"Yol polisində "gizli patrul" xidmətinin yaradılmasına ehtiyac var?" - AÇIQLAMALAR

16:15 | 03.12.2015

"Yol polisində "gizli patrul" xidmətinin yaradılmasına ehtiyac var?" - AÇIQLAMALAR

"Azərbaycanda yol polisinin özünə ehtiyac yoxdur, o ki qaldı yeni gizli patrul xidmətinin yaranmasına” - bunu ANN.Az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev deyib. 
 
Mahmud Hacıyev 
 
 
Sabiq polis rəisi, polis polkovniki Mahmud Hacıyev gizli patrul xidmətinin yaranmasına heç bir ehtiyac olmadığını deyib: "Polis mülki paltar geyinirsə, o demək deyil ki, o, gizli polisdi. "Gizli polis" tamamilə başqa şeydi. Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyində məxfi əməliyyat xidmətləri var. Məhz gizli polislər bu xidmətlərin əməkdaşlarıdır. Polis mülki geyim geyinirsə, bu o demək deyil ki, o, artıq gizli polis fəaliyyəti ilə məşğul olacaq. İlk olaraq onların fəaliyyəti haqqında qanunvericilikdə nələrin göstərildiyinə baxılmalıdır. Hesab edirəm ki, belə patrullar fəaliyyətə başlayacaqlarsa, bundan sui-istifadə halları daha çox olacaq.  Çünki çoxları özünü polis əməkdaşı kimi sürücülərə təqdim edib, pul ala bilər. Belə halların qarşısını alacaq qabaqlayıcı addımlar atılmalıdır”.
 
 
Mahmud Hacıyev dünyanın əksər ölkələrində xüsusilə MDB və Baltikyanı ölkələrdə yol polis xidmətinin ləğv edildiyini deyib: "Dünyanın bir çox ölkəsində "yol polisi" deyilən xidmət artıq ləğv edilir. Bu sovetlər dönəmindən, kommunist ideologiyası və düşüncəsindən qalan bir qurumdur. Dünyanın sivil ölkələrində yol polisi yoxdur. Polis və kriminal polis var. Onlar həm də yol polisinə aid işləri də görür. Baltikyanı və bəzi MDB ölkələrində demək olar ki, yol polisi xidməti çoxdan ləğv olunub. Gürcüstanda yol polisinin ləğv edilməsi ilə bağlı eks prezident Saakaşvili qərar imzalamışdı. Hazırda qonşu ölkədə bu işi post patrul xidməti yüksək səviyyədə icra edir. Statistikaya nəzər salsaq görərik ki, bu qərardan sonra Gürcüstanda yol nəqliyyat hadislərinin də sayı azalıb”.
 
 
Mahmud Hacıyev Azərbaycanda da yol polisi xidmətinə ehtiyac olmadığını vurğulayıb: "Ona görə də yeni gizli patrulların yaranmasına heç bir əsas yoxdur. Çünki yola nəzarət edəcək yetəri qədər texnika var”.
 
 
 
İlham İsmayıl
 
 
Keçmiş MTN polkovniki İlham İsmayıl da gizli polis patrullarının yaranmasına ehtiyac olmadığını deyib: "Texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda gizli patrul xidmətinin yaradılmasına nə ehtiyac var?. Bundan əlavə gizli polis fəaliyyətə başlayarsa, saxtakarlıq faktları daha da artacaq.  Onsuz da yol polis işçilərinin sayı kifayət qədərdir. Bu quruma əlavə işçi cəlbi uğurlu nəticə verməyəcək. Əksinə, bu sahədə fəsadlar yaradacaq".
 
 
İlham İsmayıl həmçinin avtoxuliqanlıq faktlarının qeyd alınması məsələsi ilə razılaşdığını bildirib: "Amma magistral xətlərdə bu hallara çox da rast gəlinmir. Buna görə də əgər avtoxuliqanlıq faktları baş verərsə, bunun öhdəsindən yol polisi layiqincə gələ bilər. Bunun üçün əlavə bir qurumun yardılmasına ehtiyac yoxdur”.  
 
 
Kamran Əliyev
  
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata açıqlamasında yaxın zamanlarda Azərbaycanda yol polisində gizli patrul xidmətinin tətbiq edilməsinin tərəfdarıdır: "Artıq bizdə də qarışıq və gizli xidmətin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək. Yəni sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər. Azərbaycanda yollarda stasionar postlar, kamera və radarlar var və bunu bildirən müvafiq xəbərdaredici nişanlar quraşdırılıb. Sürücülər onları görəndə avtomobili daha normal və aşağı sürətlə, amma oranı ötüb keçən kimi yenidən yüksək sürətlə idarə edir, bəzən isə "şaşkivari" manevrlərlə, yəni yolda tez-tez sağa-sola keçərək digərlərinin hərəkətinə maneçilik törədirlər. Ona görə bizdə də bu xidmət növlərindən istifadə olunmalıdır".
   
Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM