“Yanan bina” ilə bağlı istintaq niyə yekunlaşmır?

17:05 | 23.11.2015
“Yanan bina” ilə bağlı istintaq niyə yekunlaşmır?

“Yanan bina” ilə bağlı istintaq niyə yekunlaşmır?

"Bu hadisəyə görə məsul şirkət, binaya həmin materialdan üzlük çəkən şəxslər, hər kəs məlumdur. Belə bir halda yanan bina ilə bağlı istintaqın bitməməsi mənim üçün də müəmmalıdır”

Azadlıq prospekti, 200 ünvanında baş vermiş yanğın hadisəsindən 6 ay vaxtın keçməsinə baxmayaraq nə istintaq bitib, nə məhkəmə başlayıb, nə də kimsə cəzalandırılıb. Bununla bağlı ANN.Az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli qanunla istintaqın maksimum müddətinin olduğunu deyib: "Yalnız lazımi əsaslar göstərilən zaman istintaq müddəti uzadılır. Amma yanan bina ilə bağlı hər şey ortadadır. Yəni  penoplast üzlüklərlə bağlı sifarişçi kim olub, kimlər icra edib və s. Hər şeyin ortada olmasına baxmayaraq, istintaqın nə üçün uzadılması mənə bəlli deyil”.

Ə.Məmmədli qeyd edib ki, amma ötən müddətdə bina əsaslı təmir olundu və orada yaşayan əhali binaya köçüb: "Yəni bu binada artıq istintaqa lazım olan sübut, dəlil qalmayıb”. 

Hüquqşünas əlavə edib ki, yanan bina ilə bağlı istintaqın yekununu məhkəmə başlayandan sonra bilmək mümkün olacaq: "İndiki halda biz yalnız fərziyyələr ortaya qoya bilərik. Amma istər-istəməz indiki halda şübhə yaranır ki, bu məlum hadisədən 6 ay keçib, niyə bu müddət ərzində istintaq yekunlaşmayıb? Uzun müddətli də olsa, istintaq müddətinin başa çatmasını gözləməliyik”.

Yanğın hadisəsinin şahidi və yanan bina sakini Zəmanət Daşdəmirov istintaq müddətinin uzadılmasını vətəndaşalara dəymiş ziyanın aiddiyyatı orqanlar tərəfindən ödənilməməsi ilə əlaqələndirib: "Yanğından sonra dəymiş ziyanla bağlı sakinlərinin ifadələri alındı, qiymətləndirmə aparıldı. Amma indiyə qədər həmin ziyan müqabilində kompensasiya ödənilməyib. Bizim bildiyimizə görə, kimlərsə ödəmədən boyun qaçırırlar. Ola bilsin ki, buna görə də istintaq işləri gecikdirilir”.

Yanan binanın digər sakini İlahə Allahverdi istintaqın uzun çəkməsini səhlənkarlıqla əlaqələndirib:  "Necə ki bizi keyfiyyətli mebellər, keyfiyyətli təmir ediləcəyi ilə əlaqələndiriblər və elə istintaqı da o cür aparırlar. Təmir aparılsa da, onun keyfiyyətindən söz gedə bilməz. Artıq indidən bir mənzillərdə çatlar əmələ gəlib, istilikdən isə söhbət belə gedə bilməz. Sakinlərin başı evinə, digər sosial problemlərinə elə qarışıb ki, nə istintaq yada düşür, nə də məhkəmə”.

Bina sakininin sözlərinə görə, istintaqın uzadılmasının digər səbəbi tədqiqatçıların, müstənqinlərin kifayət qədər dəlil toplaya bilməməsidir.

Məsələyə rəsmi münasibət öyrənmək üçün ANN.Az-ın əməkdaşı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib.  Mətbuat xidmətindən bir saatdan sonra təkrar əlaqə saxlamaq məsləhət görülsə də, sonradan telefon zənglərimizə cavab verən olmadı. 

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM