XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

10:39 | 19.01.2023
Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 149 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına cavab olaraq Azərbaycan xalqının keçirdiyi kütləvi etirazları və başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra 21 yanvar 1990-cı il tarixində, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pislədi, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.

33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.

Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb