Yezidi kürdlərin Qarabağa köçü realdırmı?

12:10 | 26.08.2014
Yezidi kürdlərin Qarabağa köçü realdırmı?

Yezidi kürdlərin Qarabağa köçü realdırmı?

Tahir Süleyman: “Onların ziyalıları ilə yazışmalarımda buna əmin olmuşam ki...”

İraq və Suriyadakı yezidi kürdləri ermənilər Qarabağa yerləşdirmək istəyir. İslamazeri.az-ın verdiyi xəbərə görə, Ermənistan Yezidi Kürdlər Birliyinin rəhbəri Əziz Tamoyan bildirib ki, Ermənistan hakimiyyəti və qeyri-hökumət təşkilatları yezidiləri köçürmək üçün vəsait də ayırıblar.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərinə başqa ölkə vətəndaşlarının, xüsusən də ermənilərin və yezidi kürdlərin köçürülməsi hazırda Ermənistanın xüsusi diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir. Artıq Suriyada baş verən məlum olaylar fonunda müəyyən sayda Suriya ermənisi Dağlıq Qarabağa köçürülüb. Onların daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir.

Bu dəfə isə İraqdan qaçqın düşmüş yezidilər Dağlıq Qarabağda yerləşdirilə bilər. Separatçı rejimin “mətbuat katibi” David Babayan bununla bağlı bildirib: “Biz hesab edirik ki, baş verənlər həm də erməni xalqına aiddir. Hazırda İraqda yezidi kürdlərlə bağlı baş verənlər faciədir. Biz bunu başa düşürük və bu yaranı onlarla bölüşürük. Yezidlər həmişə bizimlə birgə olublar, Ermənistanda olan yezidi kürdlər heç vaxt ölkənin problemlərinə biganə yanaşmayıblar, Qarabağ müharibəsində də fəal iştirak ediblər. Biz Qarabağ müharibəsinin veteranları olan yezidi kürdlərlə fəxr edirik. Dağlıq Qarabağ hər zaman onları qəbul etməyə və öz ərazisində yer verməyə hazırdır”. 

Onu da xatırladaq ki, Ermənistanın özündə də yezidi kürdlərinin sayı az deyil. Həmin kürdlər də Ermənistan rəhbərliyinin yezidilərə diqqət ayırmasını tələb edir. Ermənistan yezidiləri hesab edirlər ki, hökumət onların İraqda qırılan soydaşlarına yardım etmək üçün əlindən gələni etmir. İndi isə gözlənilir ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan İrəvan hökumət yezidilərin Qarabağa köçünü təşkil etsin. Hazırda əksəriyyəti yezidi kürdlər olan minlərlə adam İraqın şimalında evlərini tərk edərək Suriya ilə sərhəddəki Dohuk bölgəsinə sığınıblar. Belə şəraitdən istifadə edən ermənilər onların işğal altındakı ərazilərimizdə məskunlaşmasına çalışır.

Azərbaycan Kürdləri İctimai Birliyinin rəhbəri Tahir Süleyman deyir ki, yezidi kürdlərin Qarabağda yerləşdirilməsi ermənilərin çoxdankı məkrli planıdır. Lakin bu plan həyata keçmir: “Vaxtilə Sovet KQB-sinin əməkdaşı olmuş Vəkil Mustafayevi sonradan Rusiya KQB-si Laçına aparıb ermənilərin planına uyğun addımlar atmasına nail olmuşdu. Həmin şəxs Laçında ermənilərin planı əsasında Kürdüstan qəzasının yaranmasını elan etmişdi. Vəkil Mustafayevin və ona havadarlıq edənlərin çağırışına heç bir kürd əhəmiyyət vermədi. Bir nəfər də olsun kürd gedib münaqişə ocağı olan və ermənilərin işğalı altındakı Qarabağ ərazilərində məskunlaşmadı. Ağlı başında olan heç bir kürd işğal altında olan və hər an dəhşətli müharibəyə səhnə ola biləcək əraziyə köçməz. O cümlədən yezidi kürdlər də ermənilərin işğalı altındakı Azərbaycan ərazilərində məskunlaşmayıblar və məskunlaşmırlar. Onların Qarabağa köç eləməsi ermənilərin arzusudur. 

Lakin neçə vaxtdır ermənilər bu istəklərini reallaşdıra bilmirlər. İraqda, Suriyada faciəvi vəziyyət yaranıb. Ancaq nə yezidi kürdlər, nə də müsəlman kürdlər bir münaqişə ocağından başqa münaqişə ocağına - Qarabağa köçməzlər. Belə bir köçmə faktı yoxdur. Ermənilər, sadəcə, istəklərini dilə gətirirlər və yezidi kürdləri yalançı vədlərlə həvəsləndirirlər”. 

Yezidi kürdlərin ziyalıları ilə əlaqə saxladığını bildirən T.Süleyman əlavə elədi ki, onların ermənilərin işğalı altında olan Azərbaycan ərazilərinə, hətta Ermənistana köçmək fikirləri yoxdur: “Onların əksəriyyətinin fikri budur ki, beynəlxalq səviyyədə müdaxilə İraqda, Suriyada əmin-amanlıq yaradacaqsa, öz dədə-baba torpaqlarında qalıb yaşayacaqlar. Əks halda, Fransa, Almaniya və digər bir neçə Avropa ölkəsinə köçmələrinə şərait yaradılmasını xahiş edirlər. Yezidi kürdlərin və müsəlman kürdlərin heç biri indiyə qədər nə Ermənistana, nə Azərbaycana, nə Gürcüstana, nə də Rusiyaya bu ölkələrdə yerləşmələrinə şərait yaradılması üçün müraciət etməyib. Separatçıların nəzarətindəki Qarabağa köçməkdən isə ümumiyyətlə, söhbət gedə bilməz. Mən onların ziyalıları ilə yazışmalarımda buna əmin olmuşam. Onlar Azərbaycana normal münasibət bəsləyirlər və Ermənistanı özlərinə dost saymırlar. Ermənistan rəhbərliyi illərdir elə vəziyyət yaradıb ki, bu ölkədə yaşayan yezidi kürdlər kütləvi şəkildə öz ev-eşiklərini tərk edib xarici ölkələrə, Rusiyaya üz tutublar. Yezidi kürdlərə Ermənistanda ögey münasibət var. Nəticədə Ermənistandakı yezidi kürdlərin 70 faizi Rusiyaya və digər ölkələrə köçüb. Azərbaycandan istənilən jurnalist Rusiyaya gedib yezidi kürdlərin aparıcı qüvvələri ilə görüşə və reallığın nədən ibarət olduğunu dəqiqləşdirə bilər. O zaman görəcəksiniz ki, mənim dediklərim tamamilə dəqiq informasiyalardır”.

Musavat.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM