəndi, Şəki, İsmayıllı rayonu kimi çox gözəl məkanlar var, buraları çox sevirəm və tez-tez baş çəkirəm. Şəkil çəkirəm, dağ çaylarından, qırmızı kərpicdən tikililəri, bütün bu bənzərsiz gözəllikləri çox sevirəm.
- Sizin qalereyanın tamaşaçılarını hansı maraqlı layihələr gözləyir?
- Yuxarıda sadaladığım çətinliklərə baxmayaraq, bizim çoxlu ideya və planlarımız var. Son 20 ildə ilk dəfə olaraq, özümün rəsm və qrafik işlərimin sərgisini keçirmək istəyirəm, bunlar əsasən, peyzajlar, natürmotlar, portretlərdir. Azərbaycan kuklalarından ibarət sərgi keçirmək planı var. Məlik Məmmədovun təkcə nar obrazlarından ibarət sərgisini keçirmək istəyirəm. Esmeralda xanımın Novruz mövzusundakı ənənəvi sərgiləri davam etdirmək istəyirəm. Yaxın planlarda Rusiya səfirliyinin məsləhəçisi Olqa Qladkovanın "Təşəkkür, Bakı” sərgisini keçirmək niyyətimiz var.
- Gələcəyə nikbin baxırsınız?
- Mən böyük ümidlərlə yaşayıram ki, yaxın gələcəkdə torpaqlarımız, Qarabağ qaytarılacaq... Ümid edirəm ki, sevimli işimi davam etdirəcəm, kültürümüzü, sənətimizi təbliğ etməkdə davam edəcəm.
Mən inanclı insanam, üzərimdə hər zaman Allahın əzəmətini hiss edirəm, onun iradəsinə təslim oluram və bilirəm ki, kainatda baş verənlərin hamısı onun iradəsiylə həyata keçir. Bizim qalereyamızdakı divarlardan birində ziyarətçilər dahi şeyx Nizami Gəncəvinin çərçivəyə salınmış ölümsüz misralarını oxuya bilərlər. Qalereyamıza baş çəkən mənən paklaşarsa, təmizlənərsə, daha yaxşı insan olarsa, mənə başqa şey lazım deyil, demək mən düzgün yoldayam.
Materialı Bəhram Bağırzadə təqdim edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !