Xüsusi təyinatlımız: “Düşmənin kəşfiyyat taborunu bir həmlədə məhv etdik” – MÜSAHİBƏ (FOTOLAR+VİDEO)

10:06 | 24.06.2018
Xüsusi təyinatlımız: “Düşmənin kəşfiyyat taborunu bir həmlədə məhv etdik” – MÜSAHİBƏ (FOTOLAR+VİDEO)

Xüsusi təyinatlımız: “Düşmənin kəşfiyyat taborunu bir həmlədə məhv etdik” – MÜSAHİBƏ (FOTOLAR+VİDEO)

"Yuxarı komandanlıq tərəfindən qarşımıza qoyulan tapşırıq düşmənin Gülüstan kəndi istiqamətində yerləşən strateji əhəmiyyətli kəşfiyyat taborunu şəxsi heyəti ilə birlikdə məhv etməkdən ibarət idi”. 

"Mənim silah yoldaşlarım, qardaşlarım orada şəhid olub. Bu şəhidlik zirvəsinə mən də ucalmaq istəyirdim... XTQ-nin bir devizi var. Heç vaxt əsir düşmə”.

Qazi Elvin İbadov 1988-ci ildə Tovuzun Alakol kəndində dünyaya göz açıb. Ömrünün 12 ilini XTQ-də Vətənə xidmətə həsr edib. O, bir çox beynəlxalq təlimlərdə iştirak edib, yoldaşları ilə birlikdə daim birinciliyə imza atıb. Uğurlarının sayı-hesabı yoxdur. Danışmaqla bitməz... 

- Aprel döyüşlərində sizə hansı tapşırıq verildi? Verilən əmri necə yerinə yetirdiniz?


- Bildiyimiz kimi mənfur düşmənlərimiz, Ermənistan ordusu tez-tez atəşkəs rejimini pozaraq, təmas xəttində olan kəndlərimizi gülləbaran edirdi. Dəfələrlə Ermənistana xəbərdarlıq edilməsinə baxmayaraq, onlar yenə də dinc sakinləri atəşə tuturdu. Həmin gün isə düşmənin təxribatları daha da intensivləşdi. Cəbhə xəttində geniş miqyasda qoşunları toplayan düşmənın məqsədi, artıq yalnız dinc sakinlər deyil, ərazilərimizə soxulub irəliləmək idi. Və təbii ki, biz buna göz yuma bilməzdik. 

İlk növbədə bizi narahat edən məsələ dinc sakinlərin təhlükəsizliyini təmin etmək idisə, ikinci məsələ daha önəmli və vacib hesab olunurdu. Çünki düşmən irəliləsə idi, nəinki dinc sakinlərin həyatı təhlükədə qalardı, evləri yağmalanar, övladları girov düşərdi. Buna dözmək isə mümkün deyil.

Döyüşlər zamanı yuxarı komandanlıq tərəfindən qarşımıza qoyulan tapşırıq düşmənin Gülüstan kəndi istiqamətində yerləşən strateji əhəmiyyətli kəşfiyyat taborunu şəxsi heyətlə birlikdə məhv etməkdən ibarət idi. Biz düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuraraq buna da nail olduq. Buna nail olduğumuz üçün də Talış kəndi istiqamətindəki yüksəklikdə bayrağımız dalğalandı. 

İndi düşmən yalançı informasiyalar yayaraq guya kənddə yaşayış olduğunu göstəməyə çalışır, amma bu belə deyil. Həmin ərazilər Talışı ovuc içərisində saxlayır. Onların nəinki özü, itləri də ərazidə gəzə bilməz. 

Bildiyimiz kimi, döyüşün ilk saatlarındaca düşmən ordusu qarşınızda tab gətirə bilməyib. Az da olsa döyüş zamanı düşmənin müqavimətini təsvir edərdiniz.


- Onlar bilirdilər və hazırda da yaxşı bilirlər ki, bu torpaqlarda müvəqqətidirlər. Biz əks-hücuma keçəndə, düşmən dərinliyində "işləyəndə” onların postunda demək olar ki, əsgər yox idi. Açığı deyim, üzr istəyirəm, bir müqəvvanı qoyublar posta və yanında da işıq yandırıblar ki, guya burada bir nəfər əsgər durur. Bu isə o deməkdir ki, onların postlara qoymağa şəxsi heyəti, canlı qüvvəsi çatışmır. Əksər hallarda isə mülki şəxslərdən, yaşlı kənd əhalisindən istifadə edirlər. 

Beləliklə, əməliyyat zamanı da məlum oldu ki, düşmən postlarda az sayda əsgər saxlayır, bir çox hallarda postlar boş qoyulur. Sadəcə hər dəfə gəlib, postlardan təxribat xarakterli bir-iki güllə atırlar. 

- Ələ keçirilən düşmən postlarında nə ilə qarşılaşdınız? Müəyyən məlumatlara görə, düşmən ölən hərbçilərinin meyitlərini aparmağa gəlməyib. 


- Aprelin 4-ü səhər saatlarında, biz onların postuna girib darmadağın etdik. İnanın arxlarına baxmadan qaçırdılar. Qıraq postu isə artıq bizim artilleriya vurmuşdu. Doğrudur, onların meyitləri üç gündür orada qalmışdı. Meyitlərini gəlib öz itləri yalayırdı. Meyitləri elə orada qalıb iylənirdi. 

Bu Ermənistan ordusunun öz əsgərinə, hərbi qulluqçusuna qoyduğu hörmət idi. Və əslində başqasının torpağını işğal edən və həmin orduya qulluq edən hərbçinin aqibəti bu cür də olmalı idi. Biz Vətənimizi qorumağa and içmişik. Bəs onlar nəyə and içib? Uzun illər xəstə təxəyyüllə yaşayan düşmən, heç Arsax sözünün mənasına varırmı.. Bu sözün mənası Ər Saklar deməkdir ki, o da türklərə - yəni bizim əcdadlarımıza deyilən kəlimə idi. 

- İnanıram ki, XTQ üzvünün ideoloji baxımdan bu dərəcədə bilgili olmağı mütləq döyüşdə də özünü göstərib. Döyüşlərin şiddətlənməsi sektorlara uyğun dəyişə bilərdi. Sizin, yəni XTQ qüvvələrinin cavabdeh olduğu ərazidə döyüşlər nə zaman şiddətləndi?


- Aprelin 4-də səhər saatlarında ən gərgin döyüşlərimiz başladı. Yüksək rütbəli zabitlərimiz səngərlərdə bizim yanımızda, bizimlə birgə vuruşurdular. Bu böyük şərəf idi. Döyüşlərdə polkovnik Vüqar Yusifov, Raquf Orucov, Nurlan Abdullazadə, Sahil Şirinov, Təbriz Əsgərov, Elnur Əliyev, Murad Məmmədov şəhid oldular. Hər biri qəhrəmanlıqla irəli atılaraq şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun, ailələrinə də səbr diləyirəm. 

Şəhidlik zirvəsi hər insana qismət olmur. Mən də bir XTQ mənsubu kimi arzu edirdim ki, mənə də şəhidlik zirvəsi qismət olsun. Mənim silah yoldaşlarım, qardaşlarım orada şəhid oldu. Bu şəhidlik zirvəsinə mən də ucalmaq istəyirdim. Qismət... Yanımızda əlbəttə ki, yoldaşlarım şəhid olanda mən daha da qürurlandım, daha da silaha sarıldım. Yoldaşlarımın qisasını almaq üçün içim yanırdı. 

- Üzbəüz döyüşdə məsafəniz nə qədər idi ?

50-60 metr məsafədə üzbəüz döyüş gedirdi. Özü də elə bir döyüş oldu ki, onu təsəvvür eləmək çətindir. Burada mən danışsam da sizə fikrimi çatdıra bilmərəm. Amma orada elə bir döyüş oldu ki, sənin yoldaşın yanında şəhid olur, sən can atırsan ki, düşməni məhv edəsən... Bunu anlatmaq həqiqətən də çətindir. Səni yalnız bir şey düşündürə bilər. Düşmən necə olmalıdırsa qaçmalı, məhv edilməlidir. Onlar qaçmağa məcbur idilər. Görürdülər ki, rəşadətli Azərbaycan Ordusu gəlir. Ona görə də məcbur qaçırdılar...

- Allah şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də çox ağır vəziyyətdir. Lakin əsas məsələ qarşıya qoyulan tapşırığı həyata keçirmək idi. Zirvəni nə vaxt fəth edib, bayrağı ora sancdınız?


- Zirvəni elə aprelin 4-də fəth etdik. Bəli Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı oraya sancıldı. Şəhidlərimizin az da olsa ruhu dincəldi. Bunun nə hiss olduğunu mənimlə yanaşı çiyin-çiyinə döyüşən qardaşlarım bilə bilər. Şanlı bayrağımız Vətənimizin, torpağımızın, şəhidlərimizin şərəfinə dalğalanırdı. Əminəm ki, şəhid komandirlərimiz də bizimlə birgə ona baxırdılar. 

- XTQ üzvlərinə "səssiz ölüm qrupu” da deyirlər... Bu ad haradan qaynaqlanır?

Erməni əsgərinə göstərdik ki, necə səssiz-səmirsiz onların başının üstünü kəsə bilərik. Heç özlərindən xəbərləri olmurdu ki, necə səssiz erməni əsgərləri yoxa çıxır? Məhz buna görə XTQ üzvlərinə "səssiz ölüm makinası” deyirlər.

- XTQ üçün xüsusi bir deviz varmı?


- XTQ-nin bir devizi var. Heç vaxt əsir düşmə.

- Elvin İbadov ehtiyac olsa yenidən Vətənin müdafiəsi üçün silaha sarılacaqmı? 

- Ermənilər düşünməsinlər ki, Qarabağ müharibəsində vaxtı uzadacaqlar. İnşallah Ali Baş Komandan döyüşə əmrini verəndə bir Qarabağ qazisi, bir Qarabağ döyüşçüsü olaraq hər zaman əldə silah Vətənin müdafiəsinə qalxacağam.

Hazırda bu istəyə qazimizlə birgə səbri tükənmiş hər bir azərbaycanlı çatmaq istəyir. Qarabağ münaqişəsinin iki həll yolu var, düşmən ya sülhlə ərazilərimizi tərk edəcək, ya da müharibə ilə məğlub edilərək qovulacaqlar. Biz də Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı və səbr diləyirik... 

Müsahibənin bir hissəsini videodan da izləyə bilərsiniz:


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti