​XİN: Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur

15:33 | 14.08.2015
​XİN: Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur

​XİN: Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunus barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibət bildirib. 

"Report”un xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırıb: 

"Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur. Lakin, qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir. Azərbaycanda akkreditasiya olmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub. Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın "Charite” xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub”.

H.Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan Azərbaycan dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib. ATƏT Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ da bu barədə məlumatlıdır: "Azərbaycan Respublikasının konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, fundamental hüquq və azadlıqlar və qanunun aliliyinin təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti