Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda göstərilib ki, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasında əsas məqsəd nədir? Mərkəz hansı işləri həyata keçirəcək? İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının və.b qurumların olmasına baxmayaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb. Bu Mərkəzin yaranması digər aidiyyatı qurumların işinə təsir edəcəkmi?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasında əsas məqsəd nədir? Mərkəz hansı işləri həyata keçirəcək? İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatasının və.b qurumların olmasına baxmayaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb. Bu Mərkəzin yaranması digər aidiyyatı qurumların işinə təsir edəcəkmi?
Bu sualları ANN.Az-a millət vəkili Vahid Əhmədov, iqtisadçı ekspertlər Oqtay Haqverdiyev və Natiq Cəfərli şərh etdilər.
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi faktiki olaraq Azərbaycanın beyin mərkəzi olmalıdır” – Vahid Əhmədov
Millət vəkili Vahid Əhmədovun fikrincə, mərkəzin yaradılmasına ehtiyac var idi: "Çünki prezident İqtisadi İslahatlar üzrə köməkçi vəzifəsini yaradıb, Natiq Əmirovu özünə bu sahədə köməkçi təyin etmişdi. Çox ciddi şəkildi iqtisadi və struktur islahatlarına start verilib. Müəyyən fərman, sərəncamlar verilib, qanunlarda dəyişikliklər edilib. Bu proseslər gündəlik şəkildə gedir. Amma ümumi cəhətdən strateji işləri aparmaq, prespektivləri müəyyənləşdirmək, dünya praktikasını daha yaxından öyrənmək, islahatları aparmaq üçün bu mərkəzin yaradılması vacib idi. Bu mərkəzə savadlı kadrlar, xaricdə təhsil alan gənclər cəlb edilməli, bu işdən daha yaxşı başı çıxan, təhlil etməyi bacaran şəxslər dəvət edilməlidir".
Deputatın sözlərinə görə, nazirlik və qurumların hər birinin öz işi var: "Nazirliklər hər birinin öz funksiyası var. Ümumi strategiya və islahatlarla əlaqədar olaraq, belə bir mərkəzin yaranmasına ehtiyac var idi. Sovet dövründə Dövlət Plan Komitəsi olmasına baxmayaraq, onun tərkibində İqtisadiyyat İnstitutu da vardı. Bu İnstitut strategiyanı hazırlayırdı. Yeni Yaradılan "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”də bu işləri həyata keçirəcək. Bu mərkəz faktiki olaraq Azərbaycanın beyin mərkəzi olmalıdır”.
"Elmi əsasları olan bir mərkəz yaradılmalı idi” - Oqtay Haqvediyev
İqtisadçı Oqtay Haqvediyev belə bir mərkəzin yaradılması üçün iki il bundan öncə təklif irəli sürdüyünü dedi: "Yeni yaradılan mərkəz bir növ ictimai qurum kimidir. 2 il bundan qabaq bu təklifi vermişdim ki, Azərbaycanda 5-6 yaxşı iqtisadçı, sosioloq, siyasətçilər toplaşıb belə bir qurum yaratsınlar. Nəhayət belə bir mərkəz yaradıldı”.
"Çətinliklə də olsa indiyə qədər iqtisadi sahədə yollar keçib, naliyyətlər əldə etmişik. Ancaq bunların hamısı kortəbii şəkildə, elmi əsasları olmayan yollarla həyata keçirilib. Şükürlər olsun hələ heç bir şey dağılmayıb. Amma bundan sonra başa düşdük ki, tək neftin arxasınca gedib nəsə etmək mümkün deyil. Buna görə də elmi əsasları olan bir mərkəz yaradılmalı idi. Mərkəzin yaranması zəruri idi və vaxtında da yaradıldı” – deyə O.Haqverdiyev bildirib.
Ekspert mərkəzin həyata keçirəcəyi işlərdən söz açıb: "Mərkəz ölkədə olan iqtisadi sosial durum, eləcə də dünyada gedən proseslərin hamısını təhlil edib, daha sonra iş görəcək. Bu vaxta qədər müəyyən dövlət qurumları, prezidentin yanında, nazirliyin yanında olan vəzifəlilər bu işi həyata keçirirdilər. İndi isə bunu Mərkəzin özü həyata keçirəcək”.
"İqtisadi islahatlarla bağlı analitik qrup var, bəs onun fəaliyyəti nədən ibarət olacaq?" – Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli qurumun yaradılmasında məqsədin iqtisadi islahatların təhlilini aparmaq olduğunu dedi: "Problem odur ki, Azərbaycanda iqtisadi islahatların proqramı yoxdur. Bu planın xəritəsi hələ də təyin olunmayıb. Nə bank sektorunun, nə ictimaiyyətin heç kimin xəbəri yoxdur ki, Azərbaycan hökumətinin hədəfləri nədir? İqtisadi islahatları hansı yolla aparmaq istəyir? İqtisadi islahatların özünün yol xəritəsi hazır olsaydı, belə bir mərkəzin yaradılması daha düzgün olardı. Bundan başqa, indiki vaxtda mərkəzin yaradılması paralelliyə səbəb olacaq. Çünki İqtisadi İnkişaf Nazirliyinin tərkibində olan iqtisadi islahatlarla bağlı analitik qrup var, bəs onun fəaliyyəti nədən ibarət olacaq? Yoxlamaq lazımdır, bu qurumlar bir birinin işini təkrarlayacaq, təkrarlamayacaq? Təəssüf, bu haq heç bir məlumat yoxdur.. Yeni yaradılan mərkəz aylıq və ya illik hesabatlar hazırlayaraq həm prezidenti, həm də ictimaiyyəti məlumatlandırmalıdır ki, hansı yöndə addımlar daha effektiv ola bilər. Və yaxud hansı yöndə səhvlər buraxılıb. Bu səhvlərin buraxılmasının əsas səbəbləri nədir? Təəssüf ki, islahatlar paketinin özü yoxdur, ancaq onu montorinq edən qurum yaradılır".
Ekspert mərkəzin görməli olduğu işləri də diqqətə çatdırdı: "İqtisadi islahatların təhlili, problemlərin yaranmasının təsbit olunması və müəyyən iqtisadi təkliflərin deyilməsi və.s-dən ibarət olmalıdır. Ancaq islahatlar paketinin özü yoxdursa, bu mərkəz nəyi təhlil edəcək? Bu, əsas sual doğuran məsələlərdən biridir”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !