Yağışda yol qəzalarından necə qorunmaq olar?

19:17 | 21.10.2014
Yağışda yol qəzalarından necə qorunmaq olar?

Yağışda yol qəzalarından necə qorunmaq olar?

Və ya yağışın doğurduğu təhlükələrdən xəbəriniz varmı?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yağışlı yollarda avtomobil idarəsi zamanı yaranan təhlükələr və onlardan sığortalanmanın yolları barədə məsləhətlərini verib.

Payız yağışlarının başlanması ilə ölkə yollarında qəzaların sayı da artdı. Hətta öz ağırlığına görə tarixə düşə bilən faciəli qəzalar da baş verdi. Qəzaların belə artmasının və ağır nəticələr doğurmasının əsas səbəbi bəzi sürücülərin yağışlı havada avtomobili idarə etmə ilə bağlı tələbləri nəzərə almamasıdır. Yağışlı havada başlıca olaraq aşağıdakı üç istiqamətdə yol hərəkəti şəraiti və avtomobillərin normal idarə edilməsi çətinləşir. Sürücülər bunları mütləq nəzərə almalıdırlar.

1. Əsas nəzərə alınmalı məsələ islanmış asfaltın ilişməsinin pisləşməsidir. İlişmə həm avtomobilin normal hərəkətini, həm də və ən başlıcası normal tormozlanmanı təmin edir. Yol yaş olanda ilişmə pisləşdiyindən avtomobilin yanacaq sərfiyyatı artır və avtomobil quru yoldakı kimi sürət götürə bilmir. Ona görə də yağıntılı havada avtomobili çox qovmaq olmaz. Bir qədər asta sürmək lazımdır.

Amma təhlükəsizlik üçün ən ciddi təhdid yağışlı havada tormozlanmanın pisləşməsidir. Sadə bir hesablamanı diqqətinizə çatdırıram. Quru təmiz asfaltda şinlərin yolla ilişmə əmsalı təxminən 0,7 götürülür. Yaş asfaltda isə bu əmsal 0,4-ə bərabər olur. Bunun nə demək olduğunu anlamaq üçün bircə fakt yetərlidir: normal texniki vəziyyətdə olan minik avtomobili quru təmiz asfaltda 60 km/saat sürətlə hərəkət edərkən sərt tormozlanma yolu ilə dayanma məsafəsi təxminən 38 metrdir; həmin minik avtomobili eyni sürətdə yaş asfalt üzərində hərəkət edərkən sərt tormozlanma zamanı dayanma məsafəsi təxminən 53 metrdir. Göründüyü kimi, asfaltın sadəcə yaş olması dayanma məsafəsini 40 %-ə qədər artırır. Yağışlı havada qəza törədən sürücülərin ən kobud səhvi məhz bu amili nəzərə almamaqdır. Bu o deməkdir ki, yağışlı havada sürət mütləq azaldılmalıdır, ara məsafəsi isə daha böyük götürülməlidir. Həm də nəzərə almaq lazımdır ki, yollarda yağışdan qabaq toz və qurumuş palçıq da olur. Belə vəziyyətdə olan asfalt islandıqda həmin toz və palçıq çox sürüşkən təbəqə əmələ gətirir. Bu isə tormozlanmanı bəzən qarlı-buzlu yoldakı qədər pis vəziyyətə gətirir. 

2. Yağış suyu avtomobilin şüşələrinin və arxanı göstərən güzgülərinin səthində qalaraq sürücü üçün görünməni əhəmiyyətli dərəcədə pisləşdirir. Gecə vaxtı hərəkət zamanı görünmə lap pis olur. Çünki avtomobilin şüşələri üzərindəki su təbəqəsində sınan kənar işıq şüaları bəzən hətta sürücü üçün yolun müəyyən istiqamətlərini görünməz edir. Yoldan sıçrayan narın palçığın avtomobilin faralarının üstünü örtməsi nəticəsində işıqlanmanın da xeyli dərəcədə pisləşdiyini nəzərə aldıqda yağışlı havada gecə vaxtı avtomobil sürməyin daha təhlükəli olduğu aydın olur. Ona görə də sürücülər yağışlı havada daha diqqətli olmalı, yolu və yol şəraitini daha dəqiq nəzarətdə saxlamalıdırlar. 

3. Məlumdur ki, yolların hər yeri düz deyil və xırda da olsa çala-çökəklər mövcuddur. Avtomobilin hərəkət sürəti nisbətən yüksək olduqda qəflətən yoldakı gölməçəyə yığılmış suya girən təkər asfaltla toxunmanı bir anlığa itirə bilir. Belə halda təkərlə asfalt arasında qalan su təbəqəsi ilişmənin sıfıra bərabər olması deməkdir. Başqa sözlə, avtomobilin həmin halda təkəri təxminən havada olduğu kimidir. Ona görə də bu vəziyyətdə avtomobilə azacıq tormoz verilməsi, yaxud sükanın azacıq da olsa döndərilməsi ani olaraq onun idarəetmədən çıxmasına səbəb olur. Nəticədə avtomobil ya aşır, ya da yolun kənarındakı maneəyə və ya yolda olan başqa nəqliyyat vasitələrinə çırpılır. Ona görə də yolda az miqdarda su yığıntısı olsa da, həmin yerdə sürəti azaltmaq lazımdır. Belə vəziyyət döngələrdə, yolayrıclarının yaxınlığında və başqa təhlükəli yerlərdə yarandıqda xüsusilə diqqətli olmaq lazımdır. 

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb