“Yönümüz, üzümüz Elçibəyə...” - Əbülfəz Elçibəy məzarı başında anıldı - FOTOLAR

15:21 | 22.08.2014
“Yönümüz, üzümüz Elçibəyə...” - Əbülfəz Elçibəy məzarı başında anıldı - FOTOLAR

“Yönümüz, üzümüz Elçibəyə...” - Əbülfəz Elçibəy məzarı başında anıldı - FOTOLAR

İsa Qəmbər: “Qələbəyə yaxınıq; ona çatmağın sadə yolu var - mübarizəni davam etdirməliyik”Müsavat Partiyası və KXCP eks-prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfat etməsinin 14-cü ildönümü ilə bağlı onun məzarını ziyarət ediblər. Ziyarətə hər iki partiyanın funksioner və fəalları qatılıb. Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub, məzarı önünə partiyalar adından əklil və gül  dəstələri qoyulub. Ziyarət zamanı “Rəsulzadə-Elçibəy”, “Ən böyük Elçibəy, başqa böyük yox” və bu kimi şüarlar səsləndirilib. Tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. İlk olaraq, çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu 22 avqust tarixini ən kədərli günlərdən biri adlandırıb: “Bu gün ən ağır günlərimizdən biridir. Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən 14 il ötür. Həmin tarixdən başlayaraq, bu ərazi məbədə çevrilib. Bu müddət ərzində bizim çoxlu ziyarətlərimiz olub. Vətəni sevənlərin ən böyük arzusu odur ki, bir gün bu məzarı ziyarət edərək, Əbülfəz bəyin ruhu qarşısında hesabat versinlər. Zəfər bayramının, torpaqlarımızın işğaldan azad olunmasının, demokratiyanın Azərbaycanda bərqərar olmasının hesabatını verək. Hələ ki bu hesabatları vermədiyimizə görə, işlərimiz yarımçıqdır. Bəyin ruhu şad olsun. Biz yalnız sözlərlə bəyin ruhunu şad edə bilmərik. Eyni zamanda əməllərimizlə şad etməliyik. Bu yerdə daim sözlərimizi rahat deyə bilirik. Ola bilsin ki, rahat olmayanlar da var. Onlar da inşallah, rahat olarlar. Sevindirici haldır ki, xəbərimiz olmadan eyni zamanda ziyarətə gəldik. Yüksək enerji alırıq. Gözəl təəssüratlarla bu yerdən ayrılacağıq. Bir daha ruhun şad olsun bəy!”.Daha sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər Əbülfəz Elçibəyin vəfatından keçən 14 il ərzində daim onun məzarını ziyarət etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “14 ildir ki, bu yerə gələrək, üzümüz Elçibəyə dayanırıq. Bəyə yönəlik danışırıq. Bəzən bizimlə gələn dostlarımız səsimizi yaxşı eşitmir. Ona görə istərdik ki, buradakı media nümayəndələri standart cümlələrlə kifayətlənməsinlər. Burada deyilən sözləri cəmiyyətə çatdırmaq lazımdır. Çünki deyilən sözlər hesabat xarakterli sözlərdir. Elçibəyin ruhu qarşısında deyilənlər ölkədəki vəziyyət, xalqın həyatı, gələcək barədə fikirlərdir. Daim arzumuz olub ki, burada qələbə hesabatı verək: “Torpaqlarımız işğaldan azad oldu, ölkəmizdə haqq-ədalət bərqərar oldu”, -   kimi fikirlər səsləndirək. Hələlik bunu deyə bilmədiyimizə görə, üzülürük. Amma ciddi təsəllimiz var. Biz bu hədəflər uğrunda mübarizəni davam etdiririk. Rəsulzadə-Elçibəy yolundayıq. Bu yol ilə getməyin özü qürur mənbəyidir”.Müsavat başqanı Əbülfəz Elçibəyi böyük hədəfləri tərtib edən bir şəxsiyyət adlandırdı: “Elçibəyin ən böyük xoşbəxtliyi hədəflərə çatmasında deyildi, o, hədəfləri müəyyənləşdirməsində idi. Biz də fəxr edirik ki, bu yolu gedirik. Hazırda Azərbaycan çox gərgin dönəmini yaşayır. Ölkədə kütləvi həbslər həyata keçirilir. Əsgərlərimiz şəhid olur. Məhbuslarımızın sayı günbəgün artır. Belə hallar əsasən, 1993-2003-cü illərdə baş verirdi. Ölkədə situasiyanın gərginləşməsi ondan xəbər verir ki, bu məsələlərin həlli yaxınlaşır. Çünki hər hansı bir məsələnin həlli onun gərginləşməsindən sonra baş verir. Ölkəmizdə azadlıq uğrunda mübarizənin ən yüksək  mərhələsindəyik. Əminəm ki, qələbəyə yaxınıq. Buna nail olmağın sadə bir yolu var. Mübarizəni davam etdirməliyik. Mən bu yolla gedənlərə qələbə arzulayıram. Tanrıdan bəyin ruhunun şad olmasını diləyirəm. İnanıram ki, bəyin ruhunun saflığı, bu yolu gedənlərin mübarizəsi nəticəsində biz onun ruhunu şad edəcəyik. Tanrı bu yolda bizə güc versin”.

Ziyarət Azərbaycanın dövlət himninin oxunması ilə yekunlaşıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM